Səudiyyə Ərəbistanı radikal vəhhabizmdən qurtulmaq istəyir

Vəliəhdin islahatları bölgəyə nə vəd edir?
Səudiyyə Ərəbistanı islahatlara start verib. Prosesin başında isə krallığın 31 yaşlı şahzadəsi Məhəmməd ibn Salman dayanır. Hazırkı kralın oğlu, vəliəhd, eləcə də müdafiə naziri və islahatlar komissiyasının sədri şahzadə Məhəmməd Səudiyyə Krallığının imicini dəyişməyə çalışır.
Ötən ay şahzadə bəyan etdi ki, ölkə “mötədil İslam”a keçir. Britaniyanın “The Guardian” qəzetinə verdiyi müsahibəsində vəliəhd Məhəmməd deyib ki, İrandakı İslam inqilabına reaksiya olaraq Ərəbistanda sərt doktrinalar ölkənin keçmiş liderlərini çarəsiz vəziyyətə salıb. Şahzadə Məhəmməd deyib ki, Ərəbistan vaxtilə olduğu kimi mülayim, bütün dünyaya və dinlərə açıq olan İslama qayıdır".
Şahzadə Məhəmməd bildirib ki, radikal zehniyyəti çox tez bir zamanda məhv etməyə çalışacaqlar. BBC yazır ki, şahzadə Məhəmmədin bu çıxışı onun öz hakimiyyətini möhkəmləndirdiyi və ona dəstək verməyən ruhani liderləri iqtidardan kənarlaşdırdığı bir vaxta təsadüf edir.
Yeri gəlmişkən, son iki ildə Səudiyyə Ərəbistanında “yumşalma” istiqamətində bir sıra addımlar atılıb. Uzun illərdən sonra qadınlara seçkilərdə iştirak hüququ verilib, qadınların avtomobil sürməsinə icazə verilib. Bundan başqa, ötən həftə verilən qərara əsasən gələn ildən Krallıq ərazisində qadınların idman yarışlarına buraxılmasına icazə veriləcək. Dünya ölkələrində çoxdan adiləşən bu addımların Səudiyyə Ərəbistanı üçün xüsusi anlamı var. Məsələ ondadır ki, uzun illər ölkə sərt qanunlarla idarə olunub. Bundan başqa, qadınlara məcburi kişi qəyyumluğu qaydası da ləğv olunub.
Səudiyyə Ərəbistanı islahatlar mərkəzinə rəhbərlik edən şahzadənin ən böyük layihəsi Qırmızı dəniz sahillərində tikiləcək yeni şəhərdir. Şahzadə Məhəmməd ibn Salmanın müəllifi olduğu yeni layihənin adı NEOM adlanır. Bu, latınca NEO (yeni) və ərəbcə M (müstəqbəl, yəni gələcək - K.R.) söz birləşməsindən təşkil olunub, yeni gələcək deməkdir.
NEOM meqalayihəsi Ərəbistanın şimalında, Qırmızı dənizin sahilində, İordaniya, Misir sərhədləri yaxınlığında yerləşəcək. İlkin olaraq 500 milyard dollar investisiya yatırılması nəzərdə tutulan nəhəng layihə əsasında tikiləcək şəhərin ümumi sahəsi 26 min kvadrat kilometr olacaq. NEOM-da peşəkar kadrlar yaşayacaq və işləyəcəklər. Fiziki işi isə sayları şəhər sakinlərindən çox olacaq robotlar görəcəklər. NEOM iqtisadiyyatı üçün prioritet sahələr rəqəmsal texnologiyalar, yeni energetika, bioenergetika və media olacaq. Eyni zamanda yeni şəhərdə dini və sərt şəriət qaydaları işləməyəcək. Qırmızı dəniz sahili boyunca 470 kilometrlik ərazini əhatə edəcək şəhərin çimərliklərində qadın və kişilərin istirahət etməsi mümkün olacaq. Yerli qaydalar ən yaxşı halda Dubay qanunlarına bənzəyəcək.
Ümumilikdə Məhəmməd ibn Salmanın başlatdığı prosesin həm iqtisadi, həm də siyasi məqsədi var. İqtisadi baxımdan ölkə zəngin neft-qaz ehtiyatlarına malik olsa da, son illərdə dünyada neftin qiymətinin kəskin ucuzlaşması gündəlik 10 milyon bareldən (ortalama) çox neft ixrac edən Səudiyyə Ərəbistanına da ciddi zərbə vurdu. Son illərdə böyük həcmdə büdcə kəsirləri yarandı və krallıq valyuta ehtiyatlarında ciddi rəqəmlə ölçülən azalma baş verdi. Tamamilə istehlak cəmiyyətinə çevrilən Səudiyyə Ərəbistanı krallığının neft və qazdan əldə etdiyi gəlirlərin böyük qismi xaricdən mal və məhsul alınmasına xərclənir. Ərəb zənginləri hər il milyardlarla dolları xarici ölkələrin turizm mərkəzlərində xərcləyir. Şahzadə Salmanın yeni layihəsi ilk növbədə turizm və qismən yeni texnologiyaların işlənməsi sahəsində yerli istehsala qoyulan yatırımdır. Bu həm də əsasən neft və qaz satışı ilə tanınan ölkənin imicinin dəyişməsidir.
Siyasi baxımdan bu addımlar ölkənin imicinin dəyişməsidir. Dünya İslam mərkəzi və qatı şəriət dövləti imici artıq səudiyyəlilər üçün də problemə çevrilməyə başlayıb. Qərbdə hökumətlərlə yaxşı əlaqələri qoruyub saxlasalar da, ildən-ilə dünya ictimai rəyində Səudiyyə Ərəbistanına qarşı ittihamlar artır. 2016-cı ilin aprelində ABŞ Konqresinin uzun illər gizli saxlanılan 11 sentyabr hesabatının 28 səhifəlik hissəsinin açıqlanacağı ilə bağlı iddialar dünya mediasında uzun müddət müzakirə olundu. İddialara görə, həmin 28 səhifədə 11 sentyabr terrorunda Səudiyyə Ərəbistanının rolu olub. Bu qanunun yenidən qəbul olunması isə ABŞ vətəndaşlarına (11 sentyabrda maddi və mənəvi zərər görmüş insanlar K.R.) Krallığı məhkəməyə vermək hüququ verirdi. Bu hadisə Vaşinqton və ər-Riyad arasında gərginliyə səbəb oldu. Ərəbistan ABŞ-dakı 750 milyard dollarlıq investisiyasını geri çəkəcəyi ilə hədələdi. Bütün bunlar Səudiyyə Ərəbistanının dövlət kimi imicini ciddi şəkildə zədələdi. Son illərdə hətta ən yaxın müttəfiqi olan Qərb ölkələrində belə Səudiyyə Ərəbistanına qarşı ittihamlar və soyuq münasibət formalaşmışdı. Bu isə ilk növbədə ölkədə hakim olan radikal İslam xətti, müftilərin ifrat sərt fətvaları ilə birbaşa bağlı idi. Çünki ölkə şəriət dövləti idi, dövlət adından verilən qərarlar həm də İslam dini hökmləri kimi oxunur.
İndi isə şahzadə Məhəmməd ibn Salman məhz bu imici dəyişmək, sərt qaydaları yumşaltmaq qərarına gəlib. Çünki bu vəziyyət həm də Yaxın Şərqdə krallığa dəstəyi azaldıb, İranla diplomatik savaş, bu ilin yayında isə uzun illərin müttəfiqi Qətərlə yaranmış gərginlik Səudiyyə Ərəbistanının mövqelərini zəiflədib.
Ancaq təbii ki, vəliəhd bu islahatlar xəttini davam etdirsə, həm daxildə, həm də xaricdə ciddi təzyiqlərlə üzləşə bilər, hətta əmisi kral Faysal kimi sui-qəsdə məruz qala bilər. Çünki ölkə daxilində dövlətin içərisində güclü mühafizəkar qrup var və təbii ki, yeni islahatlar onların bir çoxunun maraqlarına toxunacaq.
Ölkə xaricində isə vəziyyət bir qədər fərqlidir. Vəliəhd Məhəmməd ilk gündən İrana qarşı sərt ritorikası ilə seçilib. Hətta İranın daxilində qarşıdurma yaratmaq istədiyini açıq şəkildə dilə gətirən biri kimi Tehrana qarşı nifrətini heç zaman gizlətməyib. Bundan başqa, həm Qətərə qarşı sərt təzyiq siyasəti, eləcə də Yəməndə BMT-nin müharibə cinayəti ittihamlarına və davam edən humanitar böhrana rəğmən müharibəni dayandırmaması gənc vəliəhdin xarici siyasətdə daha çox iddialı çıxış etdiyini göstərir. Bu da bir tərəfdən vəliəhdin ölkəsinin lider imicini yaratmaq arzusu ilə yanaşı, aparılan islahatların daha çox imicə xidmət etdiyini, bölgədə kəskin rəqabət mühitinin davam edəcəyini göstərir. Görünən odur ki, Məhəmməd ibn Salmanın islahatları, sadəcə, krallığın qüdrətli dövlətə çevrilib, müsəlman aləminin güc mərkəzi olmasına xidmət edir, nəinki bölgədə sülh və sabitliyin yaranmasına. Çünki hazırda ər-Riyad iki cəbhədə, həm keçmiş düşməni İranla, həm də Qətər və Türkiyə kimi dünənə qədər müttəfiq olduğu ölkələrlə sərt mübarizə aparır.