Elə sənin acığına...

Hərdən adama elə gəlir ki, bütün cəmiyyət burda yaşayır. Yığılıblar Markın 2 milyardlıq “xaraba”sına, burda bir-birinin ətini didməklə məşğuldular. Sanki həyat burda dövran edir. Tətillər, yeməklər, davalar, sevinclər, kədərlər... Burda paylaşılmasa leqallaşmır heç birinin. Hesaba və tarixə keçmir. Burda fikir bildirilməsə, müzakirə rəsmi status qazanmır və sair və ilaxır.
Söhbət təkcə jurnalistlərin ev məsələsinə görə davam edən müzakirələrdən getmir ki. İnsanlar bir saniyə belə düşünmədən bir-birinin statusunun, fotosunun, fikrinin altına kin, nifrət qusmağa çəkinmirlər. Saatlarla, günlərlə davam edən mübahisələr, söz atışmaları, nifrət müharibələri görmüşəm burda. Yorulmadan, usanmadan...
Bacılar, qardaşlar, yaxından və uzaqdan gələn... Vallah-billah, biz jurnalistlər məcburuq sosial şəbəkələrdə hesab açmağa, yeri gələndə burda oturmağa. Siyasətçisi-müğənnisi, ictimai xadimi hamı burda aktivdir çünki. Bunun statusla cəmiyyətə mesaj göndərəni var, fotosunu paylaşıb yenilik ötürəni var, problemini açıqlayanı var.... Var oğlu var. Üstəlik, müasir dövrün tələbi ilə ayaqlaşır əksər ictimai-siyasi xadimlər. Daha press-reliz, açıqlama, bəyanat vermirlər ayrı-ayrı jurnalistlərə, qəzetlərə, saytlara. Bir status və hər şey ok. Deyirlər, mövqeyimi, xəbərimi, uğurumu, etirazımı.... o statusda yazmışam, hamı götürsün, məni də yormasın.
Bizim işimiz də bu açıqlayanları, soyunub-geyinənləri, söyənləri-öyənləri təqib etməkdən ibarətdir. Onların yazdıqlarını genişləndirmək, bəzən bir cümlənin arxasınca düşüb, səs-küylü müsahibələr götürmək, xəbər yazmaq, itkin düşənləri burdan tapmaq, bir sözlə, öz funksiyamızı yerinə yetirmək. Hə, bir də yazılarımızı paylaşır, zaman-zaman hansısa ictimai müzakirələr açıb, cəmiyyətin nəbzini də bu yolla ölçürük. Əlqərəz, hazırda sosial şəbəkədə hesabı olmayan jurnalist... jurnalist sayılmır. Bütün cəmiyyətin nəbzi burda döyündüyü halda jurnalistin buralardan varıb da getmək lüksü yox-dur, o-la-maz, ol-ma-ma-lı-dır!
Bütün bu uzun müqəddiməni ona görə yazdım ki, bəndəniz sosial şəbəkədə həyat yaşayan sıradan insanları tənqid edəndə, onlar da qayıdıb, “bəs sənin burda nə.... işin var” deyə sual etməsin. Yəni biz işimiz gərəyi burdayıq. Bəs sənin, media ilə, reklamla, sənətlə, marketinqlə... heç bir bağlılığı olmayan cəmiyyət adamının gecə-gündüz burda nə azarı var? Niyə mütləq tətilini, yeməyini, həyatını burda paylaşmaq, paylaşanlara rəy bildirmək, onları izləmək ehtiyacı duyursan?
Baxın, adi misal. Bu sosial şəbəkə bir çox məşhurun çörək ağacıdır. Dəfələrlə bu haqda yazmışam. Türkiyənin o qoca müğənnisi Dəmət Akalın var ha. O belə ay ərzində instaqramdan yüz minlərlə dollar qazanır. Qadın burda oturmağı əyləncədən çıxarıb, biznesə çevirib. Hansısa malı reklam edir, əvəzində pul qazanır. Instagramda 100 min təqibçisi olan bir fenomenin bir paylaşım üçün qazancı 1000 dollardır. Müştərinin büdcəsi, kampaniyanın uzunluğu kimi faktorlardan asılı olaraq qiymət artıb azala bilər. Təbii ki, əgər müştəri ilə fenomenin münasibətləri bir agentlik tərəfindən tənzimlənirsə, bu halda məbləğdə bir miqdar daha artım ola bilər.
Snapchatda 24 saatlıq bir kampaniya 500 dollardan başlanır. 50.000-100.000 izlənmə üçün 10.000-30.000 dollar qazanırlar. 1 milyon üzvü olan bir YouTube fenomeni, kampaniyası üçün 25 minlə 50 min dolar arasında bir məbləğ ala bilir. Təbii ki, bunlar YouTube üçün sektorda yazılı olmayan qaydalar olaraq bilinir. Amma 50.000-dən artıq təqibçisi olan bir hesab hər artan 100 min təqibçiyə görə 2 min dollar daha artıq gəlir əldə edir.
Yəni bu rəqəmləri ona görə sadaladım ki, bəzi məşhurların bütün həyatını sosial şəbəkədə keçirdiyinə baxıb, onları özünüzə örnək seçməyəsiz. Bəli, onlar burdan pul qazanır, bəs siz? Nə itirdiyinizin fərqindəsiz? Enerji qəbiristanlığında yaşamanın nəyi zövqlüdür axı? Sosial şəbəkədən zövq almaq başqa, ona əsir olmaq tamam başqadır. Adamlar tanıyıram ki, tətillərini belə məhz sosial şəbəkədə paylaşacağı fotolara görə seçir, keçirirlər. Qadınlar tanıyıram ki, “elə sənin acığına” deyib, şəkil paylaşırlar. Yəni adına paylaşım dediyimiz nəsnə bir müddət sonra ən yaxşı halda hesabat vermə, ən pis halda isə acıq vermə, göz çıxarma, eqo savaşına dönür... Fərqindəsizmi, bu nəsnələrin heç birinin içində işıq yoxdur?
O zaman bu qaranlıqda nə işiniz var? Hesablarınızı bağlayıb, həyatı doya-doya, gerçək tonları ilə, heç kəslə yox, məhz öz ruhunuzla paylaşaraq yaşamağa sizə nə mane olur? 20 il sonra özünüzə hesabat verəndə bu dönəmi Sezen Aksu misalı “şimdi bana Facebookda kayb olan yıllarımı versələr...” deyə özətləyəcəksiz?
Öz mahnınızı özünüz bəstələyin, məncə... Bu, qulağa daha xoş gəlir.