Pandemiyanın dünya üzrə geri çəkildiyini demək tezdir

Tibb professoru: “Bu yay da maskada gəzə bilərik”
Dünyada son bir gündə koronavirusa 413 mindən çox yoluxma qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu barədə son məlumatında qeyd edilir ki, “COVID-19"dan ümumi 12 787 pasiyent ölüb.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 26 923 756 nəfər virusa yoluxub. Daha sonra Hindistan (10 871 294), Braziliya (9 599 565), Rusiya (4 027 748), Böyük Britaniya (3 985 165), Fransa (3 328 987), İspaniya (3 023 601), İtaliya (2 668 266), Türkiyə (2 556 837), Almaniya (2 310 233), Kolumbiya (2 166 904) və Argentina (1 993 295) gəlir.
Con Hopkins Universitetinin yaydığı məlumata görə isə, dünyada 107,38 milyondan çox insan koronavirusa yoluxub, 2,36 milyondan çoxu ölüb. Sıralama olaraq ABŞ (27,28 milyon), Hindistan (10,87 milyon), Braziliya (9,66 milyon) və İngiltərə (3,99) milyon) ilk dördlükdədir.
Rusiya isə 3.98 milyon nəfərlə beşinci yerdədir. Yoluxma sayına görə qonşu ölkə ön sıralarda olsa da, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov gələcəyə çox pozitiv yanaşıb, o deyib ki, yayda artıq maskasız gəzə biləcəklər.
Bu arada ÜST rəsmisi Hans Kluge bildirib ki, COVİD 19-un yeni ştammları yeni pandemiya yaratmasa da, ölümlərə səbəb ola bilər: “Sayıq olmalıyıq, çünki virus daha sürətli yayılarsa və peyvənd olunan insanların hərəkəti artarsa, ölüm hallarının sayında da artım ola bilər. Dürüst olmalıyıq: 2021-ci il növbəti COVID-19 ili olacaq. Amma daha idarəolunan, daha çox proqnozlaşdırıla bilən halı ilə”.
Göründüyü kimi, dünyada pandemiya ilə bağlı təzadlı fikirlər yürüdülməkdədir. Bəs görəsən Azərbaycanda vəziyyət necə olacaq? Bizdə də insanlar yayda maskasız gəzə biləcəkmi?
Rafiq Bayramov
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramov “Yeni Müsavat”a danışıb: “Dünyada gedişat necə olacaqsa, təxminən oxşar bir vəziyyət bizdə də olacaq. Düzdür, ayrı-ayrı ölkələrdə bu virusla bağlı mübarizə tədbirlərinin necə təşkil olunmasının da buna təsiri var. Amma deyim ki, Azərbaycanda da istər qanunvericilik tərəfdən, istərsə də mübarizə tədbirləri baxımından yetərincə işlər görülür. Bunun nəticəsidir ki, son günlərdə, son həftələrdə virusa yoluxanların sayında gözəçarpan dərəcədə azalma var. Yayda maskasız gəzəcəyik, yaxud da ölənlərin sayı artacaq, açığını deyim o proqnozun hansının doğru olacağını zaman göstərər. Mən düşünürəm ki, maskasız gəzməyimiz mümkün olmayacaq, qapalı yerlərdə, insanların sıx olduğu yerlərdə yayda da maska ilə olacağıq. Ümumi olaraq həm peyvəndlənmənin, həm də kollektiv immunitetin yaranması hesabına bu infeksiya indiki kimi təhlükəli olmayacaq, tezliklə normal həyata dönəcəyik”.
R.Bayramov son günlər həkimlər arasında uşaqların peyvəndlənməsi, məktəblərin bağlanması ilə bağlı yaranan əks fikirlərə də münasibət bildirib: “Artıq bir ildir dünyada bu infeksiya ilə sıx təmasda olaraq yaşayırıq, xəstələrlə təmasda oluruq. Öz rast gəldiyim hallarla bağlı deyim ki, şükür ki, uşaqlar arasında bu infeksiyanı ağır keçirənləri müşahidə etməmişəm. Xoşbəxtlikdən ailədə yoluxanlar olub, amma uşaqlar ya çox yüngül keçirib, ya da heç kliniki əlamətləri müşahidə olunmayıb. Bu, o demək deyil ki, uşaqlar yoluxmur, xəstələnmir. Amma daşıyıcılıq baxımından təbii ki, bu aktual bir məsələdir. Yəni uşaqlar yoluxa bilər, özləri o qədər də hiss etməz. Amma virusu daşıyıb digər risk qrupunda olan insanlara keçirə bilər. Amma digər tərəfdən, virusun nə qədər davam edəcəyini proqnozlaşdırmaq çox çətindir. Özünüz də görürsüz, dünyada da iki təzad doğuran fikirlər səsləndirilir. Biri deyir maskasız gəzəcəyik, digəri deyir, ölənlər artacaq. Yəni bununla bağlı yalnız fərziyyələr irəli sürülə bilər. Amma bu müddətdə də artıq uşaqların dərsdən kənarda qalmaları, bunun uşaqlara mənfi təsirini düşünəndə epidemioloji vəziyyəti nəzərə alaraq müəyyən icazələr verilməlidir. Görürsünüz, uşaqlar müəyyən məhdudiyyətlərlə məktəblərə gedir. Yəni həftədə 2-3 dəfə məktəbə gedirlər. Bu formada başlamaqla tədrisin olması məqsədəuyğundur. Artıq onun davamı necə olacaq, onu həmin vaxt üçün epidemioloji vəziyyətə uyğun qərar vermək daha doğru olar”.
Qeyd edək ki, Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev pediatr Aytən İsmayılovanın uşaqların peyvənd olunmasına ehtiyacın olmaması fikrinə qarşı çıxıb. O bildirib ki, uşaqların və xüsusən də məktəblilərin pandemiyadakı və virusun yayılmasındakı rolu haqqında danışmaq üçün elmi əsaslı təhlillər olmalıdır: “Office for National Statistics in England-ın verdiyi rəsmi hesabata əsaslanan tədqiqat və Avstriyada aparılan digər önəmli tədqiqat mənim daha öncələr də bu haqda dediyim fikirlərimdə haqqlı olduğumu göstərdi. Bunlar onu bizə deməyə əsas verir ki, məktəblərin tam açılması təkcə Təhsil Nazirliyinin qərarı olmalı deyil. Məktəblərlə bağlı son qərar verilərkən bunun bu gün düşdüyümüz durumda epidemioloji tərəfdən də əhəmiyyəti nəzər alınmalı və düşünülmüş epidemioloji müdaxilələrdəki rolu da düzgün dəyərləndirilməlidir”.