Qızların erkən ailə qurması həyat üçün təhlükəlidir

Türkiyə Diyanət İşlər Nazirliyinin saytında qızların 9 yaşında, oğlanların 12 yaşında evlənməsinin mümkün olduğu barədə yayılan məlumat etirazlara səbəb olub. Belə ki, yayılan məlumatda qeyd edilib ki, insanların zinadan qorunması üçün evlənməsi vacibdir. Qız və oğlanlar yetkinlik yaşına çatdığı zaman evlənə bilər. Qızların 9 yaşında, oğlanların 12 yaşında ailə qurması mümkündür.
Sözügedən açıqlama insanlar tərəfindən birmənalı qarşılanmayıb və sərt tənqid olunub. Tənqidlərə cavab olaraq Dini İşlər İdarəsinin sədr müavini Əkrəm Kələş saytda yer alan sözlərin səhv başa düşüldüyünü bildirib: “Qızların 9 yaşında, oğlanların 12 yaşında evləndirilməsi insanlığa və əxlaqa ziddir. Qızlar 17, oğlanlar 18 yaşından əvvəl evlənməməlidir. 9-10-15 yaşında heç kim evlənməyəcək. Bu İslama ziddir. Saytda yazılanlar səhv başa düşülüb”.
Qeyd edək ki, evlilik yaşı Türkiyə Mədəni Qanununda 124-cü maddə ilə tənzimlənir. 17 yaşını tamamlayan qızlar və oğlanlar evlənə bilər. İstisna hallarda evlilik yaşının 16-ya endirilməsi mümkündür. Bu zaman isə valideynlərin fikirlərinə baş vurulur.
Azərbaycan qanunlarında isə nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün 17 yaş müəyyən olunub. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzürlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin konsulluğu tərəfindən onların xahişi ilə nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.
Bəs, qadın orqanizmi ailə qurmaq və ana olmaq üçün nə zaman hazır olur?
Milliqazet mövzu ilə bağlı mama-ginekoloq Səbinə Mirzəyevanın fikirlərini öyrənib.
Ginekoloq bildirib ki, erkən yaşda ailə quran qadınların orqanizmində bir çox fəsadlar yaranır: “Qadın orqanizminin öz formalaşma dövrü var. Bir qadının orqanizmi 18 yaşında tam formalaşır. O zaman bütün metabolizm inkişafda olur, ana dölün vitaminlərini, minerallarını ödəyə bilir. Qadınlar erkən yaşında hamilə qalanda problemlər başlayır. Çünki vitaminlər, minerallara özünün ehtiyacı olur və o, bunları körpəsinə ötürə bilmir. Bu səbəbdən erkən doğuşlar baş verir, ana bətnində döl tələf olur. Uşağın erkən cinsi həyata başlaması və hamilə qalması orqanizmə son dərəcə mənfi təsir göstərir. Hamiləlik dövrünün formalaşması prosesi çətinləşir, yalnız reproduktiv sistem formalaşmağa davam edir. Sümük, hormonlar, qan dövranı sistemi bu prosesi hələ tamamlamır. Buna görə, erkən hamiləlik və ya bir yeniyetməlik hamiləliyi son dərəcə təhlükəlidir. Yalnız komplikasiyonlar və nəticələr deyil, həm də ananın orqanizmin inkişafı və inkişafının pozulmasıdır. Sözügedən hamiləliklər uşaq-ananın ölümünə də gətirib çıxara bilir. Bir sözlə, qızların erkən ailə qurmasına və ana olmasına göz yummaq lazım deyil. Valideynlər diqqətli olmalıdır. Öz övladlarını təhlükəyə atmamalıdır. Maarifləndirici tədbirlər, verilişlər olmalıdır. Çünki bütün bunlar sağlam gələcəyimiz üçün vacibdir”.