Avtoritarizmin sınırları

“İran qəribə bir təzad və dərəbəylik ölkəsi olduğundan qanun-qaidəsi yox, zülm və ədaləti bəgənilməz bir dövlət olduğundan, nədən isə ermənilər İranda kəmali-istirahət və azadlıqla yaşamışlar. İran istibdadından bunlar zərrəcə bir zərər görməmiş kəmali-rəfahətlə dolanmışlar”.
(Məhəmməd Əmin Rəsulzadə, “Tərəqqi” qəzeti, 1909-cu il)
İranla sərhədimizdə bir qrup şəxs Cəlilabad sərhəd dəstəsinin əsgərini güllələyərək aradan çıxıb. Dünən Sərhəd Qoşunlarının komandiri Elçin Quliyev hospitalda əsgərə baş çəkərək medal veribdir. Məni bir sual düşündürür, çünki o istiqamətdə silahlı sərhəd pozucularının cinayətləri birinci hadisə deyildir, dəfələrlə olmuşdur: niyə buna görə qonşumuza cupbulu da olsa notadan-zaddan verilmir? Bəyəm ora yiyəsiz ölkədir ki, hərə əlinə bir silah alıb bizə cumsun? Şübhəsiz, həmin silahlıları “bir öyrədən var”dır. Narkotikin ən böyük partiyaları da oradan gəlir, sərhədimizi ermənilərdən sonra ən çox pozanlar da İranla sərhəd istiqamətindəndir, di gəl quru xəbərdarlıq da yoxdur. Yoxsa dilim-ağzım, qələmim-klaviaturam qurusun, biz İrandan qorxuruq? İnanmıram. Bizim hökumətin İranla dostluq-qardaşlıq əlaqələri kefin istəyən şəkildədir. Biz, ümumiyyətlə, heç kimin toyuğuna kiş demirik, balanslı hin.., üzr istəyirəm, XİN siyasəti yürüdürük. İsraillə də qardaşıq, İranla da. Rusları da sevirik, ukraynalıları da. Türkiyə də dostumuzdur, Bərzani də. Bəs ara yerdə yazıq balakənli əsgərin günahı nə idi ki, Cəlilabad tərəfdə axmağın biri gəlib gülləni onun qarnına doldurur?
Dərdi yazmışam, dərmanını da yazmalıyam. Məncə günah elə o əsgərin özündədir. Lazım olmayan vaxt lazım olmayan yerdə göründüyü üçün hazırda yarasının üstündən “Hərbi xidmətdə fərqlənməyə görə 33-cü dərəcəli medal” basaraq qoruduğu ana torpağa horizontal şəkildə hospitalda uzanmışdır. Şübhəsiz, hər yaranın öz medal məlhəmi vardır. Ancaq yenə də... Bəlkə iranlı sərhəd pozucuları əsgərimizi qətlə yetirəydi? Bu zonada atəşkəsə haçan əməl olunacaqdır? Eyni zamanda yuxarıda yazdığım kimi, əsgər də öz yerini, həddini və sərhədini bilsin. Balakənlinin Cəlilabadda nə işi var?
Yerində olmaq, ümumiyyətlə, önəmli özəllikdir. Misal üçün, hazırda mətbuat nümayəndələri Bakı Şəhər İcra Hakimiyyətinin başçılığına adam axtarırlar, tapmırlar. İdarə neçə aydır başsız qalıbdır. Doğrudur, deyirlər Hacıbala müəllimin ruhu kabus kimi idarədə dolaşır, səhərlər Nazirlər Kabinetində (indi Hacıbala müəllim oranı sevməklə məşğuldur, neçə il sevəcək Allah bilir), axşamlar Bakı ŞİH-də olurmuş. Lakin yarımçıq hamiləlik kimi, yarımçıq ŞİH başçılığı da mümkün deyildir. Bəs o zaman niyə idarəyə rəhbər tapılmır?
Düşündürücü problem olsa da, biz fikirləşmədən bunun səbəbini yaza bilərik. Azərbaycanda avtoritarizm, bir nəfərin hakimiyyəti hökm sürdüyü üçün hər hansı idarəyə, nazirliyə, qanunverici orqana (bizdə nazir kürsüləri, deputatxana kresloları da uzun zaman boş qalır, bu isə ölkənin funksionallığına qətiyyən təsir eləmir) kadrların təyinatı heç bir əhəmiyyət daşımır. “Seçilməsi” sözünü yazmıram, çünki bu fantastika janrına aiddir, bizdə təsəvvürü belə ayıbdır. Bir nəfər hamının yerinə çalışır. Bir nəfər gələcəyimizi, indimizi, keçmişimizi müəyyən edir. Bir nəfər olmasa batarıq, axşam düşməmiş yatarıq. (misal üçün, pambıqlıqda). Bir nəfərdir xilasımız, ona gedir bütün gilasımız. Dua eləyək bir nəfərə, bizi atıb getməsin səfərə! Allah bizim hamımızın ömrünü kəsib, bir nəfərin ömrünə calasın, ilahi, amin! Bəs mən niyə bir nəfərin kim olduğunu yazmıram? Çünki onu da gərək mənim yerimə bir nəfər özü yazsın. İndilik isə məsləhət bilmir yazsın. Vəssalam, şüttəmam.
İstefada olan bir polis generalı təzəlikcə jurnalisti söyüb biabır eləmişdi. İndi deyirlər generalın... qardaşı jurnalistə zəng vurub üzr istəyibdir. Bu da milli dövlətçiliyimizdən irəli gələn praktikadır. Biri söyür, o biri üzr istəyir. Söyən özü üzr istəsə, sabitlik pozular. Hər şeyin öz yeri var.
Sonda qeyd edim ki, biz xalq olaraq özümüzün “Tək əldən səs çıxmaz” ata sözümüzü təkzib eləmiş xalqıq. Çırtıq çalmaqla. Elə qəşəng də səs çıxır...