Ümid var gələcəyə! - ZAMİN HACI YAZIR

“Əgər problemi pulla həll eləmək mümkündürsə, bu, problem deyil, xərclərdir”
(Yəhudi məsəli)
Təzə baş nazirimiz, göz dəyməsin, maşallah, yaman sərt başlayıbdır, artıq ikinci sərəncamını veribdir və islahatlar sel kimi gəlməkdədir. Birinci sərəncam miqrantlara verilən anket vərəqinin formasında dəyişikliklə bağlı idisə, ikinci sənəd lap kəskindir, islahat bunun hər sətrindən bal kimi süzülür. Zəhmətkeşlərimizə bircə o qalır ki, bu balı nəlbəkiyə yığıb yalasınlar. “Sərəncam balı, xalisindən” - bu marka ilə dünya bazarına da çıxaracağıq.
Uzun sözün qısası, təzə baş nazirimizin kabinetdə ikinci tarixi sərəncamı tütün məhsullarının zərərlərinin azaldılması istiqamətində maarifləndirici tədbirlərin çoxaldılması haqdadır. Sözgəlişi, burada bizim administrativ islahatların, yenidənqurma siyasətimizin irsi xarakteri, davamlılığı, axıcılığı da özünü göstərir, çünki əski baş nazir Artur müəllim son sərəncamlarından birində ictimai yerlərdə siqaret çəkilməsi qadağasına sulu qəlyan və ümumiyyətlə, tütün məhsullarını da əlavə etmişdi. Başqa cür ola da bilməzdi, bəzi müxalifətçilər qəsdən ictimai yerlərdə eşmə, qəlyan, elektron siqaret çəkirmişlər. Ancaq bunlara nəsə tədbir görmək olmurdu. Qanunda yox idi axı. Qanunda ancaq siqaret qadağası həkk olunmuşdu. Bizdə isə qanunun hərfinə dəqiq əməl edilir. Misal üçün, bu yaxında deputatxana icazəsiz küçə aksiyalarını çıxanları daha çox cərimələmək, həmçinin hərbi vəziyyətdə müxalifət partiyasını qadağan eləmək qanunu qayırmağa hazırlaşır. Belə baxanda guya küçəyə icazəsiz çıxan varmı? Heç kim çıxmır. Camaat hətta zibil vedrəsini boşaltmağa getmək üçün uçaskovıdan möhürlü-ştamplı kağız alır. Ərlə arvadın əl-ələ tutuşub ağaclıqdan keçməsi üçünsə Ekologiya, Fövqəladə Hallar, Kənd təsərrüfatı, Müdafiə nazirlikləri, o cümlədən Fitosanitar İdarəsi, Şəhərsalma Komitəsi, Dini İşlər Agentliyi və ASAN Xidmət yanında Qoşan Zillət Komissiyası müvafiq arayış verməli, həmin arayış tərəfimizdən aşkar edilib götürülməlidir.
Qaldı hərbi vəziyyətdə müxalifəti qadağan eləmək, bunu oxuyanda “Məhsul” stadionunun qarovulçusu gülməkdən ölmüşdür. Sabah üçü-yeddisi bir yerdə veriləcək, hamımız gedərik.
Dediyim odur ki, bizdə hər şey qanunla, qərarla olmalıdır, dövlətçiliyimiz üçün vacibi budur. Şah qanun deyil, qanun şahdır (buna görə məni tutmasalar yaxşıdır - bəlkə dövlət sirrini açdım).
Bu arada, ekologiya idarəmizə Umayra xanımın təzədən qayıtması bizi çox sevindirmişdir, çünki Umayra xanım Azərbaycanda həqiqəti deyən yeganə qadın idi - haçan desə, yağış yağacaq, həqiqətən yağırdı. Desə, tufan olacaq, gərək ölüb evdə oturaydın. Nəyəsə görə onu 2-3 il qabaq idarədən çıxartmışdılar, o gedəndən havalar korlanmışdı. Hətta yaz və payız fəsilləri az qalmışdı tamam ləğv olunsun, biz yaydan birbaşa qışa, qışdan da hoppanıb yaya keçək. Dəhşətdir. May ayında da soba qalayarlar? Camaat evində donur. Bilmirəm, Nazirlər Kabineti hara baxır?! Nəsə. İndi ümid var hava düzələcəkdir. Ümid var gələcəyə, Səs versək Elçibəyə!
Görünür, köhnə ekologiya nazirimiz havaların düzəlməsini istəmirmiş, ona görə işdən azad elədilər. Hərçənd pis nazir deyildi, adı korrupsiyada heç çəkilməmişdi mən biləni. İndi də küçədə piyada gedən yerdə şəklini çəkib internetə vurmuşdular. Nazir olanda da piyada gəzərmiş. Bizdə velosiped sürən nazir də var, ancaq Avropa Şurası nədənsə bunları görmək istəmir. Elə bizdə nöqsan axtarırlar.
Axırda məndən sizə məsləhət, harada təzə gömrük nazirimizin intervüsünü görsəniz, mütləq baxın. Elmar Məmmədyarovdan sonra ana dilimizi gözəl bilən növbəti kadr yetişməkdədir. Xoşunuza gələcəyinə adım kimi zaminəm.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil.