Bir “yaralı nənə”, iki vicdansız, altı dələduz – Samir Sarının satirik hekayəsi

Neçə illər idi, Türbət hər səhər evdən çıxıb köhnə “Opel”inə oturanda Allaha dua edir, deyirdi, ey qurban olduğum, mənə də bir “lox” adam rast elə, mən də ona atım, beş-altı min qabağa düşüm.
Ancaq ya Allah-təala belə işlərlə məşğul olmurdu deyə Türbətin müraciətlərini cavabsız qoyurdu, ya dualar dil baryeri üzündən öz ünvanına çatmırdı, ya da hər nəydisə, Türbət öz potensial qurbanına rast olmurdu.
Əksinə, elə olurdu ki, Türbətin özünü, özü demişkən, “loxlayır”, taksistlik edərək qazandığı üç-beş manatı əlindən alırdılar.
Ancaq o, ümidini üzmürdü, inanırdı ki, bir gün ona da bir avam və pullu adam rast gələcək və o, həmin “lox” adamı yolub beş-altı min (hansı valyuta ilə fərqi yox idi) qabağa düşəcək. Avam adamın pullu olması nə qədər nadir insan tipi olsa da, Türbət ümidli idi. Ona rast olacaq adam pullu və qorxaq, pullu və səxavətli, pullu və başıxarab da ola bilərdi, dəxli yox idi.
Nəhayət, bir gün həmin hadisə baş verdi. Ya Allah-təala artıq Türbətin bitib-tükənməyn yalvarışlarından bezdi, ona görə Türbətin qarşısına elə bir adam çıxardı, ya da bu önünə çıxan hər adama potensial “lox” kimi baxan, şahidi olduğu hər hadisədən faydalanmaq istəyən Türbətin öz beyninin zəhmətiydi.
Hər nəydisə, o adam Türbətə rast oldu. Hadisə metro stansiyasına gedən yolun üstündəki şadlıq sarayının önündən keçən piyada zolağının üstündə baş verdi. Türbət o zolaqdan 20-30 metr aralıda “Opel”inin içində oturub müştəri gözləyirdi və ümid edirdi ki, kimsə gəlib ondan qəsəbəyə aparmasını xahiş edəcək və o da 4 manatlıq yolu 5-ə aparacaq, 1 manat qabağa düşəcək.
Bir yaşlı qadın asta-asta piyada keçidinin üstünə çıxıb yolun o tayına keçəndə Türbət fikirləşdi ki, rəhmətliyin qızı, bir az cəld ol də, bu saat maşının altında qalacaqsan.
Bir saniyənin içində onun düşündüyü hadisə baş verdi. BMW markalı, sedan növlü bir avtomobil sürətlə piyada keçidinə yaxınlaşdı, yolu keçməkdə olan qadını karıxdırdı, o gah irəli, gah geri addım atdı, sürücü də karıxdı və maşını oynatdı, tormozladı və avtomobilin quyruğu ilə qadına toxunaraq onu yerə sərdi.
Bütün bunlar Türbətin gözünün qarşısında baş verdi. Sürücü beş-alt metr qabağa verib, avtomobilini saxladı, güzgüdən yerdə sərili qadına baxdı və nə fikirləşdisə sürətlə sürüb getdi.
Türbət avtomobilin nömrəsini dərhal beyninə həkk elədi və qadının yerdən qalxıb özünü düzəltdiyini və heç nə olmamış kimi (güman ki, ciddi zədələnməmişdi) yoluna davam etdiyini görən kimi, maşınını işə salıb hadisə yerindən qaçan sürücünün ardınca sürdü.
BMW çox uzaqlaşmamışdı, 5-6 yüz metr irəlidə işıqforda dayanmışdı. Əslində təşviş keçirən sürücü işıqfordan sürüb keçər, saxlamazdı, amma önündə başqa maşınlar vardı, keçə bilməzdi. Yaşıl işıq yanan kimi o, sürətlə hadisə yerindən uzaqlaşmağa çalışdı, ancaq ondan daha usta sürücü olan, 30 illik ömrünün 17 ilini sükan arxasında keçirən Türbət tezliklə ona çatdı, ötdü, “saxla” işarəsi verərək, qabağını kəsdi, BMW-ni zorla saxlatdırdı.
O, maşınından düşüb BMW-nin üstünə gedəndə, onsuz da panikada olan sürücü xeyli qorxdu. 1 metr 80 santim boyu olan Türbət 110 kiloluq çəkisi ilə onun üstünə şığıdı, ayı pəncəsinə oxşayan əlləri ilə onun yaxasından yapışdı, avtomobilin qapısını açıb onu çölə çıxardı və bağırdı:
- Nənəmi vurub hara qaçırsan, əə, oğraş?
Sürücü o halda deyildi ki, “oğraş özünsən, bəs sən nənəni yerdə qoyub dalımca niyə gəlmisən” desin. O, ortaboylu, orta çəkili 38-40 yaşlı bir kişiydi.
Türbət əlini atıb maşının günlüyündən onun sənədlərini götürdü, köynəyinin cibinə qoydu və yenidən bağırdı:
- Ne day boq, arvada bir şey olsun, həzrət Abbas haqqı, səni öz əlimlə boğacam. Bax, bu əllərimlə.
O, iri əllərini az qala sürücünün gözlərinə soxacaqdı. Qəza törətmiş sürücü anladı ki, Türbət bu əllərlə onu doğrudan da boğa bilər. O, qorxusundan dodağı qurumuş, gözləri bərəlmiş şəkildə, ətrafa baxa-baxa (kömək ümidiylə) yalvarmağa başladı:
- Qardaş, vallah, qorxdum, panikaya düşdüm, heç bilmədim, necə sürüb gəlmişəm.
- Ne day boq, nənəmə bir şey olsun, - Türbət bir də hədələdi. Sonra hay-küyə yığışanlara eşitdirə-eşitdirə dedi:
- Qoca arvadı yerdə yaralı qoyub qaçmaq nə deməkdir, ay alçaq? Qoy görüm qardaşım onu xəstəxanya çatdıra bildimi? Arvad ölsə, sən də öləcəksən, bunu bil!
Onun hiddəti sonsuz idi. Kişi əsim-əsim əsirdi. Ətrafdakılardan heç biri onu bu qızmış ayının əlindən almağa çalışmırdı.Türbət kiməsə zəng vurdu və həyəcanlı səslə soruşdu:
- Qaqa, skoru gəldi? Apardın? Hara aparırsız? Respublikanskiyə? Yaxşı, indi mən də gəlirəm. Vuran adamı tutmuşam. Yanımdadır, götürüb gəlirəm. Canı üstündədir? Oldu. Yaxşı, yaxşı. Həkimlərə deyin, naməlum maşın vurub, qaçıb...
Sonra o, BMW-nin sürücüsünə döndü:
- Bəxtin gətirib, arvadın huşu üstündədir. Yoxsa...- bu yerdə o, sözünün davamını gətirə bilmədi, kövrəldi.
Adamın sevimli nənəsini “zebra”nın üstündə vuran və yaralı qoyub qaçan sürücü “naməlum maşın” söhbətinə görə bir az toxtadı, amma kənardan onlara tamaşa edən adamların baxışları altında əzilirdi, ona görə də Türbətə təklif etdi ki, bir az qabağa sürüb sakit yerdə söhbət eləsinlər.
Canı “yaralı nənə”sinin yannda qalan Türbət razılaşdı və onlar avtomobillərinə oturub 5-6 yüz metr irəliyə sürdülər, saxladılar, maşından düşüb qəzanın nəticələrini aradan qaldırmağın yollarını müzakirə etməyə başladılar.
Adam özünü təqdim etdi:
- Mənim adım Cəsarətdir, dövlət işində işləyirəm.
Türbət dirəşib onun konkret hansı dövlət işində işlədiyini soruşdu, gömrükçü olduğunu öyrənib daha da sevindi, “hə, bu əsl sağmalı inəkdir”deyə düşünüb dedi:
- Sən bilirsənmi ki, bu hadisəyə görə səni sistemdən də qovacaqlar – xüsusilə də yaraladığın adamı yerdə qoyub qaçdığına görə.
Cəsarət müəllim onsuz da baş vermiş hadisəyə görə çox pərt və peşman idi, başına gələcəkləri də bilirdi, ona görə Türbət nə deyirdisə, dərhal razılaşırdı. Təki məsələ böyüməsin, hüquq-mühafizə orqanları qarışmasın.
- Sən belə elə, - Türbət təklif verdi. – Sənədlərin məndə qalır, get qohum-qardaşını topla, gəl xəstəxanaya, həkimin, dava-dərmanın xərcini çək. Allah eləsin, arvad ölməsin, ölsə day bilmirəm, nə olacaq...
O, yenidən kövrəldi. Cəsarət ona təsəlli verdi, “Allahın köməyilə heç nə olmaz” dedi və özü də sidq-ürəkdən arzuladı ki, heç nə olmasın.
Sonra o, avtomobilinin mücrüsünü açdı, ordan bir çəngə pul çıxarıb Türbətə verdi, dedi ki, sən get, xəstəxananın xərcini çək, mən də fırlanıb gəlirəm.
Türbət sürücülük vəsiqəsini ona qaytardı, amma əvəzində şəxsiyyət vəsiqəsini və avtomobilin texniki pasportunu özündə saxladı, telefon nömrəsini götürdü.
Cəsarət kor-peşman şəkildə maşınına oturub getdi. Türbət tez maşına oturub pulu saydı, 1850 manat idi. “Allah bərəkət versin, amma bu hələ avansdır, çox tərləyəcəksən, Cəsi”, - Türbət düşündü.
Sonra o, özündən balaca qardaşı Mürvətə zəng vurdu, hadisəni qısa şəkildə ona danışdı, dedi ki, dostlarından bir-ikisini də götürüb “Respublikanski”nin travmatologiya şöbəsinin qabağına getsinlər, orda ağacların altında durub onu gözləsinlər.
Yarım saatdan sonra özü də həmin yerə gəldi, Mürvətə və iki dostuna “zebra”nın üstündə vurulan yaralı nənənin nəvələri rolu tapşırdı, yaxşı-yaxşı təlimatlandırdı.
Cəsarət müəllim öz maşınıya xəstəxananın travmatologiya şöbəsinə yaxılaşanda Türbətə zəng vurdu, o istiqaməti dedi və curlarına göz basıb “hazır olun” göstərişi verdi.
Cəsarət öz avtomobilini onların yaxınlığında, küknar ağaclarının dibində saxlayıb düşdü və onlara yaxınlaşıb salam vermək üzrəydi ki, Mürvət onu göstərib qəzəbli səslə Türbətdən soruşdu:
- Nənəmi vurub qaçan oğraş budu, Türbət?
Cəsarət bu davranışı gözləmirdi. Mürvət yumruğunu düyüb onun üstünə yeriyirdi. Mürvətin dostları – yaralı nənənin “o biri nəvələri” də ayağa qalxdılar. Onlar da çox hiddətliydilər və Cəsarəti döymək istəyirdilər.
Türbət əvvəlcə Mürvətin, sonra o biri “nəvələr”in qabağını kəsməyə çalışdı, dedi, hadisədir olub, qəsdən vurmayıb, danışmışıq, düşdüyümüz xərcin hamısını üstünə götürür, dəyməyin.
Mürvət deyirdi, yox ey, niyə vurub qaçırdı, birdən arvad ölsəydi, nə olacaqdı.
Adam haqlıydı. Cəsarət bu hərəkətinə görə çox peşman idi. Amma ta neynmək olardı.
“O biri nəvələr” də sağdan-soldan cumurdular. Türbət məcbur oldu ki, Cəsarəti BMW-yə mindirsin və özü də onun yanına oturub bir qədər aralansın.
- Əclaflar nənəmizi çox istəyirlər, - o, “nəvələr”in hiddətli olmasına izahat verdi, - hamımızı o saxlayıb, yekəldib. Ona görə...
Cəsarət dedi ki, nəvələrin hiddətini başa düşür, ona görə də ən yaxşısı budur, yaralı nənənin vəziyyəti ilə gendən-genə maraqlansın. Türbət ona dedi ki, narahat olmasın, həkimlərlə danışılıb, hamısının pul-parası verilib, hazırda arvad reanimasiyadadır, sağ-salamat çıxsın, əlavə nə lazım olsa, o, Cəsarətə xəbər edəcək.
- Hə, bir də polislər gəlmişdi,- Türbət əsas xəbəri verdi. Cəsarət bu yerdə bir qədər qorxdu.
- Dedik, naməlum maşın vurub, - Türbət onu arxayınlaşdırdı. - Bir qara “Mersedes” vurub dedik. Onlar da “araşdıracağıq” deyib getdilər. Ətrafdakı kameralara-filana baxacaqlar. Sən bir beş yüz də ver, mən gedim, uşaqları yedirib-içirim, sakitləşsinlər, ağızlarını avara qoyub orda-burda danışarlar, maşının nömrəsini kiməsə deyərlər, polislər sənə çıxar. Ən yaxşısı, sən bir də bura gəlmə, mən səninlə əlaqə saxlayaram.
- Oldu, gəlmərəm,- Cəsarət tez razılaşdı və Türbətin ovcuna beş dənə yüzlük əskinas basdı - təki onlar onu polisin əlinə verməsinlər, məhkəməyə düşməsin.
Türbət onu yola saldı, Mürvətin və onun dostlarının yanına qayıtdı, cibindən iki dənə yüzlük çıxarıb Mürvətə verdi və dedi:
- Mürü, uşaqların hərəsinə əlli-əlli ver, əlli də öz cibinə qoy, o biri əllisinə də gedin yeyib-için.
Gənclər irişə-irişə ona minnətdarlıq edib getdilər. İki dəqiqə artistlik edib 50 manat və yemək-içmək qazanmışdılar.
İki saatdan sonra Türbət Cəsarətə zəng vurub gözaydınlığı verdi, dedi:
- Arvad reanimisaiyadan çıxıb, ayılıb, yaxşıdır. Amma sınıqları çoxdur. Bir də həkimlər onda daxili qanaxma olduğundan şübhələnirlər. Hələlik heç nə lazım deyil.
Türbət ona görə heç nə istəmədi ki, Cəsarəti ürkütməsin, onsuz da bu gün xərci çox olub. Qaçmır ki...
Ertəsi gün günortadan sonra o, Cəsarəti qorxudacaq xəbəri verdi:
- Nənə komaya düşüb. Polislər də gəliblər, deyirlər, ətrafdakı taksi sürücüləri arvadı BMW-nin vurduğunu görüblər. Qalmışıq belə...
Cəsarət yalvardı:
- Başınıza dönüm, mənim adımı çəkməyin. Nə qədər lazımdır, yenə verərəm, get həkimlərlə danış, arvadı vəziyyətdən çıxarsınlar. İşdən çıxanda pul gətirərəm.
Türbət razılaşdı, dedi, 7-nin yarısı “20 Yanvar”da görüşərik.
O, 7-nin yarısında danışdıqları yerə Mürvətlə getdi, Cəsarət onu görəndə bir balaca qorxdu, amma Mürvət bu dəfə özünü təmkinli apardı, ona “oğraş”-filan demədi. Cəsarət çıxarıb Türbətə 1000 manat verdi. Mürvət ona nə qədər pul verildiyini gördü. Cəsarət gedəndən sonra Türbət ona 100 manat uzadanda qardaşına dedi:
- Bura bax, mən də vurulan, yaralı nənənin nəvəsiyəm də, o qədər pulu cibinə basırsan, mənə də 100 manat verirsən. Bu düzgündür?
Türbət hirsləndi:
- Ay eşşək, hansı nənənin nəvəsisən? Sənin nənən odey, evdədir, özü də turp kimidir. 40 ildə əlimə bir lox keçib, gəlib şərik olursan.
Məsələ bununla bitmədi. Cəsarət ertəsi gün zəng edib əzdiyi nənənin vəziyyətini soruşanda Türbət ona şad xəbər verdi və arvadın artıq komadan çıxarıldığını, hazırda vəziyyətinin yaxşı olduğunu, sabahda-birigündə evə buraxılacağını dedi. Cəsarət çox şad oldu, bir şey lazım olub-olmadığını soruşdu. Türbət ona gözü-könlü tox adamlar kimi cavab verdi:
- Heç zada ehtiyac yoxdur. Sağlığın bəsdir.
Sonrakı iki gündə o, Cəsarətə zəng etmədi. Cəsarət özü zəng etdi. Türbət cavab verdi ki, xəstəxanada pul-para çox çıxdığından nənəni evə çıxarıblar, müalicəsi ev şəraitində davam edəcək.
Cəsarət soruşdu ki, evə, xalaya baş çəkməyə gələ bilərmi. Türbət əvvəlcə razı olmaq istəmədi, ancaq qorxdu ki, işin üstü açıla bilər. Ona görə də dedi ki, yaxşı, işdən sonra gəl.
- Nə alıb gətirim? – Cəsarət soruşdu.
- 3-4 kənd toyuğu, bir balon təmiz bal, bir kletka kənd yumurtası, banan-filan al, gəl, başqa şey lazım deyil, - Türbət cavab verdi.
Sonra o, qardaşı Mürvəti də götürüb aptekə getdi, çoxlu bint, yod alıb evə getdi, qoca nənəsini dilə tutub yatağa uzatdı, ayaqlarını, bel-buxununu, alnını, çənəsini yaxşı-yaxşı bintləyib, ora-burasını da inandırıcı olsun deyə yodladılar. Qarının ayaqlarını oxlovla sarıyıb gipsə salınmış kimi bir görünüş verdilər və Cəsarəti gözlədilər. Türbət nənəsinə tapşırdı ki, evə adam gələndə özünü yuxuluğa vursun. Salamatı budur.
Qardaşlar kefikök halda Cəsarəti gözləyərkən Türbət öz fantaziya və üvi arzusunu Mürvətlə bölüşdü:
- Mürü, deyirəm, sən öl, şansımız gətirsəydi, bu günlərdə nənəmiz yıxılıb ölsəydi, yasın bütün xərcini Cəsinin boynuna qoyardıq ha. Hələ baş daşı-filan...
Mürvət onun iti ağlına heyran qalaraq razılaşdı və hazırda çarpayıda “yaralı” halda uzanan nənəsinin indiki durumuna dair pessimist fikirlər yürütdü:
- Ə, onda ölən sifət var, sən canın? 90-ı vuracaq o.
Sonra bir az düşündü və guya ki, zarafat elədi:
- Amma sən öl, bu işi siçan dərmanı ilə təşkil etmək olar. Hazır əlimizə lox düşmüşkən...
Qardaşlar bu sayaq deyib gülərkən Cəsarət əlidolu gəldi, deyildiyindən də çox şey alıb gətirmişdi. O, evdə adamı az görüb sevindi, fikirləşdi ki, nə yaxşı, o dəli nəvələr yoxdur, yenə içinin ağıllısı Türbətdir, bununla anlaşmaq olur.
Cəsarət “yaralı qarı”nın halına baxıb öz sürücülüyünə nifrət etdi, özünə söydü, “əlim qırılsın” dedi. Qarının yatmış olmasından da məmnun qaldı, çünki qarı ağrıdan zarısaydı, o, daha çox vicdan əzabı çəkəcəkdi.
Türbət bu dəfə onunla pul söhbəti eləmədi, amma Cəsarət qanacaql adam olduğundan gedərkən yaralının yastığının altına bir miqdar pul qoymağı unutmadı.
Cəsarət maşınına oturub həyətdən aralanan kimi Türbət tez evə cumub nənəsinin yastığının altına baxdı. Pul yox idi. Mürvət götürmüşdü. Türbət qardaşnın kəmfürsətcilliyinə və dələduzluğuna deyinə-deyinə qarının bintlərini açdı. Mürvət də gəlib ona kömək etdi və yastığın altından iki yüz manat götürdüyünü deyib ona yüz manat uzatdı.
- Günah məndədir ki, sənin kimi maşenniklə iş görürəm, - Türbət ona acıqlandı.
3-4 gündən sonra o, dostlarından birini öyrətdi, ona Cəsarətin nömrəsini verib dedi ki, guya jurnalistsən, zəng elə, de ki, filan gün filan saatda bir qoca qarını vurub qaçdığın yerdə videoregistratora düşmüsən, videonu bizim redaksiyaya göndəriblər, biz də araşdırıb tapmışıq ki, bu, sən olmusan və vurduğun qadının ailəsi ilə razılaşmısan, biz bunu yazacağıq.
Sübhan adlı taksi sürücüsü deyildiyi kimi etdi, Cəsarətə zəng vurub ona deyiləni dedi. Cəsarət yenə bərk qorxdu və dərhal Türbətə zəng vurub məsələni bildirdi. Türbət dedi ki, qəti qorxusu yoxdur, biz heç nəyi boynumuza almayacağıq, amma Cəsarət istəyirsə, həmin adamın telefonunu versin, bir də min manat pul göndərsin, özü gedib bu məsələni danışıb yoluna qoyar, videorgistratorun lentini də sildirər. Cəsarət buna da razlaşdı, axşam onlar yenə də görüşdülər. Türbət budəfəki qazancdan Sübhana 50 manat pul və yaxşı bir qonaqlıq verdi.
Elə çıxa bilərdi ki, bu iş bura qədərdir, ta o, Cəsarətdən əl çəkəcək. Amma elə şey olardımı?
Hadisənin iki ayının tamamında artıq maşınını təzələmiş Türbət əlini cibinə atanda gördü ki, pulu azdır, götürüb Cəsarətə zəng vurdu:
- Cəsarət müəllim, nənənin halı xarablaşıb. Həkimlər deyir, aldığı travmadan dalağı partlayıb, gərək İrana aparım.
Cəsarət çox əsəbiləşdi, amma bir söz deyə bimədi, axşam işdən çıxandan sonra Türbətə 1500 manat pul verdi və öz-özünə düşündü ki, bu,ona verdiyi axırıncı puldur, arvad ölsə də, onu tutsalar da, daha Türbətə pul verməyəcək.
Türbət isə ondan əl çəkmək fikrində deyildi. Bir aydan sonra o, Cəsarətə zəng edib nənəsini Nabrana aparmaq üçün pul istəyəndə Cəsarət bütün cəsarətini toplayıb dedi ki, həzrət Abbas haqqı, bu saat özüm polisə-prokurorluğa zəng edib deyəcəm ki, belə bir qələt eləmişəm, amma bu dələduz Türbət məni soyub-bitirib.
Türbət məhz bu yerdə anladı ki, bundan o tərəfi yoxdur, işin üstü açılsa, əlli-ayaqlı gedər, yaxşısı budur, “yaralı nənə”sini özü müalicə etdirsin və oturub əlinə yeni bir qorxaq, pullu və avam adamın düşməsini gözləsin.
Ancaq o, özünü saxlaya bilmədi, Cəsarətə son sözü belə oldu:
- Bilsəydim ki, sən belə maşennik çıxacaqsan, o vaxt səni bağışlamazdım, verərdim polislərə, dərini soyardılar. Dələduz, vicdansız...
- Vicdansız da özünsən, dələduz da...
... İkisi də haqlıydı, ikisi də düz deyirdi.
Samir Sarı