Hər il dünya əhalisinin təxminən 20 faizi qripə yoluxur.

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa bürosunda mövsümi qrip təhlükəsini xatırladaraq, region əhalisini peyvənd olunmağa və yoluxma halları zamanı dərhal müalicəyə başlamağa çağırıblar. Hər il payız-qış mövsümü ərzində şimal yarımkürəsinin əhalisinin təxminən 20 faizi qripə yoluxur.
DST-nin mətbuat üçün hazırladığı məlumata görə, hazırkı mövsümdə Avropada A tipli qripə daha çox rast gəlinir.
Son vaxtlar regionda qripə yoluxma hallarının sayı artıb. DST ekspertləri əmindirlər ki, regionda qripin necə yayılması və virusun hansı dövri ştammlarının üstünlük təşkil etməsi barədə məlumatlar ölkələrə mövsümi qripin pik nöqtəsinə daha yaxşı hazırlaşmağa imkan verir.
“Qrip virusunun insanlarda xəstəlik əmələ gətirən iki tipi mövcuddur – A və B tipi. Hazırda regionda demək olar ki, mövsümi A tipli qripin bərabər nisbətdə 2 alttipi - A(H1N1) və birinci alttipdən çox cüzi üstün olan A(H3N2) dövr edir. B tipli qripə yoluxma hallarının sayı çox cüzidir”, - deyə mətbuat üçün məlumatda bildirilir. Lakin ekspertlər yaxın aylarda bu vəziyyətin dəyişəcəyini istisna etmirlər.
23 dövlətdən daxil olan məlumata görə, ümumilikdə, bu mövsüm qripdən ölənlərin sayı ötən bir neçə ilin analoji dövrü ilə müqayisədə göstəriciləri üstələmir. Lakin bir sıra ölkələrdə yaşlılar arasında qripdən ölüm halları artır.
DST-də bir daha region sakinlərini qrip əleyhinə vaksinlərə laqeyd yanaşmamağa çağırıblar. Həkimlər xatırladıblar ki, qripə yoluxduqdan sonra ağırlaşmaların inkişafının yüksək risk qrupuna yaşlı insanlar, hamilə qadınlar, azyaşlı uşaqlar, zəif immunitetə və xroniki patologiyalara malik insanlar daxildir. DST-də, həmçinin bütün tibb işçilərinə peyvənd etməyi məsləhət görürlər.
DST ekspertləri qrip əleyhinə vaksinlərin regionda dövr edən A tipli (H3N2), A tipli (H1N1) və B tipli bütün qrip viruslarını əhatə edəcəyi qənaətindədirlər.