4 sütunlu 5-ci kolon

Uzun illər öncəydi, media məkanında nə çoxsaylı saytlar vardı, nə də sosial şəbəkələr mövcud idi. Əvəzində qəzetlər vardı. Bu qəzetlər siyasi mövqe baxımından rəngarəng idi. Az qala hər bir siyasi qüvvənin öz mətbu orqanı vardı. Təbii ki, bu nəşrlər informasiya yaymaqla yanaşı, siyasi təbliğat da aparırdılar.
Həmin qəzetlərə baxanda kimin hansı mövqedə olduğunu, obrazlı desək, nə dinə-məzhəbə qulluq etdiyini bilmək olurdu.
Bir çox institutları oturuşmamış, bəzi strukturları formalaşmamış gənc respublikada heç nədən çəkinmədən qonşu dövlətlərə rəğbət bəslədiyini büruzə verən və açıq-aşkar o dövlətin xeyrinə təbliğat aparanlar vardı.
O zamanlar “5-ci kolon” söhbətləri yayğın deyildi. Rusiya imperiyasından rəsmi olaraq qopduğumuz, mental olaraq qopa bilmədiyimiz üçün, eləcə də yaxın tarixdə çoxtərəfli bağlara malik olduğumuza görə Rusiyameylli qüvvələr daha güclüydü.
Din-məzhəb birgəliyi üzündən və bunu əldə bayraq edərək, cənub qonşumuz İrana rəğbətlə yanaşan və saatını İran vaxtıyla quranlar da gündən-günə çoxalırdı.
ABŞ və qüdrətli Avropa dövlətlərinə rəğbət bəsləyənlərin də çəkinəcəyi bir şey yox idi. Onlar bəşəri dəyərləri, insan haqları, demokratik prinsipləri prioritet sayan Qərbə rəğbət bəslədiklərini heç kimdən, eləcə də mediadan gizlətmirdilər.
Bir də vardı gənc dövlətimizin regional təhlükəsizliyinin milli müstəvidə, türk qövmçülüyü prizmasında görənlər. Onlar da hesab edirdilər ki, bu dövlətin müstəqilliyinin qarantı Türkiyə-Azərbaycan qardaşlığıdır.
Türkiyənin qardaş elan edilməsi, “bir millət-iki dövlət” şüarının populyarlaşması, eləcə də hər iki ölkənin bütün rəngdən olan siyasilərinin (elm, incəsənət adamlarının) arasında çoxtərəfli əlaqələrin artması ona gətirib çıxarmışdı ki, Türkiyə “xarici ölkələr” sırasında müstəsna statusa malik idi.
Ona görə də bəzən siyasilər bir-birini “xaricə işləməkdə” günahlandıranda və qarşı tərəf bunu ciddi-cəhdlə inkar edərkən Türkiyəyə isti münasibət bəsləyənlərə qarşı nə belə ittiham səslənirdi, nə də özünü bu ittihamdan qorumağa çalışanlar olurdu.
Bununla belə, media mühitində bizə də yarızarafat-yarıgerçək şəkildə “ona qalsa, siz də Türkiyəyə yaxınsınız” kimi iradlar ünvanlanırdı.
Bir dəfə bu cür deyən həmkarlardan birinə belə cavabımız oldu: “Düzdür, biz də Türkiyəyə rəğbətlə yanaşırıq. Ona görə ki, Türkiyə də bizə rəğbətlə yanaşır, dostdur, qardaşdır, amma, Allah eləməsin, bu dövlətdən kimsə Azərbaycana qarşı yanlış mövqedə olsa, onda qarşısında birinci bizi görər”.
Bu söz havada qalmadı, gün gəldi, qardaş ölkənin siyasi rəhbərliyində ikiqanadlı bir durum yarandı və o qanadlardan biri okeanın o tayından aldığı direktivlər əsasında Ermənistanla yaxınlaşmaq, Azərbaycanın ümdə mənafelərini gözardı etmək təşəbbüsü etdi.
Sırasında bu sətirlərin müəllifi də olmaqla, Türkiyəni gerçəkdən sevən yazarlar dərhal ortaya sərt mövqe qoydular (yeri gəlmişkən, “Sürix protokolları” adlandırılan bədnam və Azərbaycana yönəlik xain sənədlərə dair ilk təfərrüatlı məqaləni əməkdaşımız Fərhad Məmmədov yazmış və faktiki olaraq örtülü qaynayan qazanın qapağını qaldırmışdı). Türkiyəyə rəğbəti ilə seçilən siyasi qüvvələr də aydın tənqidi mövqe sərgilədilər. Nəticəsi yaxşı oldu. Yanlış yoldan geri dönüş ildırım sürətilə baş verdi.
Bu, həm onu göstərdi ki, Türkiyədə Azərbaycanı ürəkdən sevən siyasilər daha güclüdür, həm də ondan xəbər verdi ki, qardaş ölkəyə rəğbət bəsləyən qüvvələr bunu sırf Azərbaycan dövlətinin maraqları baxımından edirlər və dövlətimizin, millətimizin əleyhinə olan hərəkətə, fikrə dözümlü yanaşmaq niyyətində deyillər.
Nə yazıq ki, digər qonşu dövlətlərə rəğbətlə yanaşan qüvvələr bu cür mövqe tuta bilmirlər. Əksinə, Azərbaycanla qonşu (eləcə də qeyri-qonşu) dövlətlərin münasibəti gərginləşəndə onlar daima həmin dövlətin tərəfində durur, onların sözünü deyir, bəzən isə aldıqları göstərişlərə uyğun olaraq hərəkətə keçirlər.
İndi həm çoxsaylı saytlarda, həm də müxtəlif sosial şəbəkələrdəki səhifələrdə kimin hansı dinə-məzhəbə qulluq etdiyi aydın şəkildə görünür. Bu meydançalarda 5-ci kolonun adamları boy göstərir.
Ən pisi odur ki, bu ölkədə ən azı dörd ayrı-ayrı “5-ci kolon” var. Onların hərəsi bir dövlətin sütunudur. Bunu şüurlu şəkildə, mənfəət naminə edənlərə etibar yoxdur, güzəşt də olmamalıdır.
Məsələnin bir tərəfi də vətəndaşın öz milli dövlətini nədən sevimli hesab etməməsi ilə bağlıdır və uzun söhbətdir, xırdalayanda gəlib məmuriyyətə dayanır. Onu da yaxın günlərdə yazarıq, sağlıq olsun.