Azərbaycan-Türkiyə-Rusiya üçlüyü baş tutsa...

Sərdar Cəlaloğlu: “Lavrov kimi simaları önə çəkmək düzgün deyil”; Əhəd Məmmədli: “Rusiya XİN başçısı bu məsələdə açar deyil”
Azərbaycan-İran-Rusiya üçtərəfli formatının baş tutması fonunda Türkiyə-Azərbaycan-Rusiya üçlü formatının alınmaması suallar doğurub. Bununla bağlı siyasi şərhçilərin mövqeləri müxtəlifdir. Son olaraq, politoloq Natiq Miri açıqlamasında bu üçlüyün baş tutmaması səbəbləri kimi bir sıra arqumentləri önə çəkərək, ilk növbədə Rusiyadakı erməni lobbisinin və ölkənin erməni kökənli xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi şəbəkənin rolunu qeyd edib.
ADP sədri Sərdar Cəlaloğlu isə Lavrovun üçlü formatın yaradılmasında əsas mane kimi göstərilməsinin doğru olmadığını düşünür: “Amerika və digər Avropa dövlətlərinin Türkiyə ilə münasibətləri xeyli gərginləşib, baxmayaraq ki, ənənəvi müttəfiqlərdir. Müttəfiqlər Türkiyənin onların kiçik qardaşı olmasını istəyirlər. Türkiyə isə Rəcəb Tayyib Ərdoğan dönəmində Osmanlı gücünü geri qaytarmaq iddiası ilə ortaya çıxıb. Dünya gücü olmasa da, ən azından bölgəsal güc olmaq siyasəti aparır. Buna görə də rəsmi Ankara Kremlə yaxınlaşmaqla müttəfiqlərinə mesaj göndərir ki, Türkiyə ənənəvi müttəfiqlərlə deyil, başqa güclə də müttəfiqlik edə bilər. Rusiya Avropanın PKK-ya verdiyi dəstəkdən də istifadə edərək, onun ən yaxın müttəfiqlərindən biri ilə əməkdaşlıq etməklə revanş edir. Bu da təbii müttəfiqlik deyil. Bu, çox da irəli gedən deyil. Çünki NATO ölkəsi Türkiyə ilə Rusiyanın müttəfiqliyinin çox da irəli getməyəcəyi göz önündədir. Bu baxımdan Lavrov kimi simaları bu kimi yerlərdə və üçlü formatın alınmamasında önə çəkmək düzgün deyil. Türkiyə Rusiya ilə nə qədər müttəfiqlik yaratsa da, Kremlin Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyəcək. Çünki bu münaqişə Rusiyanın Cənubi Qafqazda təsir dairəsini saxlamaq üçün bir vasitədir. Bu bir silahdır, kimsə də müharibədə silahından imtina etməz. Bu baxımdan Rusiyanın Dağlıq Qarabağ məsələsində Türkiyə ilə dostluq naminə hər hansı bir güzəştə gedəcəyini düşünmürəm. Yalnız Rusiya zəifləyəcəyi, imperiya siyasətindən imtina edəcəyi halda, Qarabağ məsələsində müəyyən bir dönüş ola bilər. Azərbaycan-Türkiyə-Rusiya üçtərəfli formatının yaranması mümkündür. Amma bu daimi və möhkəm bir ittifaq kimi yaranmayacaq. Dağlıq Qarabağ hələ Çar Rusiyası dövründə şimal qonşumuzun xarici siyasətinin əsas faktorlarından biri olub. Bunun Lavrova nə aidiyyəti atı var? Qarabağ problemi yaranan vaxt Lavrovun babasının babası da yox idi”.
Politoloq Əhəd Məmmədli üçlü formatın yaranmamasına əsas səbəb kimi Rusiyanın xarici siyasətini göstərdi: “Türkiyə -Azərbaycan-Rusiya üçlü formatına və bu formatın gələcəkdə müttəfiqliyə çevrilməsinə əngəl olan şəxslər deyil , heç erməni lobbisi də deyil, əsas əngəl olan Rusiyanın xarici siyasətidir. Nə qədər ki, Rusiya öz imperiya ambisiyalarından əl çəkən deyil , Türkiyə və Azərbaycanla bu ölkənin səmimi müttəfiqliyindən söhbət gedə bilməz. Rusiya Qarabağı Ermənistandan vaz keçən deyil. Həmçinin Kreml Krımdan, Suriyadan, Qarabağdan vaz keçmədiyi kimi, Türkiyə də bu yerlərdən vaz keçməyəcək. Güzəştlər olmasa, Türkiyə ilə Rusiyanın müttəfiqliyi mümkünsüzdür. Lavrov bu məsələdə açar deyil. Açar Qarabağ, Krım, Suriya məsələləridir. Bu məsələlərin həlli güzəşt və uzlaşma yolu ilə gedir. Suriya məsələsində müəyyən qədər uzlaşma var. İndi əsas Qarabağ məsələsində uzlaşma qalır. Bu isə hələlik mümkün görünmür. Çünki Ermənistan Qarabağı Azərbaycanın tərkibində görmür. Azərbaycan da Qarabağsız özünü görmür. Bu çözümündə bir yolu var, müharibə”.