Referendumdan ötən 1 il - nələr dəyişdi...

Azərbaycanda Konstitusiyada dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsinin (referendum) keçirilməsindən bir il ötür.
Ötən ilin 18 iyul tarixində prezident tərəfindən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilmişdi.
Referendum Aktı layihəsində konstitusiyada 29 maddəyə 39 əlavə və dəyişikliklər irəli sürülmüşdü. Konstitusiya Məhkəməsi Plenumunun həmin ilin 25 iyulunda keçirilən iclasında prezident İlham Əliyev tərəfindən konstitusiyaya təklif edilən dəyişikliklərin Azərbaycan Konstitusiyasının tələblərinə uyğunluğu barədə əsaslandırılmış rəy verildi.
Referendum Aktı layihəsində konstitusiyada prezidentin səlahiyyət müddətinin yeddi ilə qədər artırılması təklif edildi. Bundan başqa, sənəddə Azərbaycan prezidenti vəzifəsinə seçilmək üçün vətəndaşın ən az 35 yaşı olması barədə müddəanın çıxarılması haqda paraqraf vardı. Layihə birinci vitse-prezident və vitse-prezident vəzifələrinin tətbiqini də nəzərdə tuturdu.
Mövcud əsas qanuna görə, prezident öz vəzifəsindən vaxtından əvvəl getdiyi təqdirdə onun səlahiyyətlərini baş nazir həyata keçirirdisə, yeni layihədə həmin hüquq birinci vitse-prezidentə verildi. Sənəddə, həmçinin, prezidentə Milli Məclisi vaxtından əvvəl buraxmaq və erkən seçkilərin keçirilməsi barədə qərar vermək hüququnun verilməsi də nəzərdə tutuldu.
Bundan əlavə, layihəyə vətəndaşın Milli Məclisə seçilmək üçün yaş həddinin 25-dən 18-ə endirilməsi barədə bənd daxil edildi. Həmçinin sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsi kimi məsələlər nəzərdə tutulurdu.
“Xüsusilə də insan hüquq və azadlıqlarının müdafiəsi dövlətimizin əsas siyasətinin mərkəzində dayanan məsələlər sırasındadır. Bunlar da layihədə öz əksini tapmışdı. Eyni zamanda dövlət idarəçiliyi sisteminin təkminləşdirilməsi, icra hakimiyyəti strukturlarında müəyyən dəyişikliklərlə bağlı məsələlər də nəzərdə tutulurdu. Ötən il ərzində bu istiqamətdəki fəaliyyətə qiymət versək deyə bilərik ki, xalqımızın birmənalı şəkildə dəstəklədiyi referendum və onun nəticələri bu gün faktiki olaraq öz təsdiqini tapmaqdadır. Xüsusilə də həmin referendumda qoyulan məsələlərdən biri ölkəmizdə ilk dəfə vitse-prezident institutunun təsis edilməsi ilə bağlı idi. Cənab prezident artıq bu istiqamətdə əməli addımlar atıb və fevral ayından etibarən Mehriban xanım Əliyeva ölkənin birinci vitse-prezidenti təyin edilib. Eyni zamanda insan hüquq və azadlıqları sahəsində də əməli addımlar atılıb. Ümumiyyətlə, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Cənab prezidentin BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında qeyd etdiyi kimi, Azərbaycanda demokratik inkişaf yolunda davamlı şəkildə addımlar atılmaqdadır. Demokratiya özü bir prosesdir və bu proses çərçivəsində Azərbaycanda söz, mətbuat, yığıncaqlar, dini azadlıqların təminatı tam şəkildə reallaşdırılıb. Nəticə olaraq bu gün Azərbaycan dünyada multikultur dəyərlərin əsas mərkəzlərindən biri kimi tanınır. Xüsusilə də dinlərarası barışıq və etimadın yüksəldilməsi sahəsində, millətlərarası harmoniyanın daha da möhkəmləndirilməsi sahəsində ciddi addımlar atılır. Bu baxımdan, Azərbaycan nümunəvi modeli ortaya qoyub. Kimlər ki, hesab edirlərsə demokratiyanın son həddi var, bu, yanlış yanaşmadır. Demokratiyada son hədd yoxdur. Heç bir dövlət deyə bilməz ki, onlar demokratiyanın inkişafında pik nöqtəyə çatıb. Azərbaycan dünyada demokratik dövlət imicinə malikdir”.
Deputat bildirib ki, beynəlxalq təşkilatların da Azərbaycana çox böyük etimadları var:
“Bu etimadın sayəsində biz BMT Təhlükəsizlik Şurasının iki il müddətində qeyri-daimi üzvü də seçilmişik. Təəssüf ki, bu yaxınlarda ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Azərbaycanla bağlı qondarma hesabat ortaya qoyub ki, guya burada 145 siyasi məhbus var. Bütün bunlar kökündən yanlışdır. Azərbaycanda heç bir siyasi məhbus yoxdur. Konkret olaraq cinayət əməlinə görə məsuliyyətə cəlb edilərək, cəzasını almış insanlar var. Bir çox hallarda şahidi oluruq ki, tutduqları yolun onları gec-tez məhbəsə aparacağını anlayan insanlar özlərini sığorta etmək üçün siyasi bəyanatlarla çıxış edirlər. Hüquqi müstəvidə onlar cinayət əməllərinə görə məsuliyyətə cəlb edilərkən, öz cinayətlərindən deyil, vaxtilə səsləndirdiyi siyasi bəyanata görə həbs edildiklərini iddia edirlər. Bunlar tamamilə cəfəngiyyatdır. Azərbaycanda hər bir şəxs yaşından, peşəsindən asılı olmayacaq qanun qarşısında bərabərdir. Cinayət törədən cəzasını alır. Yekun olaraq qeyd edim ki, ötən bir il ərzində demokratik inkişaf yolunda xeyli addımlar atılıb və bu, davam etməkdədir”.
Deputat Fazil Mustafa isə hesab edir ki, dəyişikliklər növbəti illərdə də davam edəcək: “Dəyişikliklər bilavasitə yeni institutun tərtibi ilə bağlı idi. Bu da artıq tərtib edilib. Birinci vitse-prezident vəzifəsinə bizim keçmiş həmkarımız Mehriban xanım Əliyeva təyin olundu. Bu məsələdən sonra artıq aparatın formalaşması, yeni strukturun formalaşması istiqamətində addımlar atıldı. Yəqin ki, önümüzdəki ildə də referendumun nəticələrinə uyğun olaraq bu istiqamətdə ciddi dəyişikliklər olacaq. Digər müəyyən müddəalar da var ki, onların qanunvercilikdə daha ciddi şəkildə müəyyənləşməsi vacibdir. Növbəti illərdə çox güman ki, bu istiqamətdə də addımlar atılacaq”.