Putinlə “döyüşə” qadınlar gedir...

Rusiya siyasətinə qadınların gəlməsinin süni seçki texnologiyası olması iddiası da var
Rusiyada daha bir qadın gələn ilin martında keçiriləcək prezident seçkisində namizəd olacağını açıqlayıb. Məşhur jurnalist, insan haqları fəalı Yekaterina Qordon dövlət başçılığına namizədliyini irəli sürüb. “Mən Rusiya prezidentliyinə namizəd oldum. Yəqin ki, qərarları başqaları ilə məsləhətləşmədən verən ilk prezident mən olacağam” -, deyə Y.Qordon bildirib.
Xatırladaq ki, bundan əvvəl daha bir məşhur qadın, tanınmış teleaparıcı Kseniya Sobçak da prezidentliyə namizədliyini irəli sürüb. Sürpriz qərarını açıqlayan K.Sobçak Rusiya tərəfindən Krımın ilhaqını tənqid də edib: “Krım birmənalı şəkildə Ukrayna ərazisidir. Rusiya Krımı ilhaq etməklə 1994-cü ilin Budapeşt memorandumunu pozub, həmin sənədlə götürdüyü öhdəliyinə əməl etməyib”. K.Sobçak qeyd edib ki, bu məsələdə ölkəsi kompromisə getməlidir. Onun bu mövqeyi ortaya qoyması Rusiyada və dünyada diqqətləri üzərinə çəkməsinə səbəb olub.
K.Sobçakın seçkiöncəsi kampaniyasının rəhbəri Rusiyanın ilk prezidenti Boris Yeltsinin seçki marafonunu idarə etmiş İqor Malaşenko olacaq.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov növbəti seçkilərdə qadınların prezidentliyə namizəd ola bilməsini həm də konstitusiya qanunlarına uyğun bildiyini söyləyib və bu mövzuda heç bir gender ayrılığının olmadığını bildirib: “Qadınların prezidentliyə namizəd ola biləcəyində problem yoxdur və burada məsələ çox aydındır. Belə ki, Rusiya Konstitusiyasındakı qanunda prezident seçilməyə layiq olan hər bir şəxsin xüsusiyyətləri qeyd olunub. Burda qadın və kişiyə aid heç bir bölüm, ayrı-seçkilik yoxdur”.
Qeyd edək ki, SSRİ dağıldıqdan sonra Rusiyada keçirilən prezident seçkilərində ilk dəfədir qadınlar namizədliklərini irəli sürürlər. Bu hadisənin Rusiyada qadınların siyasi fəallaşmasının əlaməti, təbii proses, yoxsa hakimiyyətin işlədiyi seçki texnologiyası olub-olmadığı barədə müxtəlif şərhlər, mülahizələr var.
Bu barədə danışan politoloq Qabil Hüseynli bildirdi ki, rus qadınlar Rusiya dövlətinin sütunlarındandır. Lakin indiyə qədər siyasi həyatda qadınların siyasi fəallığı o qədər yüksək deyil. Siyasi monopoliya bir qayda olaraq kişilərə və ya indiyə qədər hakimiyyətdə kök salmış köhnə partnomenklatura ilə, yeni peyda olmuş siyasətçilərlə oliqarxların nümayəndələrinə mənsubdur. Qadınların seçkilərdə namizədliklərinin irəli sürülməsi və bu istiqamətdə aktiv görüntülər yaradılmağa çalışılması hakimiyyətin qurduğu ssenarilərin bir hissəsidir: “Bu ehtimal daha böyükdür. Məsələn, Ksenya Sobçakın atası Anatoli Sobçak 1991-ci ildən 1996-cı ilədək Sankt-Peterburq şəhərinin meri olub. Anası Lüdmila Narusova Rusiya Federasiya Şurasının üzvü olub. Anatoli Sobçak ölkə prezidenti Putinlə o zamanlardan yaxın əlaqələri olmuş şəxsdir. Ksenya Sobçakın atası Vladimir Putinin siyasi relsə salınmasında, namizədliyinin irəli sürülməsində böyük rol oynamış şəxslərdən biridir. Bu gün Ksenya Sobçakın Rusiya siyasi elektoratında elə bir gücü yoxdur ki, insanları öz arxasınca çəkib apara bilsin. Əvvəla, Rusiya kimi nəhəng bir ölkədə mütləq hansısa aparıcı bir siyasi partiyanın üzvü olmalısan ki, seçki prosesini müəyyən qədər təşkil edə biləsən. Ksenya Sobçakın da nə özü partiya sədridir, nə də partiya üzvüdür, nə də ölkədə siyasi fiqur olaraq tanınmır. Televiziya aparıcısı kimi tanınmaq hələ Rusiya boyda ölkədə siyasəti yönləndirə bilmək demək deyil. Odur ki, Rusiyanın da əksər siyasi ekspertləri Ksenya Sobçakın namizədliyinin irəli sürülməsinin Kremlin öz planı olduğunu hesab edirlər. Qeyd edilir ki, Kreml bununla seçkilərdə bəzi şeyləri imitasiya etmək istəyir. İkinci iddiaçı qadın Yekaterina Qordon da həmçinin, hakimiyyətə yaxın dairələrin nümayəndəsidir. Onun Putinlə rəqabət apara biləcəyi imkansız görünür”.
Politoloq vurğuladı ki, seçki kampaniyası böyük maliyyə ehtiyatları, siyasi partiya kimi mühüm rıçaqlar və digər resurslar tələb edir. Hə iki qadın namizədin bu resurslara malik olmadığı aydın görünür: “Bütün bunlara söykənərək söyləmək mümkündür ki, Putinin seçki texnoloqları bir sıra seçkiqabağı texnologiyalar hazırlayıb işə salıblar. Bu texnologiyalar vasitəsilə ölkədəki siyasi prosesləri bilavasitə nəzarət altına almaq, müxalifətin imkanlarını məhdudlaşdırmaq istənilir. Sözügedən qadınların namizədliyinin meydana gəlməsində də hazırlanan həmin seçki texnologiyası rol oynayır. Seçkilər yaxınlaşdıqca Kremlin siyasi texnoloqları daha qəribə və şübhəli görünən layihələri hazırlayıb irəli sürəcəklər ki, bununla seçkiyə həm demokratik görkəm verməyə çalışsınlar, həm də Putinin parlaq qələbəsini təmin etmiş olsunlar”.