Xocalı soyqırımı ilə bağlı petisiyanın acınacaqlı nəticəsi...

Fazil Mustafa: “Əgər bunu etmiriksə, ermənini qınamalı deyilik”; Elxan Şahinoğlu: “Rusiyadakı səfirimizin başı indi başqa işlərə qarışıb”
Rusiyalı politoloq Oleq Kuznetsov Xocalı soyqırımının tanınması ilə bağlı qərar layihəsini Rusiya Dövlət Dumasına təqdim etmək üçün petisiya hazırlayıb. Petisiya üçün 200 min səs tələb olunduğu halda ötən iki ay ərzində cəmi 16 min 400 səs yığılıb. Petisiyanın müddəti 6 aydır, artıq bunun da iki ayı gedib.
Bu haqda Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə “Yeni Müsavat”a verdiyi sonuncu müsahibəsində bildirib. Deputatın Xocalı soyqırımı ilə bağlı başladılan petisiyanın acınacaqlı nəticəsi haqda verdiyi məlumat geniş müzakirə mövzusuna çevrilib. Suallar doğur: Rusiyada yüz minlərlə azərbaycanlı yaşadığı halda, niyə Xocalı faciəsi ilə bağlı 200 min səs toplana bilmir? Bu məsələdə Rusiyadakı səfirliyimiz, Azərbaycan diasporları, yoxsa soydaşlarımızın özləri fəallıq göstərmir?
Məsələ ilə bağlı danışan millət vəkili Fazil Mustafa “çoxlu sayda azərbaycanlı olmaq, çoxlu sayda səs demək deyil ki” - deyə qeyd etdi: “Güney Azərbaycanda da çoxlu saydayıq, farslardan çoxuq, amma həm də millət olaraq, yoxuq. Bu da onun bir nümunəsidir. Buna görə də burda təəccüblü bir şey yoxdur. Rusiyada daha anlayışlı, problemləri bilən azərbaycanlı sayı məhduddur. İsraillilərin sayı bizdən də azdır, amma onların kəşflərinə, həyat səviyyələrinə baxın. Bizim də görüntümüz o cürdür. Rusiyada işləmək lazımdır, məsələlərin həlli barəsində çalışmaq lazımdır ki, oradakı azərbaycanlıların dünya görüşündə nələrisə dəyişmək mümkün olsun. Yəni, təkcə məmurların deyil, həm də millətin dünya görüşü aydın olmalıdır. Əgər bunu etmiriksə, ermənini qınamalı deyilik”.
Politoloq Elxan Şahinoğlu isə qeyd etdi ki, bu məsələdə Azərbaycanın Rusiyadakı səfirliyi ciddi işlər aparmalıdır:
“Xocalı soyqırımı ilə bağlı müxtəlif ölkələrin parlamentlərində qətnamələr qəbul olunub. Amma bizim üçün ən önəmlisi odur ki, Rusiya Dövlət Dumasında da bu cür qətnamə qəbul olunsun. Çünki Rusiya bölgənin aparıcı dövlətidir, Ermənistanla müttəfiqdir və biz hamımız bilirik ki, Dağlıq Qarabağ münaqişəsinin həllində böyük təsirə malikdir. Yəni istəsə münaqişənin həllini sürətləndirə bilər. Onu da bilirik ki, Rusiyada güclü erməni lobbisi var, üstəlik də Rusiyada qondarma ”erməni soyqırımı"nın tanınması ilə bağlı Rusiya Dövlət Dumasının qəbul etdiyi qətnamə var. Ona görə də biz önəm verməliyik ki, Dumada Xocalı soyqırımı ilə bağlı da qətnamə qəbul olunsun. Və çox yaxşı haldır ki, rusiyalı politoloq Oleq Kuznetsov çox böyük təşəbbüslə çıxış edib. Amma hiss olunur ki, ona dəstək yoxdur. Bəs dəstəyi kim verməlidir? Oradakı diasporumuz və özəlliklə də səfirliyimiz. Maraqlıdır ki, Rusiyadakı səfirliyimiz və səfirimiz Polad Bülbüloğlu bu istiqamətdə hansı işləri görüb? Bir müddət öncə jurnalistimiz Rusiyanın xarici işlər naziri Serqey Lavrova çox haqlı sual verdiyinə görə Bülbüloğlu bir günün içində onu işdən çıxartdırdı. Jurnalisti işdən çıxartmaq üçün böyük ağıla malik olmaq lazım deyil. Ağıl bu işdə lazımdır ki, Xocalı soyqırımı ilə bağlı 200 min imza toplansın. İşləmək lazımdır. Kuznetsova belə bir dəstək olmayacaqsa, biz iki qat zərbə alacağıq. Həm petisiya ilə bağlı gərəkli səs toplanmayacaq ki, Dövlət Dumasının müzakirəsinə çıxarılsın, həm də belə çıxacaq ki, Xocalı soyqırımı ilə bağlı Rusiyada bizə dəstək yoxdur. Ermənilər isə bundan sevinəcəklər ki, 10 milyon əhalisi olan, Rusiya ilə neçə milyard dollar ticarət mübadiləsi olan Azərbaycan kimi bir dövlət 200 min nəfərin səsini toplaya bilmir. Bu, bizim üçün böyük zərbə olacaq. Ona görə də nə qədər ki, gec deyil, səfir Polad Bülbüloğlu məsələyə ciddi yanaşmalıdır. Amma hiss edirəm ki, səfirimizin başı indi başqa işlərə qarışıb, YUNESKO-nun sədri olmaq üçün mübarizəyə girişib. Əgər səfirimiz, diasporumuz bu məsələdə ciddi işlər aparmasa, Oleq Kuznetsov təkbaşına bu işin öhdəsindən gələ bilməyəcək".
Məsələ ilə bağlı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da mövqeyini öyrənməyə çalışsaq da zənglərimiz cavabsız qaldı.