Uydurma dissidentlər

Yaxud köhnə dostumun məktubu
Neftçalanın Aşağı Qaramanlı kəndində bir oxucum yaşayır. Əliniyaz Qaramanlının hazırda 88 yaşı var. Bugünlərdə ondan bir məktub almışam. Yazır ki, kənddə mal-heyvan saxlamaqla dolanır, ancaq hansısa oğrular dadanıblar, camaatın, o cümlədən onun özünün xeyli heyvanını oğurlayıblar. Yerli polis şöbəsinə şikayətlərinin də bir xeyri olmayıbdır. Əliniyaz bəy klassik üsulla - kağız və konvertdə göndərdiyi məktubunda (bu üsulun bir azdan tarixə qovuşacağını bildiyim üçün belə məktublar alanda nostaljiyə qapılıram) xeyli başqa yerli və respublika səviyyəli problemlərə də toxunubdur. Özünün həyatından - Bakıda, Lənkəranda universitetdə vaxtilə dərs deməsindən, pedaqoji elmlər namizədi olmağından, ingilis dili və metodikasından yazdığı əsərlərdən, həmçinin, dövri mətbuatdakı yazılarından misal gətirib.
Ancaq Əliniyaz bəyi mən bu təqdimatlarsız da unutmamışam, çünki onu hələ 90-cı illərdən yaxşı yadda saxlamışam. 17-20 il keçib hardasa. O zamanlar Əliniyaz bəylə işlədiyim redaksiyada çox görüşmüşük, Qaramanlı kəndi haqda həvəskar tarixi araşdırmalarını qəzetdə dərc etmişik. Kəndin qəbiristanlığından tapdığı üçkünc, qəribə qədim işarəli daşın fotosu yadımdadır. Yerli icra hakimiyyəti o qəbiristanlığı uçurdurdu, Əliniyaz müəllim isə buna etiraz edirdi. İndi belə aktiv adamlardan regionlarda neçə nəfər tapmaq olar? 90-cı illərin o xəyalpərvər insanları hara getdilər?
Əliniyaz bəyin qədim türk tarixinə, qaramanlı tayfasına aşiqliyi o dərəcədə idi ki, hətta dünya üzündə Qaramanlı adı daşıyan hər kəsin siyahısını tutub yazı hazırlamışdı. Yadımdadır, orada Türkiyənin bizdə səfiri olmuş Altan Karamanoğludan Yunanıstan prezidenti işləmiş Konstantinos Karamanlisə qədər xeyli adamın adı vardı. Mən, doğrusu, buna bir az zarafat kimi yanaşırdım, ancaq nə biləsən... Sözgəlişi, həmin Karamanlisin elə Türkiyədən köçmüş karamanlı tayfasına aidliyi məlumdur. Onların yunanlaşmış, pravoslavlaşmış qədim türk tayfası olduğu, əsl inanclarının isə tanrıçılıq (tenqriçilik) olması elmə məlumdur.
Uzun sözün qısası, buradan qocaman Əliniyaz bəyə atəşin türk salamları göndərərək keçid alıram başqa tarixi temaya. Nəsiman Yaqublunun sovet dissident hərəkatımız haqda təzə kitab hazırladığı xəbərini maraqla oxudum. Ancaq bu kitabdan anons olaraq verilən iki parça, iki “dissident”in əhvalatı, açıq yazsam, məni məyus elədi. Yaqublu bu cür adamları dissident elan edərkən obyektivlikdən, tarix elminin tələblərindən nə qədər uzaq olduğunu məncə bilməlidir.
Adlarını çəkmək istəmirəm, həmin 2 şəxsin dissidentliyi haqda Nəsiman bəy 1 dənə də olsun inandırıcı fakt göstərmir. Bütün yazılar ancaq bu şəxslərin özlərinin danışdığı nağıllardan, rəvayətlərdən ibarətdir. Belə olmaz axı. Bu gedişlə Nəsiman bəy sabah Balıq Hafizi də müasir dövrümüzün dissidenti elan edə bilər. Örnək üçün, o şəxslərdən biri təsəvvür edin, sovet dövründə “Bilik” cəmiyyətinin xətti ilə kolxozlarda məruzəçi olubmuş. Halbuki, belə şəxsləri rejim ancaq kommunizmi tərifləyənlərdən seçirdi.
Sovet vaxtı dissidentləri mərkəzdən əyalətə sürgün edirdilər, Nəsiman bəyin “dissidenti” isə ... Şəkidən Bakıya sürgün edilibmiş! Təsəvvür edin... Bu anekdot deyil, tarixçi alimin yazısıdır.
Ümumiyyətlə, dissidentlik ilk növbədə rejimin iqtisadi, siyasi təzyiqləri ilə üzləşmək, işsiz, ac qalmaq, toplumdan dışlanmaq deməkdir. Nəsiman bəyin oyuncaq dissidentləri isə pula pul demirmiş. Birinin atası bazarkom işləyir, o birinin atası Mərkəzi Komitədə tapşırıq verirmiş.
Bu başabəla “dissident”lərdən biri isə şəxsən rejimlə, KGB ilə (Dövlət Təhlükəsizlik Komitəsi) əməkdaşlıq eləməsini yazıda boynuna alır! Təsəvvür edin. Adam deyir ki, məni 1980-lərin sonunda KGB-yə çağırdılar, filankəslərin mitinqdə ermənilər əleyhinə danışdığını, qəsdən milli məsələni qızışdırdığını söylədim.
Yazıların bir yerində Nəsiman bəy 1973-cü ildə Şəkidə böyük xalq üsyanı olmasını yazıb. Bu da nəsə qoltuq altından çıxartma bir faktdır, çünki belə üsyana başqa heç bir elmi və ya qeyri-elmi mənbədə rast gəlinmir. Bəlkə də yuxuda görüblər.
Əlbəttə, biz Lenin ordeni alan “millətçi şair dissidentlər” görmüş millətik, buna da dözərik. Yaz getsin, Nəsiman bəy. Bir məqalə də məndən yaz: 1983-cü ildə pioner qalstukumu rejimə etiraz əlaməti olaraq qırışdırıb bağlamışdım! Fotosu da var! Buna görə məni komsomola gec üzv qəbul elədilər. Necə əzablar yaşadım...