Çili qozu

Hökumət kənd təsərrüfatını, qeyri-nöyüt sektorunu inkişaf elətdirdiyini söyləyir, bu temada iclaslar keçirdir. Ancaq iclasa ehtiyac yoxdur, kəndin yüksəlişdə olmasını biz özümüz də gündəlik həyatımızdan aydın görürük.
Sözgəlişi, yapistlər kommunistlərin davamçılarıdır, həmin bolşeviklər isə əsasən fəhlələr və matroslardan ibarət idi. O üzdən SSRİ-nin qurulduğu ilk onilliklərdə, özəlliklə 1920-30-cu illərdə kəndlilərin anasını ağlatmışdılar. Kəndlinin döşəyindən yunu, təknəsindən son çörəyi də qoparıb şəhərə daşıyır, fəhlələrə verirdilər. Yəni, sovet hökumətinin “fəhlə-kəndli ittifaqı” olması əslində mif, uydurma idi.
Həyatımıza, kəndin tərəqqisinin bu həyatda inikasına (təzə orfoqrafik qaydalara görə bilmirəm bu sözü düzmü yazdım) qayıdaq. Örnək üçün, mən bu yaxında dükanda satıcının “Bu Çili qozudur” dediyini eşitdim. Təsəvvür elə. Çili Güney (Cənubi) Amerikada dövlətdir. Pinoçetin diktaturası, Salvador Alyendenin kəndinə qaçmaqdan imtina eləyib prezident sarayında vuruşub həlak olması, Nobel ödüllü şair Pablo Nerudanın hakimiyyət tərəfindən zəhərlənib öldürülməsi - bizim tanıdığımız Çili bunlardan ibarətdir. Ancaq ordan qoz da gəlirmiş. Özü də qoz deyəndə ağlınıza kokos qozu-filan gəlməsin, çünki dövlət Sakit okean sahilindədir. Bu qoz bizim bildiyimiz yunan qozu idi - rəhmətlik Vəzirovun sonra işğal edilən Qarabağda əkmək istədiyi qozdan. Əgər sən yunan qozunu Çilidən alırsansa, demək, ölkədə kənd təsərrüfatı inkişaf etmişdir. Öz pomidorumuz, öz musiqimiz, Pakistan kartofu, Gürcüstan qoyunu, Türkiyə limonu, nə bilim, İran xiyarı da öz yerində.
Özü də bu regional projelərimizin işləməsində keçmiş və indiki məmurların rolu danılmazdır. Keçmiş vergilər naziri Fazil müəllimin rayonlardan birində çox böyük qızılgül sahələrinin olmasını sevinclə oxudum. Sən demə Fazil müəllim istilikxanalarda (dövlət qərarı var, parnik yazanı tuturlar) kitayski qızılgül yetişdirməyin xəstəsi imiş. Şəmkirin hardasa yarısı bunun parnikləriymiş. Qalan yarısında da petruşka əkilir. Camaat isə Moskva bazarlarında yaşayır.
Görün necə romantik nazir olmuşdur! Qızılgül... Görülən işdən gül ətri gəlir. Deyilənə görə Fazil müəllim işdən çıxarılanda bu temada bayatı çağırıbdır: “Qızılgül olmayaydı, Vəzifə əlimdən alınmayaydı. Bir ayrılıq, bir də Xaləddin, Heç biri olmayaydı”. Yeri gəlmişkən, bu dəqiqə Binəqədidə yolların içi, ağacların budaqları, buludların üstü, maqma qatından ionosferə qədər hər şey satılır. “Heç nə unudulmur, heç kim yaddan çıxmır” - bu məşhur şüarı sanarsa müasir Binəqədi üçün yazıblar. Sanki Xaləddin müəllim çamadan üstündə oturubdur. Çün krışası gedibdir, işdən vot-votda (bunu da təzə orfoqrafik qanundan götürmüşəm) çıxarılacağına əmindir, haranı satsa qabağa düşəcəyini bilir. Bu dəqiqə rayonda haranı almaq istəsən ağzına gələn projeni yaz, idarəyə apar - üstünə dərhal imza atırlar. Təbii, müəyyən hesab hesabına.
Bizdə tək qızılgül aşiqləri deyil. Misal üçün, bir məmur da var, deyirlər dəvə saxlayır. Başqası delfin otarırdı. Üçüncüsü timsah, dördüncüsü meymun... Hərə çalışır bir yolla kənd təsərrüfatımıza töhfə versin. Şəxsən mən yazın gəlməyini gözləyirəm, bu köşənin yerində pomidor əkəcəyəm. Oxucuları da dəvət edirəm, şitil alın gəlin. Peyin, danadişiləri, böcü-möcüləri, başqa həşəratları qovmaq üçün pestisidlər, pomidor şaxlarını bağlamaq üçün çubuq və ip gətirənlərə də köşəmiz üstündə yer vardır.
Ümumiyyətlə, ağlıma belə ideya gəlibdir ki, biz dünya media tarixində ilk dəfə olaraq “Oxucunun köşəsi” fermer təsərrüfatı qayıra bilərik. Oxucu yoldaşlarla yığışıb əkin-biçinlə məşğul olarıq. Satışı həyata keçirən yoldaşlar da tapılar. Misal üçün, daimi oxucularımızdan Təhminə xanım “Yaşıl bazar”da işləyir. Yəqin o bizim malları da piştaxtanın bir küncünə qoyar.
Qəzetçiliyin axırı yoxdur. Həm də bu işin mənası qalmayıbdır - hökumət o qədər qəşəng işləyir, heç bilmirsən nəyi tənqid eləyəsən.