Pikassonu tanımaq

Öncə keçən yazımda (“Çili qozu”) getmiş yanlışa düzəliş verim. Bunu hörmətli oxuculardan Füzuli Dehqani məktubla diqqətimə çatdırdı, yoxsa heç xəbərim yox idi, buna görə ona qəzet vasitəsiylə təşəkkür edirəm. Uzun sözün qısası, yazıda Pablo Neruda-nın soyadı mexaniki olaraq Pikasso kimi gedibdir. Hərçənd, mənim indi bəzi xarici düşmən qüvvələrə Pikassonu və Nerudanı ayırmaq qabiliyyətimin olmasını isbat eləməyim çətin işdir. O məşhur sovet anekdotunda mədəniyyət naziri Furseva-nın dediyi kimi, Pikasso kimdir ki?
Ta mövzu açılıbdır, Pikasso temasında bir yaxşı lətifəni də yazım. Bir gün arvad gedir seksopatoloqa şikayət edir ki, heç ərim mənimlə mədəni söhbətlər eləmir, axşam yeməyini yeyən kimi uzanır çarpayıya, deyir, gəl... Həkim əri də ayrıca qəbul edir, buna başa salır ki, həyatda intim münasibətləri bu cür qurmaq olmaz, bir qədər mədəni olmaq lazımdır. Deyir, sən arvadla yatmazdan qabaq onunla Bethovendən danış, Fellinidən danış, nə bilim, Pikassodan danış. Ər deyir, yaxşı, gedirlər evə, axşam düşür, yemək-içməkdən sonra, bu çarpayıda oturub arvaddan soruşur: “Sən Pikassonu tanıyırsan?”. Arvad deyir, yox. Kişi deyir: “Heç mən də tanımıram. Gəl!”
Düzgün anlamısınız, bugünkü temamız millətin mədəni səviyyəsinin yüksəldilməsi, zəhmətkeşlərin asudə vaxtının səmərəli təşkilidir. İnsan asudə vaxtında əsasən toya, nişana, xınayaxdıya getməlidir. Bu zaman görürsən hansısa məmurun, şöbə müdirinin uşağının toyunda 500 min dollarlıq müğənnilər oxuyur. Hansı vəsait hesabına? Əlbəttə, bu heç kəsi maraqlandırmır.
Əksinə, maraqlananlara “paxıllar, ölün elə” deyirik. O cümlədən, xarici media bu toyun yiyəsini “iş adamı” kimi adlandırır. Deməli, bizdə dövlət məmurunun iş adamı sayılması da normaldır. Xarici qara qüvvələr belə şeyləri anlamazlar. Sevindirici haldır ki, fevral ayından pensiyaların baza hissəsi 12 manat qalxacaqdır. 215 manat alan 227 manat alacaqdır! Fantastikadır. Artımı yığıb nəvənin sünnət toyuna Murad Qozu gətizdirə bilərsən.
Yaxud bizim məmurların ulu babası Lenin müəllimin məşhur afyorizmi var idi: “Bütün incəsənət növləri arasında bizim üçün ən önəmlisi kinodur”. Təzəlikcə bizdə bir kino qayırıblar, orda hansısa rayonun camaatı təhqir olunubdur. Rayonun və kinonun adını ona görə çəkmirəm ki, belə bambılı temalarda özündən çıxan camaata nə eləsən azdır. Rəhmətlik milli qəhrəman Fred Asifin Ağdamı tərk edərkən dediyi: “Bizim qeyrət, kişilik, namus hamısı bu torpaqda qaldı. İndən belə bizə nə desələr azdır” məzmunlu sözlərini unutmaq olmazdı. Nəsə. Həmin filmdə qəzəbə səbəb olan səhnə isə beləymiş ki, baytar narkotikdən hallanıb adamı at kimi görür, hoppanır minir belinə. Guya buna gülmək lazımdır. Ancaq “Bu şəhərdə” adlı “komik” qrupun işlərinə baxanda buna hətta yumor demək mümkündür. Srağagün həmin biabırçılıqdan bir hissəyə alış-verişə girdiyim dükanda, satıcının televizorunda təsadüfən baxdım. “Aktyor”un biri guya dəllək rolunu oynayırdı, o biri isə qadın müştəri. (Bunlar hələ də arvad paltarı geyinən kişi obrazı ilə milləti güldürməyə çalışırlar. Ən dəhşətlisi odur ki, millət də baxır, irişir). Müştəri dəlləyə deyirdi ki, saçımı riyaziyyat elə. Sən demə o, bununla saçıma “ximiya” elə demək istəyirmiş. Deqradasiyaya baxın. O qədər əttökən söhbət idi ki, buna heç ağlamaq da olmazdı, nəinki gülmək. Adamların bu biabırçılığına bileti isə 50 manata satırlar.
Ancaq insaf naminə bizim kino və teatr sənətində aşınmanın bugünkü hadisə olmadığını qeyd eləməliyəm. Bunun kökləri sovet dövrünə gedib çıxır. Bu haqda sabahkı yazımda - indi yerimiz bitdi.