Çılpaq beyinlər

(Oxucu məktubu)
Kamal bəy adlı oxucumun yazdığı bu məktubu poçtumdan tapmışam. Açığı, o qədər gözəl fikirlər yazmışdır ki, azacıq ixtisar eləyərkən də çox əziyyət çəkdim, bilmirdim hansı sözünü saxlayım, hansını pozum. Buyurun, oxuyun:
“Normal adamlar toy salonuna bir daxil olanda ”sevinir", bir də yüksək desibel altında qulağı batmış halda şadlıq sarayının pilləkənlərindən düşüb çölə, açıqlığa və sakitliyə, “azadlığa” çıxanda. Bu yaxınlarda elə konveyerdən çıxan toyların birində beynimdə səmərələşdirici bir fikir cücərdi. Özü də “duran” yerdə, daha doğrusu oturan yerdə. Çünki mən onun cücərməsi üçün nə ona qulluq etmiş, nə də su tökmüşdüm. Çətin ki, onun üçün patent ala biləcəyim fikir isə ondan ibarətdir ki, təklif edirəm, şadlıq sarayının bir küncündə ayaqyolu qədər ölçüdə sakit bir guşə açılsın, fəaliyyət göstərsin və orada kreslolar, geniş, qəşəng masalar və onların da üstündə cürbəcür mövzularda jurnallar, qəzetlər qoyulsun. Divarlardakı rəflərdə isə hər janrda kitablar düzülsün, aparmamaq şərtilə oxunulmasına şərait yaradılsın. Əlbəttə, bu, “nənəm, nənəm, ay nənəm mənim” tipli mahnılara qulaq asmaqdan daha səmərəli olar. Bir də ki, toy o demək deyil ki, mütləq hoppanıb düşəsən, özünü qeyri-ciddi aparasan. Toy yeri dünyanın xüsusi bir görünməyən qatı deyil ki?! İlk baxışdan deyilən təkliflər gülməli və fantastik görünsə də tam realdır. 3-4 saat sıxıla-sıxıla, bekarçılıqdan “Lazım” oldu-olmadı yeməkdənsə, instinktiv olaraq, nə isə eləmək naminə şirə içməkdənsə, arada böyük ekranda peyk antenası vasitəsilə yayımlanan hansısa bir kanala, məsələn, heyvanlar haqda, təbiət haqda hansısa bir sənədli filmi seyr etmək özündən başqa heç kimə maraqlı olmayan birisinin ürək sözlərini dinləməkdən daha yaxşı olardı. Mahnılar sifariş etməkdənsə, 10-15 dəqiqə hansısa filmin pul verilib göstərilməsini istəmək, bəzilərinin, daha dəqiqi, çalğıçıların xoşuna gəlməyə bilər, ancaq bundan udan xalq olacaq. Mən şəxsən məmnunluqla qulağıma “qulaqcıq” taxıb hansısa yaxşı bir şeyə qulaq asardım və ya qəzetlərdən birini vərəqləyib oxuyardım. Baxmayaraq ki, bununla gülüş obyektinə çevrilmək olar. Ancaq nəyi isə dəyişdirmək üçün adam gərək birinci ilk addımı özü atsın. Bu baxımdan, ümumiyyətlə, toy zəncirini qırmağa güc tapıb, belə toyları boykot eləmək lazımdır. Toya yaxın mövzudan çox da uzaqlaşmadan qeyd etmək lazımdır ki, Azərbaycanda qızlar ata evində ikən cehiz üçün hər cürə şey alıb yığırlar! “Tozsoran, soyuducu, televizor, mikser, ətçəkən, şirəçəkən və s.” cansız şeylər ər evinə getdikdən sonra təzə məkana daşınılır. Əlbəttə ki, özü ilə birlikdə. Ancaq çox az bir qism qız ata evində kamillik yığmağa çalışır. Sanki buna ehtiyac yoxdu. Çünki yaddan çıxsa idi, tez qayıdıb götürərdi, necə ki, mikserin hər bir detalı vacibdən də vacib imiş kimi götürülür. Əsas odur ki, minimum xörək bişirə bilir, yaxşı və zövqlə geyinməyə həvəs göstərir. Sözün açığı, kamillik heç ər, qayınata evində də elə yüksək qiymətləndirilmir. Əsas tələbat xarici görünüşə olduğundan, zahirən gözəl qızlara daha tez elçi gedilir! Amandır, kimsə qabaqlayıb ələ keçirər. Bizim əksər mahnılara, muğamlara diqqətlə fikir verəndə aydın olur ki, xarici görünüş daha çox vəsf, tərənnüm edilir: “Qara gözlər”, “gül çöhrə, qırmızı yanaqlar” və s.
Buna rəğmən bundan belə nəticə çıxartmaq olmaz və bu, əlbəttə o demək deyil ki, bütün o qədər gözəl olmayanlar ucdantutma ağıllı, kamallıdırlar. Hərgah onu da qeyd etmək ədalətli olardı ki, sevən üçün əks tərəf dünyada ən gözəl, ən qəşəngdir, necə ki, ata-ana üçün övlad köstəbəyə oxşasa da yer üzündə ən füsunkar və şirin məxluqdur.
Əlimdə səlahiyyət olsa idi kitabsatanlardan, xüsusilə bədii kitab satanlardan, ümumiyyətlə, vergi tutmazdım. Çünki onlar onsuz da toxumluqdur, azlığına görə “qırmızı” kitaba düşməyə tam iddia edə bilərlər. Bakıda belə vəziyyət ürəkaçan deyil. Rayonlardan danışmağa dəyməz. Şəhərimizdə köhnə kitablar ilə tələbatı ödəyə bilməyən, zamanla ayaqlaşa bilməyən hökumət kitabxanalarını saymasaq, bəlkə də 100000 nəfərə bir kitab dükanı düşür. İlk baxışdan kitab dükanlarının az olması artıq monopoliya deməkdir. Ancaq insanlarımızın elmə, ədəbiyyata marağı az olduğundan, bunun heç bir faydası yoxdur. Əgər məsələn, şəhərdə şalvarsatan 3-4 nəfər olsa idi, onların biznesi çox yaxşı gedərdi. Bu da o deməkdir ki, adamlar şalvarsız, paltarsız gəzə, qala bilmir. Ancaq aydın olur ki, bədənləri çılpaq gəzməsə də, başlarının içi lüt gəzə bilir, bunu ayıb saymırlar.
Yaxşı əməllərdən, yaxşı fikirlərdən doğan hisləri maddiləşdirmək mümkün olsa idi, onlardan bəlkə də yasəmən ətri gələrdi, pis əməllərdən isə dəqiq olaraq üfunət!"