Diktatorun “kəfənə qədər” uzun və məqsədli yolu...

«DİKTATOR DOĞUM GÜNÜN MÜBARƏK»
İnanırsınızsa, siz YAP hakimiyyətinin sosial bazasını təşkil edirsiniz. Bu hekayəyə inanan adamlar nə qədər çoxdursa, Əliyevlərin hökmranlığı bir o qədər möhkəmdir. Reallıqda, 1995-ci ildən sonra bu hekayəyə özünün ilkin versiyasında inanan adamların çoxluq təşkil etdiyini güman etmək çətindir. Amma bu xəttin daha az faizli konsentratına – Əliyev rejiminin Azərbaycana sabitlik gətirdiyinə və Ermənistanla münaqişə davam etdikcə, ölkədə müharibə dövrü rejiminə zərurətin olmasına inam daha uzunömürlü olub və daha çox adamı özünə inandırıb.
Məsələn, müxalifəti sabitliyi pozmaqda ittiham edirlər. Amma eyni məntiqlə demək olar ki, hakimiyyətə gələnə qədər Azərbaycanda stabilliyi pozan qüvvələrdən biri və birincisi elə Heydər Əliyevin özü idi. Demək olar ki, haqqında danışılan Ermənistan-Azərbaycan münaqişəsi indiyə-qədər həll olunmamış qalır. Lakin insanlar mifə inandıqdan sonra bütün bu arqumentlərin yalnız bir əhəmiyyəti var – deyilən mifi dağıtmaq işində sadəcə bir mərmi rolu oynamaq.
«YENİ LİDER, YENİ DİKTATOR»
2003-cü ildə İlham Əliyev hakimiyyətə gələndə, yeni bir ideoloji zəmin yaratmağa cəhd edildi. Guya yeni lider gənc, enerjili, Qərb dəyərli birisi kimi ölkəyə yeni iqtisadi və siyasi dirçəliş dalğası verəcəkmiş. Bu xətdən çox tezliklə imtina edildi. Köhnə xəttə - Heydər Əliyev xəttinə qayıdış isə artıq bir sıra problemlərlə üzləşib: Artıq 1992-1993-cü illərin hakimiyyəti ilə əhalini qorxutmaq təbliğatı 1993-1999-cu illərdə olduğu qədər effektiv deyil. «Yaxın vaxtlarda müharibə edib torpaqları geri qaytaracağıq» şüarı da 18 ildir ki, itirilmiş torpaqların qaytarılması üçün heç nə etməyən hökumətin dilindən səslənəndə, əvvəlki cazibəsini itirmiş olur. Üzərində təbliğat aparılan «sabitlik» də əvvəlki səviyyədə deyil. Məmur dərəbəyiliyini Azərbaycan hökumətinin özü etiraf etməyə başlayandan sonra məmurlar insanları intihar həddinə gətirdiklərinə görə məsuliyyətə cəlb edildiyi ölkədə nə sabitlik? Beləcə «Ulu öndər» mifi öz ideoloji funksiyasını itirmiş kimi görünür. İdeologiyasız idarəçilik isə xalqın iradəsi əleyhinə, sırf zora söykənmiş bir diktator dirənişidir. Bu yerdə isə fransız diplomatı Taleyranın Napoleona söylədiyi bir fikir yada düşür: «Süngü ilə çox şeyi etmək olar, amma onun üstündə oturmaqolmaz».
Aras Elnurə