İspaniya Azərbaycanın yolu ilə gedir? - Kataloniya məsələsində maraqlı gəlişmə

“Kataloniya İspaniyanın daxili işidir” deyən beynəlxalq birlik eyni yanaşmanı niyə Qarabağ məsələsində sərgiləmir?
İspaniya dövləti Kataloniyada keçirilən referendumdan sonra bu bölgə ilə bağlı ard-arda addımlar atmaqdadır. Son atılan addımlardan biri Kataloniyanın muxtariyyətinin ləğv edilməsi oldu. Prosesin gedişini izlədikdə İspaniyanın vaxtilə Azərbaycanın getdiyi yol ilə getdiyi təəssüratı yaranır. Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycandan ayrıldıqlarını elan etdikdən sonra Azərbaycan da Dağlıq Qarabağın Muxtar Vilayət statusunu ləğv etmişdi.
Beynəlxalq təşkilatların və əsasən də Avropa dövlətlərinin Kataloniya və Dağlıq Qarabağ məsələsinə münasibətlərində isə açıq-aşkar fərq olduğu ortalıqdadır. Kataloniya məsələsinin İspaniyanın daxili işi olduğunu bəyan edən BMT, ATƏT, Avropa Birliyi, bütün Avropa dövlətləri eyni mövqeni illərdir Qarabağ məsələsinə münasibətdə ortaya qoymurlar. Belə fərqli yanaşmanın nədən qaynaqlandığı barədə politoloq Natiq Miri ilə danışdıq.
Politoloq öncə bildirdi ki, sözügedən hər iki prosesi düzgün dəyərləndirmək lazımdır: “Qarabağ problemi ilə Kataloniya məsələsinin mənbəyi və mahiyyəti eyni deyil. Onu qeyd etmək lazımdır ki, Dağlıq Qarabağ problemi təkcə separatizm deyil, eyni zamanda ortada kənar bir dövlət - Ermənistan tərəfindən Dağlıq Qarabağın işğal edilməsi faktoru var. Çünki bütün bu proses böyük Ermənistan ideyası adı altında Azərbaycanın Dağlıq Qarabağ ərazisini işğal etməklə oranı Ermənistana birləşdirmək, mümkün olmasa, ən azından ikinci bir erməni dövlətinin yaradılmasına xidmət edir. Ancaq Kataloniyada fərqli bir situasiyadır. Kataloniyanı kənar hansısa dövlət işğal etməyib. O ki qaldı Dağlıq Qarabağ problemi ilə Kataloniya məsələsinə beynəlxalq qurumların və dövlətlərin fərqli yanaşmasına, burada müxtəlif səbəblər var. Dağlıq Qarabağ münaqişəsi bəlkə də dünyada yeganə münaqişədir ki, bütün beynəlxalq təşkilatların və dünya güclərinin ona yanaşması tamamilə fərqlidir. Yəni bu münaqişəyə beynəlxalq hüquq müstəvisində yanaşma tərzi yoxdur. Qarabağ məsələsinə münasibətdə faktiki olaraq beynəlxalq hüquq və konvensiyalar çeynənir. Beynəlxalq hüquqda selektiv yanaşma mümkün deyil. Beynəlxalq hüquq hər bir dövlətin özünün qəbul etdiyi hüquq çərçivələrindən də üstədir. Ona görə də Dağlıq Qarabağ məsələsinə münasibət də digər münaqişələrə olduğu kimi, beynəlxalq hüquq normalarına uyğun olmalı idi və olmalıdır. Ancaq çox təəssüf ki, ikili standart bu məsələdə tətbiq edilir. Xüsusilə də xristian həmrəyliyinin təsiri altında Dağlıq Qarabağ məsələsində xalqların öz müqəddəratını təyin prinsipini paralel olaraq tez-tez dövriyyəyə buraxırlar. Halbuki, bu birbaşa beynəlxalq hüququn özünü təkzib edir. Çünki Dağlıq Qarabağda yaşayan ermənilər milli azlıq olaraq tanınıb, erməni xalqı bu ərazilərdə aboregen olmadığı üçün burada milli azlıq statusundadırlar. Milli azlıqlar isə özlərinin yaşadığı coğrafiyanın siyasi taleyini beynəlxalq hüquqa görə həll edə bilməzlər. Yəni hər hansı bir səsvermə, referendum keçirməklə ərazisində vətəndaş olaraq yaşadıqları dövlətin qanunlarını tapdayıb onun ərazisində dövlət yarada bilməzlər. Beynəlxalq hüquq bunu qadağan edir. Təəssüf ki, beynəlxalq hüquq gözardı edilir və Dağlıq Qarabağ məsələsinə yanaşmada fərqli mövqe ortalığa qoyulur”.
Politoloq vurğuladı ki, 24 ildir bu proses ona görə uzanır ki, ATƏT-in Minsk Qrupunda olan üç həmsədr dövlətin hamısı xristian dövlətləridir və erməni təəssübkeşliyi edirlər: “Çox maraqlıdır bu üç dövlətin ortaq qəbul etdiyi yeganə gerçək ondan ibarətdir ki, Dağlıq Qarabağda referendum keçirilsin. Azərbaycan isə haqlı olaraq buna razılaşmır. Beləliklə, məhz həmin üç dövlətin erməni təəssübkeşliyi üzündən Dağlıq Qarabağ problemi həll olunmur. Ancaq Kataloniyaya münasibətdə fərqli situasiya var. Çünki Kataloniyanın müstəqillik qazanması bütövlükdə Avropa Birliyi məkanının çox sürətlə dağılmasına gətirib çıxara bilər. Diqqət edirsinizsə, Kataloniyada referendum öz ardınca Avropada separatizm dalğasını gətirməyə başladı. Əgər Kataloniyada müstəqillik tanınsa əmin olun ki, çox yaxın zamanda Avropa Birliyi bir vahid məkan funksiyasını itirəcək. Bax, bu təhlükə mövcud olduğu üçün Avropa Birliyinin, ABŞ-ın, BMT-nin, ATƏT-in və digər beynəlxalq qurumların Kataloniya məsələsinə münasibəti birmənalı oldu, bu məsələni yalnız İspaniyanın daxili məsələsi olaraq tanıdılar”.
N.Mirinin sözlərinə görə, əslində Kataloniya məsələsinə bu cür münasibətin ortaya qoyulmasından sonra Azərbaycana Dağlıq Qarabağ məsələsi ilə bağlı hərəkətə keçmək üçün ciddi şans yaranıb: “Azərbaycan dövləti hücum xarakterli diplomatik fəaliyyətə keçməlidir. Məsələ qoyulmalıdır ki, Kataloniyanın müstəqilliyi tanınmırsa və bu məsələ İspaniyanın daxili işi elan edilirsə, bu, bir daha onu diktə edir ki, beynəlxalq birlik Dağlıq Qarabağ məsələsinin də Azərbaycanın daxili işi olduğunu elan və qəbul etməlidir. Bəyan edilməlidir ki, Azərbaycana yanaşma tərzi dəyişməyəcəksə, bu, beynəlxalq hüququn pozulmasının və ikili standartın etiraf olunmasıdır”.