Milli Şuranın mitinqləri - müxalifət, yoxsa hakimiyyət qazancda

Sahib Kərimli: “Aksiyaların belə zəif olması birinci qrupun əlinə işlədi”
Azərbaycan müxalifətinin hər fəsildə rəqibi olan iqtidara qarşı hansı formada mübarizə aparacağı hər zaman müzakirə edilir. Artıq payız fəslindəyik və bütöv düşərgəni əhatə etməsə də, bəzi siyasi qurumların keçirdikləri etiraz aksiyaları ilə gündəmdə olduqları göz önündədir.
İndiyə qədər üç etiraz aksiyası keçirən Milli Şuranın son 28 oktyabr mitinqindən sonra əvvəlkilər kimi bəzi müzakirələr yenidən alovlanıb. Bu aksiyaların müxalifət və ya iqtidardan birinə xeyir verdiyi barədə fikirlər müxtəlifdir. Çoxları hakimiyyətin son aylarda Qərbdən gələn ciddi təzyiqlər qarşısında demokratiya görüntüsü yaratmaq üçün Milli Şuranın aksiyalarından yararlandığını düşünür. Bir növ müxalifətin gücünü analiz edib, özünə təhlükə görmədiyindən aksiyaya rahat şəkildə icazə verdiyi deyilir. Müxalif düşərgənin bu aksiyalardan heç bir fayda götürmədiyi göz önündədir.
Müxalifətin icazəli aksiyalarının effektsiz olduğu güzgü kimi aydındır. Belə fikirlər də var ki, icazəsiz aksiyalar hakimiyyətə təsir baxımından daha effektlidir. Doğrudur, icazəliyə nisbətdə icazəsiz aksiyada iştirakçılar qat-qat az olurlar, amma verdiyi effekt qat-qat çox olur.
Ümid Partiyasının sədri İqbal Ağazadə müxalifətdən hər fəsildə gözləntilərin olmasının əleyhinədir: “Müxalifət alma və ya armud deyil ki, bəlli fəsildə yetişsin. Proses varsa, fəslindən asılı olmayaraq, nəticələr olur. Azərbaycanda qış fəslində də hakimiyyət dəyişiklikləri olub. Ölkədə proses olmalıdır. Bu da hələ ki yoxdur. İndi keçirilən mitinqlərin hakimiyyətin əlinə oynadığı barədə fikirlər səslənir. Hazırda müxalifətin bir kəsimi mitinqlərlə divident qazanmaq istəyir. Cəmiyyət bundan nə dərəcədə yararlana bilər, bu sonrakı məsələdir. Ölkədə mitinqlər keçirilirsə, hakimiyyət bundan bu və ya digər şəkildə yararlanmağa çalışır. Kim çox yararlanır, bu cavab verəcəyim sual deyil. Çünki mitinq keçirən qurumun içərisində deyiləm ki, nə qədər divident götürüb-götürmədiyini ölçə bilim. Hakimiyyət barədə də bunu deyə bilmərəm. Cəmiyyətin bu aksiyalardan nələr götürdüyü barədə onu deyə bilərəm ki, nəticələr dəyişməyib, sıfır vəziyyətdir. Azərbaycan iqtidarını dəyişmək üçün tək bir yol var, o da seçkidir. İndinin özündə seçki yoxdur ki, iqtidarı dəyişsinlər. O mitinqlər də iqtidarı dəyişmək üçün deyil. Bu ümumxalq mitinqi də deyildi, konkret olaraq Milli Şuranın aksiyası idi. Bu aksiyaya bu qədər insan çıxırsa, bundan kimə nə? Kimsə niyə narahat olmalıdır? Nə qədər çıxıbsa çıxsın, demək, o sayda insan etiraz edir. Hamı müxalifətdən gileylənir ki, çox adam etiraz etsin. Bunun üçün fərqli zaman, fərqli proseslərin getməsi lazımdır. Beynəlxalq güclərin demokratiyanın yanında dayandığı zaman Rusiyanın atdığı addımların qarşısında ciddi addım ata bilməməsi böyük təəssüf doğurur. Bu baxımdan postsovet ölkələrində proseslər bir az səngimiş kimi görünür. Bu da bir mərhələyə qədər olacaq. Ondan sonra demokratik proseslər yenidən güclənəcək”.
İ.Ağazadə müxalifətin mitinqlərinə hakimiyyətin onun gücünü analiz edərək icazə verdiyi barədə fikirlərə də toxundu:“Bu gün icazə vermək anlayışı tək müxalifətin özündən asılı deyil. Beynəlxalq güclərin, təşkilatların yanaşması da burada mühüm rol oynayır. İqtidardan tələblər var. Tək iqtidarların ümidinə bu məsələ qalsa, heç bir hakimiyyət istəməz ki, onun əleyhinə aksiyalar keçirilsin. Beynəlxalq qurumlar qarşısında götürülən öhdəlik güzəştlərə getməyə məcburiyyət yaradır. ”Milli Şuranın terror xəbərindən sonra aksiyanı təxirə salmalı idi" kimi fikirləri ilə bağlı onu deyə bilərəm ki, terror iddiası kifayət qədər ciddi idi. Yayılan məlumatlardan göründü ki, ciddi şəkildə hazırlıqlar gedir. Göründü ki, kütləvi yerlərdə terror aktlarının törədilməsi istisna deyil. Kim proseslərə hansı yöndən baxırsa, o istiqamətdən mövqe bildirir. Bu məsələlərə bir neçə aspektdən baxa bilərəm, amma şərh vermək niyyətim yoxdur".
AXCP-nin sabiq funksioneri, siyasi şərhçi Sahib Kərimli səslənən iddialarla bağlı bunları dedi: “Azərbaycanda siyasi hakimiyyət yekcins deyil. Hər şeyin əvvəlki kimi saxlanmasında, idarəetmədə dəyişiklik edilməməsində maraqlı olanlar və belə idarəetmə ciddi fəsadlar yaradacaq, radikal islahatlar etmək lazımdır deyən iki qrup var. Mitinqlərin belə zəif və təsirsiz olması birinci və daha səlahiyyətli qrupun əlinə işlədi. Onlara və nəzarətlərində olan idarəçilərə əlavə imkan qazandırdı. ”Hər şey öz qaydasındadır, əhalidə ciddi narazılıq yoxdur, əks halda, insanlar kütləvi etiraz edərdi" deyənlərin arqumentləri gücləndi. Əslində isə ölkədə ciddi narazılıqlar var, sosial ədalətsizlik, məmur özbaşınalığı baş alıb gedir. Aksiyaların belə zəif olması birinci qrupun əlinə işlədi. İkinci qrup və ən əsas da cəmiyyət bundan zərər gördü. İzdihamlı aksiya ölkədə təbii ki, hakimiyyəti dəyişməyəcəkdi, amma yeni mərhələ yarana bilərdi. Aksiyaların zəif olmasını yalnız hakimiyyətin repressiv fəaliyyətinə və insanların qorxusuna bağlamaq doğru yanaşma deyil. Cəmiyyəti maarifləndirmək vəzifəsi vətəndaş cəmiyyəti və müxalif strukturların işidir. Bunun üçün yüz milyonlarla qrant vəsaitləri ayrılıb və effektiv xərclənməyib. Bunun məsuliyyəti bəlli şəxslərin üzərindədir. İkinci məsələ, yəni güvənilir mərkəz dediyim işin yaradılması üçün isə ictimai fəal fərdləri və strukturları bir araya gətirmək lazımdır. Mitinq elan edən qurum konkret ictimai və siyasi qurumlarla danışıqlar aparmayıb, onları bir araya toplama yolları ilə bağlı müzakirələr açmayıb, ünvansız çağırışlarla əhalini etiraza səsləyirsə və əhali də dəfələrlə onun çağırışına reaksiya vermirsə, məsuliyyətli olub istefa verməlidir. İcazəli aksiya üçün potensial olmadığı halda icazəsiz aksiyalar hansısa effekt verə bilməz. Hakimiyyətdaxili birinci qrupla etirazları təşkil edənlərin ortaq maraqları mövcuddur. Dediyimdən o nəticə çıxarmayın ki, onlar eyni məqsədə xidmət edirlər, yox. Rəqibdirlər, hətta düşməndirlər, amma maraqların təbii uzlaşması var. Fikir verirsizsə, onlar müxalifətin məlum qrupunun nə bundan çox zəifləməsində, nə də bundan çox güclənməsində maraqlı deyillər. Həmçinin əsas etirazçı mərkəzin də onlardan ibarət olmasında maraqlıdırlar. Bununla da iki məsələni həll etdiklərini düşünürlər, həm hakimiyyət daxilində vazkeçilməz hala gəlirlər, həm də lazım gələndə təsir mexanizmi formalaşdırırlar. Məlum müxalif qrup da bundan istifadə edib, heç bir potensialı olmadığı halda hamıdan öndə görünür və özlərini kritik mərhələyə saxlayırlar. Ölkədə isə ciddi problemlər və etirazçı potensial var. Bundan kimsə nə vaxtsa istifadə edəcək. Arzu edək ki, bu, milli və dövlət məqsədlərinə istifadə olunsun".