Azərbaycan AŞ-dan çıxsa, avrointeqrasiya dayana bilər

Son zamanlar gündəmdə olan, rezonans doğuran məsələlərdən biri də Azərbaycanın Avropa Şurasından çıxması təhlükəsi ilə bağlıdır. Belə ki, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) oktyabrın 11-də Azərbaycanda insan haqları ilə bağlı iki qətnamə qəbul olundu.
Qətnamələrdə Azərbaycan hakimiyyəti tənqid edildi. Rəsmi Bakının da AŞ PA-ya cavabı çox sərt oldu. Bu qətnamələrdən əvvəl də Azərbaycan rəsmiləri Avropa Şurasının rəhbərliyini anti-Azərbaycan mövqe tutmaqda ittiham edirdilər. Nəticədə Azərbaycan rəsmiləri Avropa Şurası ilə münasibətlərinə yenidən baxmaq qərarına gəldilər. Hər iki tərəfin sərt ritorikası isə Azərbaycanın Avropa Şurasından çıxması ehtimalını artırır.
Bəs görəsən, Azərbaycanın Avropa Şurasını tərk etməsi, ümumiyyətlə, Avropadan kənarda qalması deməkdirmi? Bu, Avropaya inteqrasiya prosesinin dayanmasına da səbəb olacaqmı? Yoxsa Avropanın digər strukturları ilə münasibətlər davam edəcək və dövlətimiz Avropanı iqtisadi və siyasi mənada itirmiş olmayacaq?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, Azərbaycanın Avropa Şurasından çıxması heç də Avropanın digər strukturları ilə münasibətlərini azaltması demək deyil: “Sadəcə onu nəzərə almaq lazımdır ki, Avropa Şurası Avropanın əsas strukturlarından biridir. Birincisi, oradan çıxmaq bizə sərf eləmir. Çünki biz çıxsaq Ermənistan qalacaq və Avropa əleyhimizə qətnamələr qəbul ediləcək. Halbuki indiki şəraitdə Qarabağla bağlı Avropa Şurası Parlament Assembleyası Azərbaycanın xeyrinə bir neçə qətnamə qəbul edib. Doğrudur, bu qətnamələr yerinə yetirilmir. Ancaq fakt ondan ibarətdir ki, bu qətnamələr Azərbaycanın xeyrinədir. Azərbaycan Avropanın digər strukturları - Avropa Parlamentindən, Avropa İttifaqı Komissarlığı və ATƏT-lə əməkdaşlığı davam edəcək. Amma Avropada Azərbaycanın Avropa Şurasından çıxmasına mənfi münasibət bəslənəcək. Bunu Azərbaycanın Avropadan uzaqlaşması kimi dəyərləndirənlər də tapılacaq. Çünki bir müddət öncə Azərbaycan ”Avronest"dən - Şərq Tərəfdaşlığı Parlamentlərarası Əməkdaşlıq Qrupundan çıxmışdı, sonra yenidən geri qayıtdı. Yəni biz heç bir halda Avropadan uzaqlaşa bilmərik. Avropadan uzaqlaşdıqca Rusiyanın ölkəmizə təzyiqləri arta bilər. Bu da bizim mənafelərimizə uyğun deyil. Çünki rəsmi Bakı da bu günlərdə Rusiyanı həm də ona görə tənqid edir ki, getdikcə Ermənistana dəstəyini artırır. Silah-sursat alması üçün kredit verir, üstəgəl, hərbi qoşun birlikləri yaradır, Ermənistanın işğalçı siyasətinə göz yumur. Bütün bunlar varkən biz Avropadan uzaqlaşa bilmərik".
Elxan Şahinoğlu: “Avropanın digər strukturları ilə əməkdaşlıq davam edəcək, amma ölkəmizin AŞ-dan çıxmasına mənfi münasibət bəslənəcək” |
Politoloqun fikrincə, əsas amillərdən biri də odur ki, Avropa İttifaqı ölkələri Azərbaycanın əsas iqtisadi tərəfdaşlarıdırlar: “İkincisi, Azərbaycan TAP və TANAP xətlərini ona görə inşa edir ki, ”Şahdəniz" qazını rahatlıqla Avropaya çıxara bilsin. Bütün bunlar gündəmdə ikən Azərbaycanın AŞ-dən çıxması ümumilikdə Avropa-Azərbaycan münasibətlərinə mənfi təsir etməsə də, kölgə sala bilər. Mən hesab etmirəm ki, Azərbaycan bunu istəyir. Çünki Səməd Seyidovun Azərbaycanın Avropa Şurası Parlament Assembleyası nümayəndə heyətinin son çıxışına diqqət yetirsək, görərik ki, o da bunun tərəfdarı deyil. Sadəcə, dialoqu genişləndirmək lazımdır, hər iki tərəf geri addım atmalıdır ki, biz bu gərginliyi ortadan qaldıra bilək".
Qubad İbadoğlu: “İstənilən halda bu münasibətlərin enerji əməkdaşlığına ziyan vuracağına inanmıram” |
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu isə açıqlamasında vurğuladı ki, AŞ-dən çıxmaqla Azərbaycan Avropa ilə ticarətdə bazarlara girmək üçün güzəşt imkanlarını itirə bilər:“Ölkəmizin Avropa Şurasından çıxması və ya çıxarılması nə bugünkü gerçəkliyi, nə də gələcək perspektiv baxımından nə Azərbaycan dövlətinin və nə də xalqının maraqlarına uyğun deyil. Əksinə, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, strateji tərəfdaşlığa dair hazırlanan Assosiasiya Sazişi imzalanmalıdır. Odur ki, mən vətəndaş cəmiyyəti, media və siyasi partiyalarda daxil olmaqla, bütün mar aq qruplarını Azərbaycan və Avropa Birliyi arasında əlaqələri cari situasiyadan deyil, strateji kontekstdən dəyərlərndirməyə, əməkdaşlığın davam etdirilməsi və hərtərəfli inkişafı üçün vahid mövqedən çıxış etməyə və noyabrın 24-də Brüsseldə keçiriləcək növbəti ”Şərq Tərəfdaşlığı" sammitində Avropa Birliyi ilə Azərbaycan arasında sazişin imzalanmasına dəstək olmağa çağırıram. Hesab edirəm ki, bu məsələyə münasibətdə parlament və dövlət rəsmiləri məsuliyyətsiz çıxışlarına və səbatsız bəyanatlarına son qoymalı, “Avronest” Parlament Assembleyasına və “Mədən sənayesində şəffaflıq təşəbbüsü”nə münasibətdə buraxılmış səhvlər təkrarlanmamalıdır. Eyni zamanda bildirmək istərdim ki, Avropa Şurası ilə əlaqələrin pisləşməsi AB-nin institutları ilə hərbi, təhsil, nəqliyyat, ticarət, investisiya, enerji kimi vacib əməkdaşlıq imkanlarını da məhdudlaşdıracaq, bu təklənən və izolyasiya olunan Azərbaycanı qonşuluqda olan böyük dövlətlərin təsirini və nəzarəti altında inkişafdan və sivil dünyaya inteqrasiyadan geri salacaq. Avropa ilə ticarətdə bazarlara girmək üçün güzəşt imkanlarını itirə bilərik, təbii ki, oradan Azərbaycana sərmayə qoyuluşu da azala bilər. Nəqliyyat və kommunikasiya əlaqələrində dəyişikliklər mümkündür. Amma istənilən halda bu münasibətlərin enerji əməkdaşlığına ziyan vuracağına inanmıram. Yenə Azərbaycan neftinin və qazının əsas alıcısı Avropa ölkələri olacaq. Avropa bazarına qeyri-neft sektorunun məhsullarının çıxarılmasında çətinliklər yarana bilər. Avropa İnvestisiya Bankından kredit almaq sahəsində də çətinliklərlə qarşıla bilərik. Siyasi münasibətlərə gəlincə, onun diplomatik münasibətlərə təsiri olmayacaq, amma Avropa İnstitutlarında təmsilçiliyin səviyyəsi zəifləyəcək".