Separatçılar üçün uğursuz il - ermənilərə də pis müjdə

İraqdan sonra İspaniyada da separatizm ağır cəzalandırıldı, mərkəzi hökumət Katalon muxtariyyətini ləğv etməyə hazırlaşır...
Kataloniya muxtariyyəti rəhbəri Karlos Puçdemon mərkəzi hökumətin Kataloniya muxtariyyətini ləğv etməsi və əyalətin mərkəzi hökumət tərəfindən idarə edilməsi planını qəbul etməyəcəklərini bildirib. O, Madridin son addımını 1939-75-ci illərdə mövcud olmuş Franko rejimi ilə müqayisə edib. Çünki diktator Franko zamanında da Kataloniyanın muxtariyyət hüququ əlindən alınıb.
Şənbə günü baş naziri, Mariano Rahoy bəyan edib ki, mərkəzi hökumət ilk dəfə konstitusiyanın 155-ci maddəsinə istinad edərək muxtariyyətin ləğv olunması və növbədənkənar seçki keçirilməsi ilə bağlı qərar qəbul edib. Baş nazir bu addımı Kataloniya muxtariyyətinin qanunları tapdalaması ilə izah edib. Eyni zamanda baş nazir Kataloniyadakı mərkəzi hökumət əleyhinə etirazları qanunlara zidd adlandırıb və bu səbəbdən də əyalətdə hakimiyyətə əl qoymaqdan başqa yollarının qalmadığını deyib.
Kataloniya lideri Puçdemon isə Avropa ölkələrinə ingilis dilində etdiyi müraciətdə Kataloniyada Avropa Birliyi dəyərlərinin risk altında olduğunu bildirib. İspaniya hökumətinin Kataloniya muxtariyyətini ləğvetmə qərarına etiraz olaraq müstəqillik tərəfdarları küçələrə tökülüb. Barselona polisi şənbə günü şəhərdə keçirilən aksiyada 450 min insanın iştirak etdiyini açıqlayıb. Barselona-Malaqa komandalarının oyununda da Barselona tribunalarında Kataloniya bayraqları dalğalandırılıb.
Xatırladaq ki, oktyabrın 1-də Kataloniyada keçirilən referendumda iştirak edən 42,3 faiz əyalət sakinlərinin 90,09 faizi müstəqilliyə səs vermişdi. Səsvermə günü polislə separatçılar arasında baş verən toqquşmalarda onlarla insan xəsarət almışdı. Kataloniya rəhbərliyi geri çəkilmək istəməsə də, daha sonra dünya ölkələrinin İspaniyanın mövqeyini müdafiə etməsi, həmçinin Kataloniya şirkətlərinə və iqtisadiyyatına tətbiq olunan embarqo nəticəsində geri çəkilib və Madridlə danışıqlara getməyə razılaşıb. Ancaq Madrid daha qətiyyətli hərəkət edərək yaranmış vəziyyətdə separatçıların cəzalandırmaq yolunu tutub.
Bu arada Sputnik xəbər yayıb ki, Kataloniyada separatçılıq tərəfdarı son partiya mərkəzi hökumətə qarşı kütləvi sivil itaətsizlik aksiyasına çağırış edib. Həftənin cümə axşamı günü isə Kataloniya parlamentinin tam heyətlə toplantı keçirəcəyi açıqlanıb. Ancaq hazırda proseslər sürətlə gedir. İspaniya hökumətinin təzyiqlərinin artması Kataloniyada gərginliyi daha da yüksəldəcək, ehtimal ki, separatçılar əyalət muxtariyyətinin ləğvi ilə barışmayacaq. Ancaq istənilən halda analitiklər Kataloniyada ortaq həll variantının yaxın olmadığını qeyd edir.
Ümumiyyətlə isə həm sentyabrın 25-də olan Şimali İraq Kürd Administrasiyasının müstəqillik referendumu, həm də Kataloniyadakı referendum sonrası yaşananlar göstərdi ki, dünya ölkələri açıq şəkildə separatizmə dəstək vermədilər. Hətta separatçıları çəkindirmək üçün mərkəzi İraq və İspaniya hakimiyyətlərinə dəstək verildi. İraqda Bağdad silahlı gücdən istifadə edərək kürdləri daha da sıxışdırdı və onları müstəqillik yolunda əsas vasitələrdən biri olan ələ keçirdikləri torpaqlardan çıxardılar, eləcə də neft gəliri və sərhəd-keçid məntəqələrinə nəzarəti separatçılardan geri aldılar. Bununla da faktiki olaraq kürd separatçılarının əl-qolunu bağlamış oldular.
Oxşar situasiya İspaniyada da oldu. Referendumdan müsbət nəticə çıxsa da, İspaniya hökuməti əvvəlcə polis göndərərək separatçılara güc göstərdi. Ardınca isə Kataloniyaya ordu birləşmələri göndərildi. Bununla da kifayətlənməyib separatçıların ən çox qorxduqları işi etdilər, böyük şirkətlərin və bankların Kataloniyadakı fabrik və ofislərini bağlamağı qərarı aldılar. Bu isə İspaniyanın ən varlı əyalətinin iqtisadiyyatının çökdürülməsidir ki, separatçılar buna risk etmədilər.
İspaniya mərkəzi hökumətinin Katalon əyalət muxtariyyətini ləğv etməsi separatçıların ciddi etirazına gətirə bilər. Ancaq görünən odur ki, indi dünyada heç bir güc açıq şəkildə katalonları dəstəkləmir. Hətta etirazlar olsa belə, mərkəzi hökumətin etirazları yatırmaq şansı var. Hərçənd İspaniya kimi uzun illər separatçı-terrorçulardan əziyyət çəkmiş ölkə üçün bu böyük risk deməkdir.