Rusların “5-7 rayon söhbəti” nə məsələdir?..

Əslində tanınmış rusiyalı politoloqların tez –tez Qarabağın işğal olunmuş beş və yaxud da yeddi rayonunun Azərbaycana qaytarılması məsələsini gündəmə gətirməsi müsbət haldır. Bununla onlar tək Qarabağ sülh prosesinin mühüm bir mərhələsini və şərtini aktuallaşdırmırlar, həm də diplomatları və siyasətçiləri mürgüləməyə qoymurlar: məsələn, onlardan fərqli olaraq biz nəinki çox hörmətli Lavrov cənablarının, hətta Rusiya XİN sözçüsü M.Zaxarovanın dilindən bu şərti sonuncu dəfə nə vaxt eşitdiyimizi xatırlamırıq.
Politoloqlar isə danışırlar. Hətta bu günlərdə A.Duqin belə Ermənistandakı prsoseslərdən sonra ilk dəfə sükutunu pozdu və elə burada–Azərbaycanda keçirilən forumda çox mənalı bir işarə verdi: “Hazırda Azərbaycanla münasibətlər Rusiya üçün daha öndədir”.
Təbii ki, bunun başqa səbəbləri də var: rusiyalı politoloqların hamısı olmasa da, bir hissəsi Kremlin siyasi mətbəxinə girişi olan insanlardır və onlar həm də öz bəyanatları ilə müəyyən mənada Kremlin regiondakı proseslə bağlı ovqatını da ifadə etməyə çalışırlar.
Burada isə məsələ belədir ki, Kreml N.Paşinyan hökumətinə çox ehtiyatla yanaşır. Hətta ən təmkinli Kreml sözçüləri “180 dərəcə dönüş baş verməyəcək!” desələr də, bunun ardınca “Ermənistandakı hökumətin Qərbə meylli olması aşkar sezilir”- deyə əlavə etməyi də unutmurlar. Hətta belə fikirlər də səslənir ki, Paşinyan özünün düşünülməmiş siyasi bəyanatları və hərəkətilə Rusiyanı Azərbaycan və Türkiyə qarşısında pis vəziyyətdə qoya bilər. Ona görə də Azərbaycanyönümlü bəyanatlarda heç sözsüz ki, gələcəkdə Paşinyanın açıq şəkildə cızıqdan çıxacağı halda onu Bakının əlilə cəzalandırmaq niyyəti də var...
Amma yenə də deyirik ki, çox tanınmış politoloqların – həm hakimiyyətə, həm də ictimai rəyə təsiri olan bu adamların rayonların geri qaytarılması haqdakı çağırışlarına ümumi halda müsbət yanaşmaq lazım gəlir. Biz onların bir neçəsinin bu xüsusdakı son bəyanatlarına maksimum dərəcədə diqqətlə yanaşmağa çalışdıq: nəzərə almaq lazımdır ki, onların çoxu rayonların “hər hansı əlavə şərt olmadan qaytarılmasını” deyirlər və bu, da əlbəttə ki, Azərbaycanın mövqelərinə cavab verir.
Sözsüz, 7-nin 5 olması, ümumiyyətlə, məhdud şəkildə rayonun qaytarılması söhbəti müəyyən narazılıq və şübhələr yaradır. Amma bir daha deyirik ki, bu adamlar ilk növbədə Rusiyanın politoloqlarıdır. Yalnız ətraf bir neçə rayonun Azərbaycana qaytarılması o deməkdir ki, Rusiya Qarabağ müstəvisindən əlini götürmək istəmir, bütün hallarda, burada özü üçün “təsir rıçaq”ı saxlayır. Səbəbi də budur ki, Azərbaycana sonadək etibar etmirlər, düşünürülər ki, qədim rus məsəlilə - “doveryay, no proveryay!” prinsipilə hərəkət etsələr, daha düzgün olar.
Əlbəttə ki, politoloqlar da Rusiya siyasətinin bu özəlliklərini nəzərə alırlar. Amma olsun. Siyasət siyasətdir, burada heç kimə öz maraqlarını düşünməyi yasaq etmək olmaz. Əsas odur ki, rayonların qaytarılması söhbəti bütün hallarda siyasi və ictimai rəyi Azərbaycana tərəf yönəldir və sabah ilk əlverişli şəraitdə Bakı bu rayonları öz gücünə qaytaranda, o halda heç kimin buna iradı və etirazı olmayacaq.
Ununtmamılıyıq ki, Qarabağın bizim nəzarət etdiyimiz hissəsinin coğrafiyası genişləndikcə Ermənistanın nəinki hərbi, hətta diplomatik və siyasi manevr imkanları da daralır, daha o, əvvəlki kimi diqtə edə bilmir.
Di gəl, indi nə baş verir? Ermənistan Dağlıq Qarabağdan kənarda xeyli ərazi tutub və diqtə edir ki, Dağlıq Qarabağın müstəqilliyyini tanıyın, biz də digər rayonları qaytaraq! Hazırki vəziyyətdə bizim buna qarşı “yox!” sözündən başqa sərəncamımızda qeyri təzyiq imkanımız yoxdur!..
Əlbəttə, iqtisadi təzyiq işini görür, amma bunlar hələ dizlərini yerə qoymaq istəmirlər. Ona görə də ordumuzun Ermənistana qarşı son illərdəki təzyiqləri bizimçün çox önəmlidir; təcavüzkarı danışıqlara və güzəştə məcbur etməkçün güc göstərmək lazımdır. Bunun da yolu ilk fürsətdəcə ermənilərin işğal etdiyi ərazilərin coğrafiyasını kiçiltmək, Dağlıq Qarabağ ətrafındakı həlqəni daraltmaqdır.
Ermənistanda cərəyan edən proseslərdən də çox şey asılıdır. Əgər N.Paşinyan hökuməti indi və ya yaxın gələcəkdə bizə işarə versə ki, Rusiya müstəvisindən bir az Qərbə tərəf hərəkət etmək və Qarabağ siyasətini də dəyişmək istəyir – o halda biz də fərqli siyasət yürüdə bilərik. Amma hələ bunun işarəsini görmürük, əksinə Paşinyan sərsəm bəyanatları ilə vəziyyəti bir az da mürəkkəbləşdirir. Ona görə də biz də öz fürsətiməzi əldən verməməli və lazım gələrsə, Moksva ilə İrəvan arasındakı soyuqluqdan da istifadə etməliyik– unutmayaq ki, Ermənistan torpaqlarımızın 80-90 faizini Bakıda siyasi böhranlar hökm sürən zaman işğal edib...