Nə edirik və yaxud da nə etməliyik?..

Nə qədər fərqli və yaxud təkrarsız olmağa çalışsaq da biz insanlar hamımız demək olar ki, eyni mərhələləri keçir və eyni halları yaşayırıq.
Bəlli bir müddət keçəndən sonra hamı öz peşəsinin, ümumiyyətlə, məşğul olduğu sahənin “filosof”una çevrilir. Yeni nəsə etmək əvəzinə adamı daha çox “Necə etmək? Necə yazmaq? Necə oynamaq? Necə çəkmək?” kimi suallar məşğul etməyə başlayır.
Bu mənada jurnalistlər və jurnalistika da, hətta ictimai fəaliyyət də qətiyyən istisna deyildir. Elə bəndənizi də axır vaxtlar daha çox bu suallar ağuşuna alır - daha çox “filosofluq” etmək və siyasi jurnalistika, ictimai və siyasi fəaliyyət haqqında daha çox bir proses kimi danışmaq istəyirəm...
Bunun bir səbəbi də budur ki, müəyyən müddətdən sonra adam özünü peşəkar hiss etməyə başlayır, müəyyən qədər təcrübə topladığını güman edir və istər-istəməz onu bölüşməyə çalışır.
Lap elə yaxınlarda konkret olaraq peşəmizlə - jurnalistika ilə bağlı bir neçə yazı yazmışdım. İndi həmin yazılar bir-bir gəlib gözümün önündən keçir.
Daha nə demək olardı bu konteksdə? Yadıma istər-istəməz bir nəfərin vaxtilə dediyi sözlər düşür. Deyirdi ki, biz dahi deyilik, ona görə də çox işləməliyik.
Bəli, milli jurnalistika sahəsində ən ali mükafat H.Zərdabinin payına düşdü. Ona görə ki, birinci oldu...
Fəqət, qəmlənməyə dəyməz. Biz də elə etməliyik ki, axırıncı olmayaq - bizdən sonra da yazanlar olsun... Bizə də ayrılan missiya da elə budur...
Elə bu sətirləri yazanda qəfil ağlıma gəldi ki, təkcə bizim jurnalistikaya aid deyildir bu, böhran və bir azacıq da tənəzzül yaşayan bütün sahələrə aiddir. Məsələn, toy musiqiçisinin heç ağlına da gəlmir ki, özündən sonrakılar haqda düşünsün, özünün axırıncı olub-olmaması haqda baş sındırsın - düşünür ki, toy həmişə olacaq, insanlar həmişə atılıb-düşmək istəyəcək və onun da “sənət”inin davamçıları tapılacaq!..
Elə orta statistik rüşvətxor məmurun da belə qayğısı yoxdur. O da düşünür ki, “az işləyib, saz qazanmaq istəyənlər” həmişə olacaq və yetər ki, dövlət qulluğu ciddi təbəddülatlara məruz qalmasın, onda həmin məmurun övladları da dəridən-qabıqdan çıxacaqlar ki, atalarının “iş”ini davam etdirsinlər...
Belə qayğıları, məsələn, daha çox alimlər yaşayırlar. Ona görə ki, nə qədər deyilsə də, nə qədər vədlər verilsə də, gənclər, xüsusən də oğlanlar elm dalınca getmək istəmir, çünki bunda böyük perspektiv görmürlər.
Bir az əvvəldə toy musiqiçisindən yazdım. Onlardan fərqli olaraq əsl böyük musiqinin təmsilçiləri daim bu qayğını yaşayırlar. Ona görə ki, əsl böyük sənət böyük də səbir və əzm tələb edir, gənclikdə isə adətən bu bir azacıq az olur - gənclik nəticələri tez görməyə tələsir...
Eyni sözləri jurnalistika və ictimai fəaliyyət haqqında demək mümkündür. Bəli, zahirən böyük qayğı ilə əhatə olunmuş kimi görünsə də, jurnalistikanın bu ölkədə davamlı olub-olmayacağına ümid yoxdur. Eyni sözləri, bir azacıq fərqli olsa da, ictimai və hətta siyasi fəaliyyət haqda da demək mümkündür - bir nəsil nəsə etməyə çalışdı və çox şeyə nail ola bilmədi...
Ona görə də istər-istəməz düşünürsən ki, görən, bunun davamı olacaqmı? Gələcək nəsillər demokratiya üçün nəsə edəcəkmi? Yoxsa onlar da “Nəyimə lazımdır?” və yaxud da “Onsuz da hamısı oyundur!” deyib kənara çəkiləcəklər?..
Əgər buralar da Latviya, Estoniya və Litva olsaydı adam elə bir narahatlıq yaşamazdı. Amma bura Şərqdir. Burada hələki heç nəyin əsl mexanizmi qurulmayıb. İnsanlar despotizmə, dözümsüzlüyə, qəddarlığa meyllidir. Hərə bunu öz çevrəsində etməyə çalışır və edir də...
Nəticədə də xırda bataqlıqlardan böyük bir bataqlıq yaranır. Və min təəssüf ki, biz də hələ “Burada da qanun və azadlıq olacaq, burada da insan insanı eşidəcək!” deyə bilmirik.
Ona görə ki, bu illər ərzində tək onu qazanmışıq ki, ölkə müstəqil olub. Amma hətta bu da ürəyimiz isətəyən qədər deyil - ətraf müstəqilliyimizin əleyhdarları ilə doludur, müstəqilliyimizi fədakarcasına qorumaq istəyən isə o qədər də çox deyil.
Ona görə də rahatlıq tapmırsan, düşünürsən, necə edək ki, bizlər - demokratiya və müstəqillik naminə daim nəsə etmək istəyənlər axırıncı olmasınlar?..