Həqiqətənmi Putin darıxmır?..

Böyük mətbuat konfransında Vladimir Putin jurnalistin “Niyə sizin dövrünüzdə heç olmasa, ”iki nömrəli" siyasətçi yetişmədi? Özünüz buna görə darıxmırsınızmı?" sualına təmkinlə “Özümə rəqib yetişdirəsi deyiləm ki!”- deyə cavab verməyə çalışsa da, Aleksey Navalnının adını eşitcək təmkini pozuldu və üzünü auditoriyaya tutub onu Mixeil Saakaşvili ilə müqayisə edərək “İstəyirsiniz biz də Maydanlar yaşayaq? Əminəm ki, vətəndaşların çoxu bunu arzulamır!”- dedi.
Bir sualla Rusiya siyasi sisteminin “özəllik”ləri və siyasi lider kimi V.Putinin özünün “sir”ləri faş oldu. Bir daha aydınlaşdı ki, onun “əvəzsiz” olması da daha çox siyasi sistemin spesifikasından irəli gəlir, üstəlik, hətta indiki durumda da ona alternativ ola biləcək siyasətçilər var ki, biri də həmin A.Navalnıdır ki, yazıq vaxtının çoxunu mənzilində yox, “KPZ”-lərdə keçirir.
Həm də normal sistemlərdə heç kim xalqın adından danışmır, çünki lazım olanda öz sözünü xalqın özü deyir. İndi rusiyalıların da nələri istəyib-istəməməsinə yalnız onlar özləri cavab verə bilərlər. Fəqət, bunu onların əvəzinə Putin edirsə, deməli, vəziyyət heç də yaxşı deyil.
O ki qaldı rəqiblərə, bu günlərdə oxuduq ki, artıq 23 nəfər prezident seçkisinə qatılmaq arzusunda olduğunu bildirib. Deyə bilmərik, həmin adamlar nə dərəcədə V.Putinə rəqib olmaq gücündədir, amma bir sual adama rahatlıq vermir: “Doğrudanmı, 150 milyonluq rus xalqının içində Putindən savayı prezident olmaq iqtidarında olan ikinci kişi yoxdur?”...
Bəlli məsələdir ki, hətta nəzəri cəhətdən belə ola bilməz, Rusiya nə qədər spesifik ölkə olsa da, hər halda, 150 milyonluq xalqın bu qədər qısır ola bilməsi adamın heç ağlına batmır. Bir də ki, bəzi sistemlərdə liderlərin “əvəzsiz” olması belə bir böyük yenilikdirmi? Bütün avtoritar və totalitar sistemlərdə belə olub, indi də belədir...
“Saakaşvilıi məsələsi”nə gəldikdə isə, deyə bilmərik, onun siyasi Olimpə növbəti yürüşü nə ilə bitəcək, bilmirik ki, indi Qərb ölkələri ona qədər maraq göstərir və dəstək verir, amma bir məsələ bizim üçün şübhəsizdir: Saakaşvili təkcə ukraynalı məmur-oliqarxalar üçün deyil, elə bütün Kreml, o cümlədən də Putinin özü üçün yenə başağrısı olub...
Putin Rusiyası haqda danışanda təkcə siyasi detallara diqqət çəkmək azdır, arabir iqtisadi məqamlara da işıq salmaq lazımdır. Bunun üçün rusiyalı iqtisadçılar özləri yetərincə material verirlər.
Bu il həm də Rusiyada iqtisadi islahatların başlanmasının 25 ili tamam oldu. Bu müddətdə Rusiya nə qazandı?
M.Veber kapitalizmin iki tipini fərqləndirirdi: ticari-spekulyativ və rasional-sənaye. Rusiyalı iqtisadçılar özləri etiraf edirlər ki, ölkələrində məhz ticari-spekulyativ kapitalizm bərqərar olub.
Bu model üçün işgüzar etika və yaxud əxlaq xarakterik deyil, burada sərvət də azad işgüzar fəaliyyət nəticəsində yox, siyasi konyunkturadan yararlanmaqla, məmurlarla əlaqələrdən faydalanmaqla və onlarla birgə “iş” yapmaqla həyata keçirilir...
Rus iqtisadçıları ölkələrindəki kapitalizmə daha hansı epitetləri yapışdırmayıblar: nomenklatura, vəhşi, oliqarxik, kriminal-komprador və s. və i...
Xoşbəxtlikdən, bəli, xoşbəxtlikdən Putin belə iqtisadiyyatla böyük geosiyasi iddialara düşüb və ümid var ki, onun da Rusiyası elə çar və ya sovet Rusiyası kimi bir gün çökəcəkdir.
Arzu edərdik ki, Rusiyada elə bir siyasi sistem bərqərar olsun ki, biz heç biməyək ki, bu ölkənin prezidenti kimdir...
Amma buna hələ çox var. Soruşa bilərsiniz ki, axı, sənin Putinlə nə işin? Bircə-bircə deyəcəm...
Birincisi, onun idarəçiliyi dövründə Rusiyanın geosiyasi ambisiyaları həmişə ön planda olacaq.
İkincisi, Putin Rusiyası böyük bir regionda avtoritarizmin dayağıdır. Hələ region bir tərəfə, bir də görürsən, Bəşər Əsədə və yaxud da Kim Çen Ina da kömək əlini uzadır...
Üçüncüsü, Putin Azərbaycandan da cavab gözləyir: Bakı da Avrasiya Birliyinin üzvü olacaqmı?
Bəzi məlumatlara görə özü bu haqda noyabrda bizim rəhbərlərimizə eşitdirib. Elə yoldaş S.Lavrov-Kalantarov da sonuncu səfəri zamanı ərz elədi ki, Azərbaycanı da Birlikdə görməkdən şad olardıq...
Bizimkilərsə hələ susurlar, çünki Ermənistan kimi oyuncağa çevrilmək fikirləri yoxdur. Amma Kreml gözləyir...
Hələlik qulaqlarımızda cingildəyən xarici işlər nazirimizin iki il bundan əvvəl söylədikləridir: “Heç vaxt ”yox" demə!"...
Amma Elmar müəllim yəqin özü də razılaşar ki, elə məqam yetişir ki, ya “hə”, ya da “yox” deməli olursan...