Zirzəmidə qısaqapanma

Və ya mavi soyqırımın psixoanalizi
Nömrəsindən, xidmətlərindən yararlandığım mobil rabitə operatoru əlləm-qəlləm hesablar göndərməyə başlamışdı. Elə bu qış o şirkətin müştərisi olmağımdan düz 18 il keçirdi. Bu 18 ildə ilk dəfə idi belə bərbad xidmətlə qarşılaşırdım. Son 3 ayda ağlıma gəlməyən hesablar, ödəmə bildirişləri almağa başlamışdım. Birinci ay bunun təsadüf olduğunu zənn edib, şikayət etmədim. İkinci ay xəstə olduğumdan şirkətin ofisinə getmədim. Nəhayət, 3-cü ay məcbur olub elə xəstə vəziyyətdə bu hesabları araşdırmağa getdim. Gözlənilməz durumla qarşılaşdım: şirkətin müştəri xidməti ofislərindən birinin qapısını açmaq mümkün deyildi. İçəridə o qədər adam, elə bir basabas vardı ki, qapı sadəcə hərəkət etmirdi (içəriyə açılan qapı idi). Hamısı da cürbəcür şikayətlər üzündən gəlmişdi. Sözgəlişi, mənim dərdimə heç ofisdə də əlac tapılmadı. Daha doğrusu, müştəri xidməti şişirdilmiş hesabların nədən gəldiyini anlaya bilmirdi. Axırda belə məsləhət oldu ki, telefonun, nömrənin bəzi funksiyalarını bağlayaq və... test edək. Guya bu üsulla problemin səbəbini tapacağıq.
Halbuki mən problemin səbəbini gözəl bilirəm. O səbəb yarıtmaz idarəçilik, ölkədəki korrupsiya mühitidir. Xarici şirkətləri, dünya səviyyəli menecmenti sıxışdırıb qovursansa axırı belə olmalıdır. Bazar iqtisadiyyatının, marketinqin əsasları azadlığa, liberal dəyərlərə bağlıdır. Hər mənada. Bunlar olmayanda, rəqabətsiz şəraitdə bütün şirkətlər bir əldə cəmləşəndə iqtisadi inkişafdan söhbət getməz. Maraq olmur axı. Yarışmağa şirkət yoxdursa, niyə səmərəli işləyəsən? Qiymətləri nədən endirəsən? Çeviklik, dünya bazarındakı proseslərə reaksiya nəyinə lazımdır? Pul hardan olsa, istənilən mənbədən əlinə gəlir. Bütün bulaqlar, artezianlar, borular, krantlar sənin deyilmi? Onu bağla, bunu aç. Bunu bağla, onu fırlat. Əsas odur proses getsin.
Nəticədə özəl şirkətlər SSRİ dövründəki kimi “milliləşdirilib” dövlət nazirliklərinin, komitələrin tərkibinə qatılır, qaytarılır. Orada isə korrupsiya, dövlət büdcəsindən dotasiyalar adı altında yeyintilər edilir. Qapalı dairənin içində cəmiyyət məhv olur. Həmin cəmiyyətə guya ötən ilin ziyanla başa vurulması haqda nağıllar danışılır. Lap bu nağıllara inansaq, sual verilmir ki, niyə axı on illərdir süd verən bu inək birdən-birə qurutdu? Nədən ziyanla işləməyə başladı?
Biz ağacların yaşıl soyqırımından yazdığımız bir məqamda həmin ərazidə bütöv ailənin məhvi haqda xəbər gəlir. İstəsən buna da poetik-sinik adlar qoşaq, “mavi soyqırım” adlandıraq, çünki ailə mavi yanacağın dəm qazından ölmüşdür. Nəsə dəyişməyəcək. Hamımız səssizcə, bir-birimizdən xəbərsiz ziyanla işləməkdə, yanmaqda, batmaqda, boğulmaqdayıq.
Əlbəttə, istintaqın nəticələrini gözləməliyik. Tələsik qərarlar verməyə ehtiyac yoxdur. Bəlkə də burada qısaqapanma olmuşdur. Ya da özünə qapanma. Dizinəqapanma - yerə çökmək də mümkün haldır. Bütün bu versiyalar tərəfimizdən araşdırılacaq, aşkar edilib götürüləcəkdir. Bunun klassikasını vaxtilə Putin yaratmışdı. Sualtı qayıq batanda jurnalistlərin hadisənin səbəbi barədə sualına qısaca belə cavab vermişdi: “O batdı”. Vəssalam. Qısa, konkret. Sonradan isə sual verənləri “batırıb” sıradan çıxartdı və indi onun mətbuat konfransları toy-bayram əhvalında keçir. Kim istəyir batsın, bunun bizə dəxli yoxdur. Xəbər gizli qalırsa, faciə də olmur. Sovet vaxtındakı kimi: qonşu şəhərdə atom stansiyası partlayırdı, sən isə bunu bir il sonra, xiyar tağı ilə danışmağa başlayanda, arvad-uşağın alnından müqəddəs şüalar çıxanda anlayırdın. Pis xəbərləri gizli saxlayanda adam həmin hökumətdən ötrü darıxmağa da başlayır. İndiyəcən bəzi adamlar SSRİ-də təyyarə qəzalarının olmadığını zənn edir. Halbuki təkcə 1980-ci illərdə onlarla təyyarə qəzası olmuşdu. Cəmiyyətə bunların biri barədə xəbər verilməzdi.
Hələ bu “dəm” sözünə fikir verin... Onun bizim dildə düz 12 mənası var. Qısa vaxt, kef, yemək bişirmə üsulu... Biz isə qazdan ölürük. Hər halda burada seçim imkanımız saxlanılmışdır. Sağ olsunlar. İstəsələr burda da azadlıq olmazdı. Zirzəmidə uzun illər yaşayıb axırda siçovula çevrilərdik.