Azərbaycan beynəlxalq təşkilatlara nə qədər vəsait ödəyir?

Ekspert: “Bu vəsait dövlətlərin əhalisinin və ərazisinin sayından asılı olaraq dəyişir”
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ilə Rusiya arasında münasibətlər gərgin olaraq qalır.
Rusiya özünün deputatlardan ibarət nümayəndə heyətinin AŞ PA-nın işində iştirak etməməsi səbəbindən, Avropa Şurasının büdcəsinə üçüncü ödənişi etməyi dayandırıb. Söhbət 11 milyon avroya yaxın vəsaitdən gedir. Donbas və Krımda baş verən hadisələrlə əlaqədar olaraq 2014-cü ilin aprelində Rusiyanın bu təşkilatdakı nümayəndə heyəti əsas səlahiyyətlərdən məhrum edilib.
Bəs Azərbaycan AŞ PA-ya illik vəsait ödəyirmi?
Politoloq Elxan Şahinoğlu ilk olaraq AŞ PA ilə Rusiya münasibətlərindən danışıb. Politoloq bildirib ki, Ukrayna mövzusu davam etdikcə, Rusiyaya qarşı sanksiyalar da davamlı olacaq: “Əlbəttə ki, Rusiyanın tamamilə AŞ PA-dan imtina edəcəyinə də inanmıram. Rusiyanın üzvlüyü ilə bağlı AŞ PA-nın özündə də məsələ qaldırıla bilər. Ona görə də düşünürəm ki, hansısa konsensus şəklində danışıqlar aparıb, məsələni yoluna qoyacaqlar. Rusiyanın AŞ PA üzvlüyündən çıxarılması Avropa Şurasının da xeyrinə deyil. Ödənişə gəlincə isə qeyd edim ki, hər bir beynəlxalq təşkilata üzvlük haqqı verilməlidir. BMT-də bu, belədir. Məsələn, BMT-nin Təhlükəsizlik Şurasının beş üzvü hər kəsdən çox pul ödəməlidir. Bu vəsait sülhməramlı qüvvələr, orada çalışan işçilərin maaşlarının verilməsi və digər bu kimi texniki məsələlər üçün lazımdır”.
Politoloq bildirib ki, ümumiyyətlə, bütün beynəlxalq təşkilatların özlərinin müəyyən büdcələri olur: “Büdcəni də formalaşdırmaq üçün həmin təşkilata üzv olan dövlətlər hər il pul ödəməlidirlər. Avropa Şurasında da eyni sistem işləyir. Çünki Avropa Şurası böyük bir bürokratik aparatdır. Oranın işçilərinin sayının çox olması ilə yanaşı, monitorinq qrupları da yaradılır. Bu qrupların səfərlərinə də vəsait lazım olur. Ona görə də ümumi büdcənin formalaşması üçün Azərbaycan da daxil olmaqla, hər bir dövlət pul ödəyir. Bu vəsait isə dövlətlərin əhalisinin və ərazisinin sayından asılı olaraq dəyişir. Təbii ki, Azərbaycan ora Rusiya kimi 11 milyon avroya yaxın vəsait ödəmir. Çünki Azərbaycanın əhalisi az, ərazisi isə Rusiya ilə müqayisədə çox kiçikdir. Azərbaycanın eyni zamanda həm BMT-də, həm də Avropa Şurasında üzvlük haqları çox kiçik olar. Ümumiyyətlə, vəsaitlər həmin təşkilatlara üzvlük haqqı formasında ödənilməsə, onların fəaliyyətləri də iflic olar. Azərbaycanla AŞ PA münasibətlərinə gəlincə isə onu qeyd edim ki, biz indiyədək elə yerimizdə sayırıq. Nə çox irəliləyiş var, nə də münasibətlərdə geriləmə müşahidə edilmir. Qarabağla bağlı AŞ PA-nın qəbul etdiyi qətnamələr birmənalı şəkildə deyərdim ki, Azərbaycanın xeyrinədir. Bizim də əsas problemimiz elə Qarabağdır. Ancaq insan haqları, demokratiya ilə əlaqədar qəbul edilən qətnamələr Azərbaycan hakimiyyətində narazılıq yaradır ki, bu da münasibətlərin gərginləşməsinə səbəb olur. Lakin onu da qeyd etmək lazımdır ki, Rusiyadan fərqli olaraq, hər halda, Azərbaycanın Avropa Şurası ilə gərgin münasibətləri yoxdur. İkitərəfli əməkdaşlıq hər iki tərəfin xeyrinədir”.
Onu da qeyd edək ki, Azərbaycanın 2015-ci il dövlət büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərcləri üzrə 162,2 mln. manat vəsait istifadə olunub. Bu vəsaitin 9,1 mln. manatı Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq ictimai-siyasi təşkilatlara üzvlük haqqına yönəldilib.