“Təlimlər hərbi əməkdaşlıq haqqında müqavilələrə və plana uyğun şəkildə həyata keçirilir”

İki qardaş ölkənin ordusu bir əsr sonra yenidən Qarabağın işğaldan azad olunması əməliyyatını reallaşdıra bilərmi; politoloq: “Hərbi birləşmə yaratmaq, hərbi-siyasi blokda təmsil olunmaq siyasi qərar əsasında həyata keçirilir, bunun üçün isə çox qısa bir zaman lazımdır”
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimlərinə start verilib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata işğalçı Ermənistanın necə reaksiya verəcəyi maraqlıdır. Lakin hələlik düşmən Azərbaycanda keçirilən təlimlər mövzusunda susmağa üstünlük verir.
Rəsmi məlumatda isə qeyd olunur ki, mayın 5-dək davam edəcək təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır. Birgə təlimlərdə şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və minaatanlar, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədi ilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edir. Təlimlərə hazırlıq dövründə türkiyəli hərbçilər üçün bir sıra mədəni-kütləvi tədbirlərin keçirilməsi planlaşdırılıb.
Düşmən Türkiyə əsgərinin Azərbaycanda olmasından şübhəsiz ki, əndişə keçirir. Ötən ilin aprel döyüşlərində Azərbaycan əsgəri düşmənə sarsıdıcı zərbə vurandan sonra erməni mediası döyüşənlərin “bozqurdlar” olduğunu iddia etmişdi. Şübhə yox ki, düşmən bir əsr öncə Azərbaycanı erməni-bolşevik quldurlarından xilas edən Türk əsgərinin qəhrəmanlıqlarını unutmayıb və növbəti dəfə Qarabağı Azərbaycan-Türkiyə əsgərinin birgə azad edəcəyindən dolayı təşviş keçirir. Düzdür, bunun üçün bir sıra baryerlər var. Ancaq reallıq bundan ibarətdir ki, Ermənistanın Rusiyadan aldığı “İsgəndər M” raket kompleksləri həm də Türkiyəni təhdid edir. Digər tərəfdən, Azərbaycan torpaqlarının işğalda qalması qardaş ölkə üçün də üzücü bir məsələdir. Həm də Rusiya-Ermənistan hərbi müttəfiqliyinin yarandığı, Ermənistanda birgə ordunun təsis olunduğu, üstəlik, işğalçının KTMT çətiri altında gizləndiyi şəraitdə Azərbaycan və Türkiyənin birgə hərbi təşkilat yaratması, yaxud vahid baza təsis etməsi zərurəti meydana çıxır, hətta bunu qadağan edən məsələlər olsa da. Çünki terror və işğaldan qorunmaq üçün alternativlər axtarmaq hər bir dövlətin təbii haqqıdır. Bu mənada hazırda keçirilən və artıq ənənə halını alan hərbi təlimlərin məntiqi yekunu olaraq bir gün iki qardaş ölkənin əsgərinin işğal zonasına doğru irəliləməsini da Azərbaycanda hər kəs arzu edir. Onu da xatırladaq ki, Qarabağdakı nəzarətsiz ərazilər həm də Türkiyəni təhdid edən xain qruplaşmalar üçün təlim zonasına çevrilib, o torpaqların işğaldan azad edilməsi həm də Türkiyənin maraqları baxımından çox önəmlidir.
Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Türkiyə-Azərbaycan hərbi təlimləri iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında müqavilələrə və planauyğun şəkildə həyata keçirilir: “Şübhəsiz ki, iki ölkə arasında hərbi əməkdaşlığın genişləndirilməsi hər bir azərbaycanlının arzusudur. Lakin mövcud şərait, Türkiyənin NATO üzvü olması, Türkiyə-Rusiya münasibətləri və digər amillər əməkdaşlığın indikindən daha geniş müstəviyə keçməsinə imkan vermir. Rusiya ilə Ermənistanın hərbi əməkdaşlığı hüquqi baxımdan hər iki ölkə arasında imzalanmış müqavilələrə və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnaməsinə uyğun şəkildə həyata keçirilir. Təbii ki, prosesin arxasında Rusiyanın geosiyasi maraqları və imperiya ambisiyaları dayanır. Lakin Rusiya ilə Ermənistan eyni hərbi-siyasi blokda təmsil olunurlar”.
Azərbaycana gəldikdə, politoloq ölkəmizin Qoşulmayanlar Hərəkatının üzvü olduğunu, Türkiyənin isə bir NATO üzvü olmasını xatırlatdı: “İki ölkənin vahid hərbi birləşmələrinin yaradılması üçün uyğun bir format olmalıdır. Ya Türkiyə NATO-nu tərk edərək Azərbaycanla ikitərəfli hərbi əməkdaşlıq və qarşılıqlı hərbi yardım haqqında müqavilə imzalamalıdır, ya həm Türkiyə, həm də Azərbaycan KTMT-yə üzv olmalıdır, ya da tamamilə fərqli bir hərbi-siyasi formatda bir araya gəlməlidirlər. Bunların isə heç biri real deyil”. E.Mirzəbəylinin fikrincə, bu baxımdan, indiki şəraitdə ən optimal yol hər iki ölkənin silahlı qüvvələri arasında təlimlərin intenivləşdirilməsi, vahid mərkəzdən idarə olunmağa imkan yaradan bazanın formalaşdırılmasıdır: “Hərbi birləşmə yaratmaq, hərbi-siyasi blokda təmsil olunmaq siyasi qərar əsasında həyata keçirilir. Bunun üçün isə çox qısa bir zaman lazımdır”.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) baş katib kimi mayın 2-dən işə başlayan erməni general Yuri Xaçaturovun Qarabağ münaqişəsində tutacağı mövqe dünya KİV-lərinin də diqqətini cəlb edir. İstiPress-in məlumatına görə, analitik Coşua Kuçer “Eurasianet.org ttp://www.eurasianet.org/node/83371"da yazdığı məqaləsində erməni ekspertlərdən sitat gətirərək Yuri Xaçaturovun erməni maraqlarının əleyhinə işləyə biləcəyini bildirir. O, ehtimalını KTMT-nin mahiyyəti ilə izah edir: ”KTMT-yə üzv dövlətlər kollektiv şəkildə bir-birini müdafiə etməlidir. Amma Qarabağ ətrafında baş verən daha ciddi münaqişəyə KTMT-nin müdaxiləsinin xarakteri aydın deyil. KTMT-nin Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan və hüquqi olaraq Azərbaycana məxsus Dağlıq Qarabağı deyil, yalnız Ermənistanı müdafiə etməli olması vəziyyəti bir az dümanlandırır. Əgər həqiqi müharibə başlayarsa, bu fərq daha da qeyri-müəyyənləşə bilər".
Coşua Kuçer erməni ekspertlərə istinad edərək Xaçaturovun erməni maraqlarının əleyhinə işləyə biləcəyini də istisna etməyib. Məqalədə göstərilir ki, erməni analitik Vigen Akopyanın sözlərinə görə, Xaçaturov erməni olsa da, faktiki olaraq erməni maraqlarının əleyhinə işləyə bilər: “Bir tərəfdən, KTMT-nin mövqeləri güclənə bilər. İkinci tərəfdən, Xaçaturov tərəfkeş kimi görünməmək üçün lazım olandan daha nəzakətli və ehtiyatlı davrana bilər”.
Rusiya İqtisad Universitetinin dosenti Aleksandr Perenciyevin fikrincə, Xaçaturov Qarabağ münaqişəsinin həlli üçün Azərbaycanı razı salan variant təklif edə bilər: “Bu cür bəyanatlar Azərbaycanda gülüş, yaxud da daha kobud reaksiya doğura bilər. Ancaq siyasətdə problemlər hərdən həll üçün heç bir şəraitin olmadığı düşünülən zaman həll edilir”.
Amma bütün bunlar versiyadır və bəlkə də Azərbaycanı rahat salmaq məqsədi güdür. İstənilən halda, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi öz ordusundan, öz əsgərlərindən və generallarından başqa heç bir qüvvəyə inanmamalıdır.
Hər halda, bütün şərhlərin sonluğunda bu qənaətə gəlmək olar ki, sözügedən iddialar Xaçaturovun Rusiyadan asılılığını ört-basdır etmək cəhdidir. O da mümkündür ki, Azərbaycan-Türkiyə hərbi birliyinin daha da inkişaf etməsini istəməyən qüvvələr bu cür metodlarla aranı sakitləşdirmək istəyirlər.