Futbol Putinin fikrini dağıdacaqmı?..

Heç vaxt idmandan yazmamışam və indi də belə bir fikrim yoxdur. Sadəcə, bir detal mənə olduqca maraqlı görünür. Amma ola bilsin, bu da illərlə siyasətdən yazmağımın nəticəsidi ki, hətta onun olmadığı yerlərdə də yenə də siyasətin izlərini görürəm.
Qərəz, başınızı çox ağrıtmayacam, nədənsə mənə belə gəlir ki, futbol çempionatında rusların ərəblərlə bir qrupa düşməsi də haradasa siyasətin təzahürüdür, sanki Rusiyaya çempionata sahiblik edən ölkə kimi bir azca güzəşt ediblər. Düzdür, hamı bilir ki, belə məsələlər püşklə həll edilir, di gəl, məni şübhə və tərəddüdlər tərk etmir.
Onu da bilirsiniz ki, ruslar fürsəti fövtə vermədilər, iki ərəb ölkəsini futbol meydançasında, necə deyərlər, darmadağın etdilər. Xüsusən də Səudiyyə ilə oyunu unuda bilmirəm. Bu ölkənin kralımı deyim, yoxsa vəliəhdimi, hər halda, təmsilçisi o qədər pərt oturmuşdu ki, sanki ölkəsi qalan məsələlərdə hamıdan irəlidədir, yalnız bir futbolda bəxti gətirmir.
Nə isə, buradaca futbolla bağlı mübahisəli “kommentariya”larımı bitirirəm. Bir də onu demək istəyirəm ki, nədənsə Qərb ölkələri dünya çempionatını boykot etmədilər, görünür, V.Putin yaxşı çalışmalı olub.
Di gəl, çətin ki, hətta futbol V.Putinin digər qayğılardan diqqətini yayındırmış olsun. Yox, bu, qəliz məsələdir, baxmayaraq ki, bütün anti - Rusiya səylərinin başında dayanan ABŞ -ın çox orijinal prezidenti cənab D.Tramp nə qədər çalışırsa, Putinə rəğbətini gizlədə bilmir.
Hətta belə xəbərlər də səslənir ki, ola bilsin, Trampın Putinin əlini ürəkdən sıxması üçün iyul ayında daha əlverişli imkanı olacaqdır. Amma Tramp Putinin əlini sıxmağa tələsir, ABŞ-ın “siyasət maşını”sa D.Trampın özünü.
Ona görə də Trampın anlaşılmaz simpatiyası da çətin ki, Putinin yarasına məlhəm olsun. Təbii, ifrat həyacanlı ssenarilərlə bağlı ehtimalları bölüşməyə hələ tələsmirik, amma Kremlin durumu o qədər də ürəkaçan halda deyil - Yer tədricən Rusiyanın altında titrəyir...
Bəli, hətta ərəb dünyasının bir parçasında da-Suriyada da işlər yaxşı getmir. Kreml özünü burada dərhal ağa kimi aparmağa başladı, amma ki, çox tez də müttəfiqlərinin müqavimətilə qarşılaşdı. Bir çoxları İran, Türkiyə və Rusiya arasında anlaşmanın yüksək səviyyədə olduğunu iddia etsələr də, əbət ki, belə deyil; İranla ciddi problemlər var, Türkiyə də Kremlə görə bölgədəki hədəflərindən vaz keçmək niyyətində deyil.
Şübhəsiz, Qərb tərəfdən soyuqluq bu üçlüyü bir azacıq yaxınlaşdırır, amma yalnız bir azacıq; reallıqdasa hər üç ölkənin Suriyada öz hədəfləri mövcuddur və bu hədəfləri uzlaşdırmaq elə də asan məsələ deyil.
Üstəlik, ABŞ kiçik müdaxilə ilə “Astana üçlüyü” adlanan trionun Suriyadakı səylərini ən azı qeyri-müəyyən bir müddətə pozdu. Həm də üçlük içindəki ixtilaflar da az rol oynamır. Bu kiçik və darısqal müstəvi daxilində də mürəkkəb münasibətlər bərqərar olubdur. Kremlin hələ azca olsa da, Ankarayla daha səmimi münasibətlərə ümid etməyə əsası var və B.Əsədə münasibət onları ayırsa da, S -400 kompleksi hələki birləşdirici detal kimi çıxış edir.
Heç sözsüz ki, sonuncu detal ABŞ-Türkiyə münasibətlərində sərinləşdirici amil rolunu oynayır. Bir ara deyildi ki, guya Vaşinqton həmin sistemin analoqunu da Ankaraya təklif edir.
Amma gec deyilmi? Sözsüz, ABŞ-la hətta Avropa ölkələri arasında ziddiyyətlərin yaşandığı məqamda Vaşinqton - Ankara münasibətlərinə bundan yaxşısını arzulamaq sadəlövhlük olardı.
Fəqət, Türkiyə səmtində soyuqluq xüsusilə nəzərə çarpır. İndi belə deyilir ki, Kreml hətta Türkiyə üçün hazırladığı S - 400 komplekslərini vaxtından əvvəl təhvil verməyi planlaşdırır. Amma bir məsələ var ki, iyun Türkiyədə böyük seçkilər ayıdır və artıq bu həftənin sonunda çox məsələlərə aydınlıq gələcək. Güman, ABŞ-da da buna diqqət kəsiliblər.
Əvvəllər belə məsələləri Vaşinqton fərqli üsullarla yoluna qoyurdu, fəqət, indi başqa vaxtdır. Həm də iki il bundan əvvəl “klassik üsul”lardan birini sınamaq istədilər, amma istəklərinə çatmadılar. Böyük ehtimalla hazırda diqqətləri həftə sonuna yönəlibdi. Amma biz Türkiyəylə Qərb arasında daha səmimi münasibətlərin olmasını istərdik.
Üstəlik, Rusiya ilə bağlı uzunmüddətli, strateji planlar qurmağın qəti mənası yoxdur; Rusiya indi sadəcə, bir az böyük Şimali Koreyadır. Putin Tramp-In görüşü ərəfəsində demişdi ki, koreyalılar ot yeyər, amma raket və nüvə silahından imtina etməzlər.
Fəqət, göründü ki, heç də belə deyil, Şimali Koreya camaatı ot yox, çörək istəyir. Düşünürük ki, tox həyat elə rusların da könlündən olardı...