İnfeksionist Mərdan Əliyev: “Mutasiya olmuş koronavirus bizə gəlib çatmaz...”

İngiltərədə koronavirusun mutasiya olunması barədə xəbərlərdən sonra bütün dünya ölkələri təşvişə düşüb. Almaniyada da son bir gündə 962 nəfər koronavirusdan dünyasını dəyişib. Avropa mətbuatı Robert Kok İnstitutuna istinadən xəbər verir ki, mütəxəssislər ölkədə COVID-19-un mutasiyaya uğramış 17 növünün aşkarlandığını bildiriblər. Artıq peyvəndin də təsirli olub-olmaması ciddi müzakirə mövzusudur. Bəzi əyalətlərdə virusdan ölən insanlar krematoriyada yandırılırlar.
Almaniyada koronavirusdan ölənlərin əksəriyyəti yaşı 80-dən artıq olan insanlardır.
Türkiyədə isə mutasiyaya uğramış virusun ölkəyə daxil olmaması üçün Səhiyyə Nazirliyi qabaqlayıcı tədbirlər görür. Artıq İngiltərə, Hollandiya, Danimarka və Cənubi Afrikadan Türkiyəyə uçuşlar dayandırılıb və 335 sərnişin PCR testindən keçirilib və sərnişinlər təcrid olunub. 14 dekabradək İngiltərədən gələn 4 min 603 sərnişin təcrid olunduğu qeyd edilir. Bununla belə, qardaş ölkədə virusun yayılma ehtimalından əndişələnirlər.
Azərbaycanda da son günlər bununla əlaqədar narahatlıq hökm sürür. Bəzi ekspertlər artıq koronavirus əleyhinə olan peyvəndlərin də kömək etməyəcəyi fikrindədirlər.
İnfeksionist-hepatoloq Mərdan Əliyev insanları narahat edən suallara aydınlıq gətirdi. O bildirdi ki, Azərbaycanda mutasiyaya uğramış virusun olma ehtimalı aşağıdır: “Mutasiya virusun antigenində gedib. Ona görə peyvəndlə elə bir əlaqəsi olmayacaq. Virus peyvəndə qarşı təsirini itirmir. Öldürücülük qabiliyyətinə də təsir göstərmir. Məsələn, deyək ki, bu virusda 2.5 nəfəri yoluxurdusa, mutasiyaya uğramış virus 3-4 nəfəri yoluxdurur. Amma bu say hələ dəqiq məlumat deyil. Amma mutasiya nə virusun potegenliyinə, nə də virulentliyinə təsir göstərir. Sadəcə, yoluxma qabiliyyəti artıb, başqa təhlükə yoxdur”.
İnfeksionist “qrip virusu üçün çoxvalentli peyvəndlər var, koronavirus peyvəndində də bunun tətbiqi ola bilərmi” sualını cavablandırıb: "Qrip virusu A və B qripi deyilən qrupa bölünür. Qış mövsümündə eyni vaxtda həm A qripi, həm də B qripi rast gəlinə bilər. Koronavirusun hələ ki növləri yoxdur. Yəqin ki, olmayacaq. Ona görə də orada çoxvalentli peyvəndə ehtiyac yoxdur.
Yəni virus mutasiyaya uğrasa da, yeni ştam əmələ gəlməyib. Sadəcə olaraq, xırda bir mutasiya var orada. Yəni o biri viruslar kimi - SARS, MERS, kimi deyil. Onlar da koronavirusdur axı... Onlar mutasiyaya uğrayıb yeni bir virusa çevrilib. SARS-dan sonra COVİD əmələ gəlib, ona da SARS-COV-2 deyillər. Bunlar yeni viruslardı, amma indiki xırda mutasiya sayılır, növünü dəyişməyib. Sadəcə olaraq, yoluxuculuq qabiliyyətini bir az artırıb".
M.Əliyev bildirib ki, insanların narahat olmasının əsas yoxdur: "Böyük ehtimalla bizə gəlib çatmaz, o vaxta qədər peyvənd olar. Həm də karantin dövrüdür, onsuz da ölkələrarası yollar bağlıdır".
Yeri gəlmişkən, məlumat üçün bildirək ki, vaksinlərin ölkəmizə gətirilməsində iki istiqamət müəyyən edilib. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı “Real TV”yə müsahibəsində deyib: “Onlardan biri çoxtərəfli platformadır. GAVİ (Qlobal vaksinasiya və immunizasiya) adlanan alyans mövcuddur. Həmin alyans bu il təxminən may ayında COVAX adlı təsisat yaradıb. Bu təsisatın əsas məqsədi ondan ibarətdir ki, dünyanın bütün ölkələrində vaksinlər ədalətli paylansın”.
Ramin Bayramlı
O bildirib ki, Azərbaycan da özünü maliyyələşdirən ölkələr qrupunda buraya daxil olub və geniş müzakirələrdən sonra COVAX təsisatına qoşulub: "Biz Koronavirusla Mübarizəyə Dəstək Fondunun ictimaiyyətə nəzarət şurasının toplantısında da məruzə etmişik və şura üzvlərinin rəyi ilə ilkin ödənişlər olunub. COVAX təsisatı çərçivəsində Azərbaycana gələn il vaksinlərin təklif olunacağını gözləyirik. Bu təsisat çərçivəsində vaksini əldə edən ilk ölkələrdən biri olacağıq".
TƏBİB sədri əlavə edib ki, bu gün təxminən 30-a yaxın vaksin tədqiqatçısının 7-8 vaksini ön plana çıxıb: “Onlardan da 5-i daha ön plana çıxıb və 3-cü klinik faza mərhələsinə daxil olub. Biz də bu tədqiqatçıların təmsil olunduğu şirkətlərlə daim ünsiyyətdəyik və ikitərəfli danışıqlarımız gedir. Vaksinlərin əldə olunması növbəti ilin yanvar ayında gözlənilir. Dəqiq tarix məlum olan kimi ictimaiyyətə açıqlanacaq. Burada bizim üçün ən vacib meyar təhlükəsizlik meyarıdır”.