Xoşbəxtlik üçün nə lazımdır?..

Dünyada iki anlayış da var ki, hələ də onları yetərincə təyin edə bilmirlər. Biri xoşbəxtlikdir, digəri isə gözəllik. Sonuncu ilə bağlı xüsusi bir elm də mövcuddur ki, bildiyimiz və bildiyiniz kimi buna estetika deyirlər...
Amma bu yazıda məni daha çox xoşbəxtlik məşğul edəcəkdir. Nədir xoşbəxtlik? İnsan özünü nə vaxt xoşbəxt hesab edir?..
T.Cefferson hələ İstiqlaliyyət Bəyannaməsinin preambulasında təməl hüquqlar sırasında “xoşbəxtliyə can atmaq hüququ”nu yazarkən bunun mahiyyətinin fərqində idimi? Görən, Tolstoyun qəhrəmanlarından kim daha çox xoşbəxt idi - döyüş meydanında ölməyi arzulayan və arzusuna çatan knyaz Bolokonckiy, yoxsa tüfəngi ona tuşlayan fransız əsgərinə də nifrətlə baxmağı bacarmayan P.Karatayev?..
Və yaxud 2012-ci ildə hər il martın 20-ni xoşbəxtlik günü elan edən BMT Baş Assambleyası bunun neçə adam üçün həqiqətən də bayram olacağının fərqinə varırdımı?..
Beləcə, suallar, suallar... Şəxsən mənə həmişə elə gəlibdir ki, insan o vaxt xoşbəxt olur ki, bu haqda düşünmür və “Mən nə bədbəxtəm, İlahi!” demir...
Amma sosioloqlar bununla da kifayətlənmir, onlar hər şeyi testləşdirməyi və axırda da müəyyən balla qiymətləndirməyi sevirlər. Elə bu günlərdə mən də bir sosioloqun bu xüsusdakı yazısını oxudum və bu yazıda “xoşbəxtlik testləri” kimi qəbul oluna biləcək müəyyən müddəalar vardı. Nə deyirdi həmin sosioloji yazı?
Belə məlum olur ki, insanın özünü xoşbəxt sayması üçün müəyyən kriteriyalar vardır və mən də elə həmin kriteriyaları bir - bir sizə təqdim edəcəm...
Birincisi, Sizin təməl ehtiyaclarınız ödənməlidir...
İkincisi, Sizin xəstəliyiniz olmamalıdır, xüsusən də psixi narahatlığınız olmamalıdır...
Üçüncüsü, həyatınızda məqsədyönlü bir fəaliyyət olmalı və o da Sizdə məmnunluq yaratmalıdır...
Dördüncüsü, gələcək və xüsusən də öz gələcəyiniz haqqında pozitiv təsəvvürünüz olmalıdır...
Beşincisi, Sizə dəstək verən ətrafınız olmalıdır...
Altıncısı, Sizin özünüz haqdakı təsəvvürünüz özünüzü qane etməlidir və kobud şəkildə desək, özünüzdən razı olmalısınız...
Beləcə, mən bütün kriteriyaları bircə-bircə sadaladım. Özüm də bilmirəm, onlar sizə öz xoşbəxtlik dərəcənizi müəyyən etmək üçün nə qədər yardımçı ola biləcəkdir...
Prinsipcə, əhatəli meyarlardır. Və müəyyən qənaət əldə etməyə imkan verir...
Ən əsası da onlar bir növ ümumiləşmiş xarakter daşıyır. Məsələn, insanlar var ki, onlar hər şeydən irəli ailə xoşbəxtliyini önə çəkirlər, gəl, bu da sizə dəstək verən ətraf məsələsidir - əgər sağlam ailəniz varsa, o halda demək olar ki, Sizi qiymətləndirən və Sizə ümid verən ətrafınız da var...
Ən qəliz məsələ gələcək məsələsidir... Elə ən böyük problem də odur ki, insanların çoxu gələcəklə bağlı nikbin olmur.
Görürsən ki, biri ölkəsi ilə bağlı müəyyən narahatlıq keçirir, kimini də dünyadakı proseslər və hətta dünyanın fəlsəfi mənasızlığı narahat edir - hər üç adamdan ikisi durub deyir ki, əşi, onsuz da beş günlük dünyadır...
Amma əsas bilirsinizmi, nədir? Odur ki, yaşamağın, həyatın alternativi yoxdur, daha doğrusu, var, amma bu ölümdür, yoxluqdur və heçlikdir... Bir vaxt mən də ekzistensialistlərlə çox maraqlanırdım, xüsusən də məni A.Kamyu çox məşğul edirdi. İndiki kimi yadımdadır ki, Kamyunun bir sualı - “Həyat onu yaşamağa dəyərmi?” sualı mənim diqqətimi yamanca çəkmişdi. Amma sonradan belə qərara gəldim ki, bu absurd fəlsəfənin ən absurd sualıdır, çünki ən azı ona görə yaşanmağa dəyər ki, başqa bir, bir azacıq fərqli alternativimiz yoxdur.
Onsuz da həyat kimi ölüm də labüd bir məsələdir və ölümə qovuşmağa tələsməyə dəyməz, çünki həyat daha sonsuz olan yoxluğun, ölüm adlı əbədi yeknəsəqliyin qarşılığında bircə andır, elə bir an ki, onun ölçüsü, ölçü vahidi yoxdur, çünki əbədiyyətin də davamlılığı haqqında hansısa bir təsəvvürə malik deyilik, bilmirik ki, əbədiyyət nə qədər çəkəcəkdir...
Nə isə... Deyəsən, fəlsəfəyə çox getdim.... Bəlkə də elə xoşbəxtliyin bir kriteriyası da odur ki, həyat və Dünya haqqındakı fəlsəfi ümumiləşmələr gərək səni qorxutmasın, təlaşlandırmasın, təşvişə salmasın...
Gərək, Dünya deyilən əzəmətli yaranışın elə əzəmətli mövcudluğu qarşısında baş əyməyi bacarasan. Ona görə ki, bütün bunlar - insan da, həyat da, Dünya da, onun ən kiçik zərrəsi və ən böyük toplusu da böyük bir möcüzədir..