İşıqlı avtoritarizm

“Utananın oğlu olmaz”
(ata sözü)
Deyir, telekanalizasiya zəhmətkeşlərimizdən biri gopa basa-basa gedib xaricə çıxıbdır, orada yalanı nə təhər uzun eləyibsə, səsi Türkiyədə exo veribdir. Bu dəfə gopa basılan tema Osmanlı sultanları haqda imiş. Ağız öyrəşib axı. Bizdə, daxili tarixi mövzularda, elə tarixi olmayan, aktual, çağdaş mövzularda o qədər yalan danışıblar, bir növ adətkərdə olublar. TV yalan maşınıdır bizdə, başqa adı yoxdur. Bu qaqaşın da üstünə çox getməyək, bir qələtdir eləyibdir. Türkiyəli yoldaşlardan xahiş eləyək, bağışlasınlar. Olmayan yerdə bir millət, iki dövlət, iki cüt bir tək telekanalizasiyamız vardır. Üstəlik, bu dəqiqə Türkiyə TV-ləri bizim kanallardan heç də üstün durumda deyillər. Guya hər şeyi düz verirlər, indi bizi bəyənmirlər.
Üstünə gedilənlərdən biri də “Azərenerji” idarəsinin müdiri Etibar Pirverdiyevdir. Etibar müəllim hazırda media aləmində çox etibarsız şəkildə danlanılır. Halbuki onun indiyə qədərki xidmətləri nəzərə alınmalıdır. Mən hələ “enerji sektoru nə üçün dövlətin əlində qalmalıdır ki, bu günə də düşsün” soruşmuram, maraqlısı bu adamın başqalarından fərqidir. Belə fərq axı heç vaxt olmayıbdır! Nə tapşırıq veriblərsə, “başını aşağı salıb, işini görübdür”. Necə ki, son elektrik iclasında da dövlətçiliyə uyğun formada başını aşağı salıb utanırdı. Öl desən, öləsi, qal desən, qalası bir adamdır.
Misal üçün, vaxtilə ona Bayraq Meydanı tikdirmişdilər. Heç o zaman soruşan yox idi ki, a balam, axı enerji idarəsinin nə işinə qalıbdır bayraq dirəyi qayırsın? Sonra da bu dirəyin meydanı uğursuz alındı, deyəsən, hələ sökürlər, bir yana çıxmayıbdır.
Yaxud Etibar müəllimin dəvə fermaları mediada çox yazılmışdı. Niyə o zaman əlaqədar təşkilatlar qanunauyğun olaraq medianın yazdığını yoxlamırdılar, yenə soruşmurdular ki, qardaş, sən bu dəvə qutabı istehsal eləyənəcən Mingəçevir SES-in dərdinə dəva elə. Çünki dəvənin də elektrikə aşağı-yuxarı elə bir dəxli olmamalıdır. Bəlkə susuz, ac qalmaq qabiliyyəti, dözümlülüyü baxımından dəvə uca millətimizə örnək ola bilər ki, bu da Etibar müəllim kimilərin yaratdığı fors-major situasiyalarda yerinə düşər. Ancaq bir ata sözümüzdə bu örnəyin mənasızlığı proqnozlaşdırılıbdır: “Yüz il qanqal otlasan, yenə ağzın dəvə ağzına oxşamaz”. Mənası budur ki, montyorun oğlu montyor, nazirin oğlu nazir, dəvənin balası köşək olmalıdır, başqa hal imkansızdır.
Sözgəlişi, Etibar Pirverdiyevin adını google axtarış portalında yazanda yüzlərlə korrupsiya, cinayət, aldatma, fırıldaq və sairə ittihamlarının linkləri çıxır. Demək olar, bir dənə müsbət, işıq gələn link yoxdur. Bəs bunu niyə indiyə qədər vecinə alan olmayıbdır? Niyə indiyə qədər bu yazılar “it hürən tərəf”, Etibar müəllimin sahəsi isə “işıq gələn tərəf” sayılıbdır? Əlbəttə, cavab almaq üçün yazmıram - bekarçılıqdan sual verdim.
Deyirlər nə üçün stansiya faktiki bir dənədir, o, yananda bütün ölkənin işığı sönür. Nədən iki dənədir ki? Bizdə hər şeydən bir dənədir. Biz “birdənələr” ölkəsiyik.
Yazını Qazax rayonundan Azər Məmmədlinin məktubu ilə bitirirəm. Mən 30 ilə yaxındır media aləmindəyəm, ancaq Qazaxdan şikayətlərin arasının kəsildiyi heç 3 gün yadıma gəlmir. Azər bəy yazır ki, rayonun icra başçısı Qazax şəhərində 54 hektarda salınan 25 min ağaclı meşəni soyqırıma məruz qoyub, sotunu 800 manatdan satır: “Başçı Aran zonasındandır, bəlkə də elə düşünür hər yer şoranlıq çöl olmalıdır. Ağaclara allergiyası var”. Ancaq başçı ilə ekoloji müharibəsi Azər Məmmədlinin özünə baha başa gəlib. Yazır ki, əlində barmaqları olmadığından əlillik pensiyası alırmış, icra başçısından yuxarılara şikayət məktubu yazandan sonra isə iyunun sonunda ona rayon Tibbi Sosial Ekspert Komissiyasından (TSEK) məktub gəlib, yazıblar daha pensiya almayacaqsınız, təkrar yoxlamadan keçənə qədər və sairə.
Buyurun. Adam ağacların qırılmasına etiraz edirdi, özü də barmaqsız qalmasına görə pulundan məhrum oldu. Bəlkə də rayon məmurları fikirləşirlər ki, ağacın budağı təzədən çıxır, yəqin əlilin də barmağı yenidən çıxar, qoy yoxlamadan yenə keçsin.
Utanmazlar...