Qarışan dünya və Azərbaycanın seçdiyi yol...

Regionda və dünyada baş verənlərin fonunda Azərbaycanın balans taktikası müsbət qiymətləndirilir; Elxan Şahinoğlu: “Bölgədə hadisələr sürətlə inkişaf edir və hər birinə adekvat reaksiya vermək lazımdır; çevik siyasətə ehtiyac var”
Azərbaycan hökumətinin zaman-zaman uğurlu xarici siyasət yürütdüyünü müstəqil ekspertlərlə yanaşı, bir çox müxalifət təmsilçiləri də etiraf edir. Hər bir dövlətin bel sütunu sayılan həm hərbi, həm siyasi, həm də iqtisadi sahələrdə rəsmi Bakı digər dövlətlərlə balanslı siyasətə üstünlük verir ki, bu da daim ölkəmizi təhlükələrdən qoruyur.
Çətin bir regionda yerləşirik; təhlükəli qonşu dövlətlərimiz var. Habelə, zaman-zaman İrana qarşı müharibə təhdidləri var. Bütün bunların fonunda Azərbaycan Rusiya, Qərb və İranla münasibətdə elə siyasət yürüdür ki, ilk növbədə təhlükəsizliyimiz təmin olunur. Ölkə iqtidarı balanslı siyasətə önəm verir, Qərbdən qopmur, əksinə, əlaqələrini genişləndirməyə davam edir. Paralel olaraq da Rusiya və İranla da münasibətləri normal saxlamaq üçün əlindən gələni edir.
Bəziləri hesab edir ki, artıq rəsmi Bakı konkret istiqamətini müəyyən etməlidir, yəni ya Qərbin, ya da Qərblə burun-buruna gələn Rusiyanın yanında olmalıdır. Bunun təhlükəli olacağını düşünənlər isə kifayət qədər çoxdur.
Politoloq Elxan Şahinoğlu Azərbaycanın yürütdüyü siyasətin getdikcə çətinləşdiyini düşünür: “Rəsmi Bakıya balans siyasəti yürütmək getdikcə çətinləşir. Biz Gürcüstan və Ukraynadan fərqli olaraq NATO üzvlüyünü qarşımıza hədəf qoymadıq. Bəlkə də bu düzgün siyasət idi. Çünki Gürcüstan və Ukrayna bu hədəflərini elan etdikdə avtomatik Rusiya ilə münasibətləri daha da gərginləşdi və Moskva bu ölkələri parçaladı. Doğrudur, bu o demək deyil ki, biz müstəqil qərar verməməliyik. Əlbəttə, əgər biz bilsəydik ki, NATO-ya üzvlüyümüz qısa müddətdə həll oluna bilər, Rusiya və İranın əks-reaksiyasını nəzərə alaraq riskə getmək olardı. Ancaq təminat yoxdur ki, NATO Azərbaycanı qısa müddətdə üzvlüyə qəbul edə bilər. Buna görə indiki mərhələdə ən yaxşısı elə ordunu NATO standartlarına yüksəltməklə məşğul olmaqdır. Ancaq bu o demək deyil ki, biz NATO-nun üzvü olan Türkiyə ilə hərbi əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə keçirə bilmərik. Fikrimcə, Rusiya-Ermənistan hərbi ittifaqı qarşılığında Azərbaycan da Türkiyə ilə oxşar ittifaq yaratmalı və Türkiyənin Azərbaycanda bir neçə hərbi bazasının yerləşdirilməsi danışıqlarına başlamalıdır. Cənubi Qafqazın iki dövləti seçimini edib. Ermənistan Rusiyanın siyasi-hərbi müttəfiqidir, Gürcüstan isə NATO üzvlüyünə çalışır. Bu cür durumda Azərbaycanın neytral qalması çətindir. Azərbaycanın Qoşulmayanlar Hərəkatına üzv olması da təhlükəsizlik problemlərimizi həll etmir.
Məsələn, Səudiyyə Ərəbistanı ”İslam NATO"su yaratmaq istəyir və yeni blokda Azərbaycanı da görmək istəyir. Rəsmi Bakı İranın buna kəskin reaksiyasını nəzərə alır. Ancaq məsələ burasındadır ki, biz hər dəfə Rusiya və İranın regional təhlükəsizlik maraqlarını nəzərə alsaq da, onlar Azərbaycanın təhlükəsizlik maraqlarını nəzərə almırlar. Belə olan halda biz niyə onların maraqlarını diqqətə almalıyıq? Bizə nə xeyirdirsə, ona üstünlük verməliyik. Rusiya böyük qonşumuzdur. Bu ölkə Ermənistanın siyasi və hərbi müttəfiqi olmasına baxmayaraq Rusiya ilə normal münasibətləri davam etdirmək məcburiyyətindəyik. Buna baxmayaraq, Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsi də sezilir. Mənə elə gəlir ki, Qərblə münasibətlərdə Rusiya amilini şişirtmək lazım deyil. Məsələn, Azərbaycanın neft və qaz layihələrinin mütləq əksəriyyəti Rusiyadan yan keçir. Bu doğru siyasətdir. Əlbəttə, rəsmi Bakının enerji siyasəti Rusiyanın maraqlarına uyğun deyil.
Buna baxmayaraq, bu, bizim və Qərbin maraqlarına uyğundur. Rəsmi Bakı bu siyasəti davam etdirir. Hətta Amerika prezidentləri azərbaycanlı həmkarları İlham Əliyevə göndərdikləri məktublarda hər zaman məhz Azərbaycanın dünya bazarlarına çıxardığı enerji resurslarına diqqəti çəkirlər. Bu siyasət bizim müstəqil qərarvermə mexanizmimizi gücləndirməlidir".
Politoloq ilk növbədə Azərbaycanın öz maraqlarından çıxış etməsinin vacibliyindən söz açdı: “Birinci növbədə Azərbaycanın maraqları ön planda tutulmalıdır. Türkiyə bizim strateji müttəfiqimizdir və hərbi əlaqələri genişləndirməliyik. Ancaq hətta müttəfiqlər arasında da bəzən suallar yaranır. Məsələn, Ankaranın Tel-Əvivlə münasibətləri soyuyanda Türkiyənin Azərbaycandakı səfiri demişdi ki, ”Bakı gərək İsraillə münasibətlərinə yenidən baxa". Bu, Ankaranın Bakıya mesajı idi. Ancaq bu bizim maraqlara uyğun deyildi. Çünki biz İsraildən müasir silahlar alırıq və bu ölkəyə elə Türkiyə üzərindən neft satırıq. Nə yaxşı ki, Türkiyə ilə İsrail arasındakı münasibətlər tam da olmasa gərginlik mərhələsindən çıxdı. Yəni bizim Ankaraya mesajımız bu olmalı idi ki, “bəli, biz Türkiyənin maraqlarını nəzərə alırıq, ancaq İsraillə münasibətlərə yenidən baxılması Azərbaycanın xeyrinə deyil”. Azərbaycan-İsrail münasibətlərinin soyuması heç Türkiyənin də xeyrinə deyildi. Bölgədə hadisələr sürətlə inkişaf edir və hər birinə adekvat reaksiya vermək lazımdır. Çevik siyasətə ehtiyac var. Boşluq buraxmaq olmaz. Məsələn, Kipr Respublikasının xarici işlər naziri İoannis Kasoulides Ermənistanın müdafiə naziri ilə görüşü zamanı Dağlıq Qarabağın Ermənistana “aid olduğunu” bildirib. Bir gün sonra Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verdi. Açıqlamada kiprli nazirin səsləndirdiyi fikirlərin beynəlxalq hüquqa və Avropa İttifaqının Azərbaycanın ərazi bütövlüyünü dəstəkləmə siyasətinə zidd olduğuna dair fikirlər yer alıb. Bunlar hamısı doğrudur. Ancaq Hikmət Hacıyevin açıqlamasında diqqətimi ən çox çəkən bu cümlə oldu: “Şimali Kipr türklərin əsrlər boyu köklü xalq kimi yaşadığı ərazidir və onların da öz müqəddəratını təyin etmək hüququ vardır”. Həqiqətən, əgər Kipr yunanlarının naziri Dağlıq Qarabağı Ermənistana birləşdirirsə, biz niyə Kıbrıs türklərinin müstəqil yaşamaq hüququnu tanımamalıyıq? Yaxşı yadımdadır, rəsmi Bakı 2000-ci illərin əvvəllərində Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə təmasların genişləndirilməsinə qərar verdikdə, Afinadan təcili olaraq Bakıya diplomatik desant göndərildi. Bizə anlatmaq istədilər ki, KKTC-ni rəsmən tanısaq, Afina da Dağlıq Qarabağla bağlı “adekvat” addım ata bilər. O zaman rəsmilərimiz Afinanı eşitdi. Növbə bizimdir. Bu dəfə bizim diplomatlar Afinaya gedib onlara anlatmalıdırlar ki, əgər Kipr yunanlarının naziri İrəvanda verdiyi açıqlamaya düzəliş etməsə, biz KKTC ilə bağlı yarımçıq saxlanılan işi davam etdirə bilərik. Boşluq buraxsaq və ya vaxtında reaksiya verməsək, hadisələr bizim əleyhimizə inkişaf edə bilər".