Dəqiq yay

“Çırmanırıq keçməyə çay gəlməmiş, Başlayırıq qızmağa yay gəlməmiş"
(Sabir bu şeirində ölkəmizin islahatlara qədərki dövrünü əks etdirmişdir)
Hörmətli zəhmətkeşlərimiz özləri üçün xoşbəxtcəsinə yaşayırlar, istidə tərləyirlər, soyuqda büzüşür, yağışda islanır, dumanda azırlar, lakin heç ağıllarına gəlmir ki, bütün bu proseslər ölkəmizdə hüquqi baxımdan tənzimlənir. Bircə faktı yazım: iyun ayının 21-də saat 14:07-yə qədər havalar sərin keçirdi. Adamların bəzisi hətta gödəkçədə gəzirdi. Lakin həmin andan etibarən dərhal istilər başlandı. Nəyə görə? Çünki Azərbaycanda yay girdi. Çox dəqiq formada. Nəyə inanınırsınızsa (oxucularımın hərəsinin kefi istəyən bir şeyə inandığı haqda dəqiq məlumatlarım vardır, hətta ağıllı adamlar demişkən, yox deyildir) ona and içirəm ki, istilər məhz həmin günün günortasında saat üçə sıfır yeddi dəqiqə işləyərkən başlandı.
Eyni qaydada sentyabrın 23-ü gecə saat 5:54:06-da ölkəmizə payız girəcəkdir, buna şübhəniz olmasın. Ta o vaxtacan isti olacaqdır. Özü də ölkəmizdə iqtisadi-siyasi islahatların günü-gündən daha da töhfə verməsi payızın gəlmə vaxtının müəyyənləşməsində özünü göstərir. Fikir verdinizsə, orada iş saniyəsinəcən bilinir, yay isə dəqiqəyə qədər məlum idi. Altı saniyə. Mən ölü, siz diri, sentyabrın 23-ü gecə saatı qurub baxarsınız, səhər saat altıya beş dəqiqə əlli dörd saniyə qalmış hava qəfil sərinləməsə heç mənim qandığım qrafa yoxdur. O xarici, yiyəsiz dövlətlərdədir, görürsən yayda qar yağır, qışda buz əriyir, nə bilim, yazda səbət dalından gilas tökülür və sairə. Elə dünən Hindistanda avtobus aşmışdı.
Bizdə bütün proseslər xidməti qaydalara uyğun aparılır. Misal üçün, bugünlərdə Ədliyyə Nazirliyi tərkibində Probasiya Xidməti adlı təzə idarə yaradıldı. Bu idarə cinayət törətmiş, lakin türməyə salınmayan adamlara nəzarət edəcəkdir. Yəni, xalqımıza. Axı biz hamımız hökumətin nəzərində potensial quldurlarıq. Zarafat edirəm, belə şey yoxdur. Sadəcə, görürsən məhkəmə adamı zindana salmaq yox, küçə süpürmək, ağac dibi belləmək, zibil toplamaq kimi cəzalara məhkum edir, bax, həmin insanların doğrudan da bu işləri gördüyünə kimsə nəzarət etməlidir, ya yox? Hərçənd, indi ha fikirləşirəm yadıma türməsiz cəza alan kimsə gəlmir, yalnız bir-iki müxalifətçidən və jurnalistdən başqa. Onlara da elə həm türmədə, həm türmədən bayırda ictimai iş cəzaları verilirdi. Sözgəlişi, bu yaxında Mingəçevirdə bir kişi xeylağı aliment vermək istəmədiyi arvadını məhkəmə iclasında vurub öldürdü. Bıçaqla. Görəsən o, həmin bıçağı idarəyə necə keçirib? Biz jurnalistlər məhkəməyə girəndə nəzarətçilər qələmimizin içliyinə qədər çıxardıb baxırlar ancaq. Məhkəmə qərarını gözləmədən hərə problemini idarədə bu cür bıçaqla həll eləsə hakimlərin yükü azalacaqdır. Mənfi haldır. Pisləyirik. Qayıdaq yayın yanına.
Yayın gəlişini bizə yüksək dəqiqliklə Şamaxı Astrofizika Rəsədxanası çatdırmışdır. Şamaxıda AzTV şefinin çoxlu torpaq sahəsinin, mülklərinin olduğu bildirilir. Əlbəttə, teleskopla baxanda göyün dərinliyində də çoxlu torpaq sahələri vardır, kimə nə dəxli? İnsan başqasının var-dövlətini saymaz. Paxıl olmayaq. Rəsədxananın dövlət və xalq əlaqələri isə olduqca istidir. Biz ordan təkcə yayın, payızın gəldiyini, Ramazan ayının təqvimini öyrənmirik. Günəşdə partlayışlar varmı, protuberanslar Sumqayıt yolunda təmirlə məşğul olan fəhlənin başına, Saatlıda pambıq yığan kəndlinin beyninə neçə dərəcə təsir edəcəkdir, hansı plyajda əhali üçün dənizə baxmaq deşikləri qalmışdır, hansı meşədə ağacın kölgəsi neçə manata olacaqdır və sairə bu tipli dövlətçilik məsələləri orada elmi şəkildə araşdırılıb xalqa, dövlətə zəruri məlumatlar ötürülür. Çünki bunlar bizdə hər il mövsümdən mövsümə aktual olan vacib problemlərdir. Elə Milli Məclisin son iclasında informasiya qanununa edilən dəyişiklik xalqı məlumatlandırmağın yeni üsulunu göstərirdi. Bundan sonra nazirliklər xalqa hansısa xəbəri çatdırmaq istəsələr gərək bunu qabaqca Nazirlər Kabineti ilə dəqiqləşdirsinlər. Dəqiqlik olmalıdır. Yoxsa sən hər söhbəti aç qoy sayta, millət də girib baxsın ki, körpə uşaq ölümünə görə Avropada “birinci” yerdəyik... Nəyə lazım düşmən sevindirmək?
Bir də qarpızı ayın neçəsində yemək məsələsi var, bu da hazırda aktualdır, inşallah, gələn nömrədə...