Dəfn edilmiş qələm

“Səhər fotosunu çəkdik. Xoşbəxtcəsinə ”abır" deyib ulayır. Bunu hər dəfə daha ucadan, sevinclə təkrarlayır".
(Mixail Bulqakov, “İt ürəyi”)
İndiki uşaqlar çox ağıllıdır. Şübhəsiz, onlar bizdən çox qabağa gedəcəkdir (“Guya müəllif burada çox orijinal bir fikir yazdı” - oxucular qımışdılar. Etiraf edirəm ki, mənasız cümlə idi, çünki uşaqlar istənilən halda bizdən qabağa gedirlər). Təzəlikcə görürəm bizim uşaq həyətdə torpağı eşib qəbirə bənzər nəsə düzəltdi. Lap o məşhur peyin və qumdan heykəl qayıran uşağın əhvalatı kimi, mən də səsimə süni mehribançılıq tonları qatıb uşaqdan soruşdum: “Orada nə basdırmısan, balaca?” Uşağın cavabından şoka düşdüm. Sən demə, bunun bir sevimli qələmi varmış, qələm sınıb, indi qələmi dəfn edirmiş, xatirəsini həmin qəbir modeli ilə yaşatmaq istəyirmiş. 25 ilin jurnalistinə qələmin qəbrini göstərən uşaq, sizcə, zəmanənin qəhrəmanı deyilmi?
Mən ürəyimdə uşağa əhsən oxudum. Bunu isə qarşıdan tozanaqla gələn 22 iyul Milli Mətbuat Günümüzə cocuqlardan hədiyyə olaraq qəbul elədim. Artıq bu münasibətlə bayram tədbirlərinə start verildiyini görməkdəyik. Peyinqurdu kənd sovetinin sədri Məmmədalı müəllimdən tutmuş Dövlət Sosqozxozcartfırt Agentliyinin direktoru Tırtılverdi müəllimə qədər hər bir məsul şəxs jurnalist və zurnalistlərimizi Həsən bəy Zərdabi yolunda əzmkarlıqla süpürləşmələri münasibəti ilə qutlamağa çalışır. Hərəsi azı bir kağız diplomdan-zaddan qayırıb qəzetçilərin qoltuğuna verməyə hazırlaşır. Mətbuat günü ölkəmizdə yeganə peşə bayramıdır ki, bütün millət, bütün dövlət, bütün qeyrət idarələri tərəfindən təntənə ilə qeyd olunur, eyni zamanda jurnalistika yoxa çıxmaq üzrədir. Demək, yaxın gələcəkdə media bizdə haradasa din statusunda bir sahə olacaqdır - hamı inanır, hamı pərəstiş edir, qurban kəsir, dua eləyir, ancaq özünü görən yoxdur. Biz jurnalistlər də təxminən şeyxlər, pir yiyələri, ocaq sahibləri kimi məxluqata çevriləcəyik. Buna görə dərin minnətdarlığımızı bildiririk. Verən əliniz kəsilməsin. Axar suyunuz qurumasın. Qaba ağacınız əyilməsin! Ağam, hey!
İndi keçək gündəlik, cari məsələlərə. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaradılması uca millətimizi olduqca sevindirdi. DMXEİA zamanın tələbi idi. Çünki mineral xammal ehtiyatlarımızdan istifadə sahəsində müəyyən gerilik yaranmışdı. İndi isə vacibdir ki, mineral xammal ehtiyatlarından istifadə agentlərinə ictimai nəzarəti təmin etmək üçün Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə İdarəsinin nəzdində Dövlət Mineral Xammal Ehtiyatlarından istifadə Agentliyinə Nəzarət Baş İdarəsi də yaradılsın. Burada yadımızdan çıxmamış qeyd edək ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin özü də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daxilində yaradılıbdır. Bütün bu dövlət idarələrinin işçilərini toplasan bir dənə faydalı qazıntı quyusunu beş metr qazmaq mümkün deyildir. Ancaq əsas odur idarə var! Bizə başqa nə lazımdır? İdarəsiz heç nə olmamalıdır. Uçan quşun, sürünən ilanın, deyilən yalanın, yalanan yalın, Yalançı oğlu Yalıncığın - uzun sözün qısası, hər şeyin, hər kəsin idarəsini başıboş buraxmaq olmaz.
Sonda o bayaq adını çəkdiyim uşaq və qum anekdotunu yazım, çün, ola bilər bəzi uşaq-muşaqlar onu bilməsin - köhnə lətifədir. Deyir bir dəfə bir deputat gedir seçicilərlə görüşə, bu zaman küçədə qum, mal peyini, su qarışdırıb heykəl düzəldən uşaq görür. Uşaqla guya dilxoşluq eləyir, soruşur: “Bala, nə düzəldirsən?” Uşaq deyir: “Deputat heykəli”. Deputat hirslənir, uşağı danlayıb gedir. Qayıdanda görür uşaq yenə heykəl düzəldir, ancaq bu dəfə mal peyini qatmır. Sevinir, yaxınlaşıb yenə soruşur ki, nə düzəldir. Uşaq deyir: “Adam heykəli”. Deputat duruxur: “Bəs niyə peyin qatmırsan?” Uşaq deyir: “Peyin qatsam deputat heykəli olacaq”.