Ağ günlər

“qar yağır
qar yağır
qar yağır
bəyaz pendir qara çörək qırmızı çaxır
qar yağır
qar yağır
qar yağır"
(Adil Mirseyidin şeirindən)
Dünənki yazımda azərbaycanlılara mühacirət üçün Ekvatorial Qvineyanı məsləhət görmüşdüm, ancaq bu gün ağlıma gəldi, o qədər uzaq gedib Afrikada timsaha yem olmağa ehtiyac yoxdur, yanımızda Türkmənistan kimi gözəl yer vardır, eynən bizim kimi status üzünə həsrət Xəzərin o tayına adlasan yetər. Ora elə bir yerdir ki, millətə pambıq yağında bişmiş düyü, ayağına geyməyə də qaloş ver - yetər. Çox qısa müddətdə xoşbəxt ola bilirlər türkmən qardaşlarımız. Sözgəlişi, oğuz türkləri arasında bizə xasiyyət, adət və dil baxımından ən yaxın olanı türkmənlərdir, biləsiniz. (Oğuz sözünün kökünü, anlamını “ağ üz” kimi yozan elmi nəzəriyyə vardır). Biz, bir növ, Türkmənistan türkləri ilə Türkiyə türkləri arasında aralıq mərhələyiq. Körpü adlandıra bilərsiniz - həmişəki coğrafi qismətimiz tipində. Bizi Türkmənistandan fərqləndirən çox cüzi, barmaq sayı qədər adam olubdur, onlar da çox şükür, ölüb başımızdan açılıblar. Bunlardan saya bilərəm Axundov, Hacıbəyov, Məmmədquluzadə, Rəsulzadə, Sabir və sairə...
Haşiyə çıxaraq qeyd edim ki, Türkmənistana Ələtdə yerləşən Bakı Beynəlxalq Dəniz Limanından getmək olar. Dünən onun da açılışı olmuşdur. Mübarəkdir, ancaq mən bir şeyi anlamadım ki, niyə Bakıdan 82 kilometr aralıdakı liman “Bakı limanı” adlanır. Onda mən Biləcəridə yaşasam da Nabran sakini sayıla bilərəmmi? Yayda vağzalda özümü günə verib dincələrəm. Doğrudur, formal olaraq Ələt Bakının Qaradağ rayonuna daxildir, ancaq 82 kilometr bir liman üçün uzaq deyilmi? Bunun bənzəri Şəki dəmiryolu vağzalında da var idi, yadıma gəlir. Vağzal Şəki şəhərindən o qədər aralıda idi ki, qatardan enəndə məni Şəkiyə aparan taksi Bakı-Şəki dəmiryolu biletinin qiyməti qədər pul almışdı. Deyilənə görə qədimdə bu yolun sxemini bir erməni qəsdən belə edibdir.
Bax, dünən saytda türkmənbaşı - prezident Qurbanqulu müəllimin maşın yarışında yerli avtoş-idmançıları da udmasını görəndə qəlbim açıldı. Başqa nə cür ola bilərdi? Kimin cürəti var dövlət başçısından qabaqda olsun? Rəhbər elə hər mənada öndə gedən deməkdir.
Biz indi-indi Bakıda “Ağ şəhər” projesi-zad başlamışıq, türkmənlər çoxdan Aşqabadı ağ boyayıblar. Təbii ki, rəhbərin qərarıyla. Sözün əsl mənasında şəhər ağ günə çıxıbdır. Yəni, orada ağ rəngdən başqa hər hansı rəngi binaya vurmaq qadağandır. Di gəl, bu ağ günün fonunda küçələr bomboş olur. Hansısa xarici azıb Türkmənistana gedəndə adətən təəccüblənir ki, görəsən niyə küçədə bir adam da yoxdur. Gündüz-gecə hər yan boşdur. Hamı iş-güclə məşğuldurmu? Yox, əlbəttə. Orda iş olsaydı camaat bizim kimi Rusiyaya qaçmazdı. Sadəcə, şəhər qəşəng düzəldilib, millət bu fonu korlamaq istəmir. Kukla-şəhərin üstündə milçəyə oxşamaq istəmirlər. Bizdə də belə regionlar var, adını çəkmirəm - deyirlər bu il amnistiya olmayacaqdır.
Tək Aşqabadla iş qurtarmır, beş-on gün qabaq Qurbanqulu müəllim ölkədəki bütün maşınları da ağ boyamağa fərman verdi. İndi orda hamı ağ maşın sürəcəkdir. Gör nə qədər koloritli, maraqlı prezidentdir... Böyük ehtimal lap axırda türkmənlərin dərisini ağartmaq qərarına gələcəkdir. Niyə də olmasın? Rəhmətlik Maykl Cekson bu əməliyyatı elətdirmişdi. Semaşkonun həkimlərinə...
Ağ demişkən, qərb qonşumuz Gürcüstanda isə camaat “Ağ səs-küy” adında küçə etirazlarına başlayıbdır. Burada “ağ” deyərkən narkotik nəzərdə tutulur. Hansısa gənclər narkotikdən ölüb, polis buna görə narkotacirləri tutub, millət isə həmin narkotik satanlara azadlıq tələb edir. Sən problemə bax... Gürcülər deyəsən demokrasinin kayfını hər cür tutmağa başlayıblar. Hərçənd, ümumən bütün yaxın coğrafiyamızda ağ xəstəliyin yayıldığını söyləyə bilərik. Hərə bir cür “ağarıb” xəstələnmişdir.
Sovet vaxtı İraq ədəbiyyatından tərcümələr kitabı çıxmışdı, adı “Ağ günlərin sorağında” idi. Guya İraq xalqı Səddam müəllimin rəhbərliyi, sovetlərin də yardımı ilə sosializm qurub xoşbəxt olacaqdı. Bu hardan yadıma düşdü, heç bilmirəm.
Çox ağ eləməmiş yazını bitirirəm.