İslahatlar davam edir

Artıq bir həftədən çoxdur təhsil naziri olmadan yaşayırıq. Məktəblərdə dərslər dayanmış, uşaqlar oxumaq istəmir, repetitorlar aclıq elan etmişdir. Əlbəttə, zarafat edirəm, bizdə nazirin yoxluğu, gördüyünüz kimi, heç nəyi dəyişmir. Bir həftə yox, bir il, beş il də nazir olmasa dəyişməz, çünki məqsədyönlü dövlətçilik siyasətimiz, ictimai-siyasi, daxili-xarici sabitliyimiz bərqərar olmuşdur, yolların qırağına müasir işıq dirəkləri basdırılmışdır, ASAN-xidmət mərkəzlərində isə hamıya pasport verirlər, hətta xaricilər də istəsələr tranzitlə ərazimizdən keçərkən bizdən şəxsiyyət vəsiqəsi alırlar, bir çoxları qalıb burda yaşayır. Parklarda da oturacaqlar qoyulubdur. O cümlədən bu dəqiqə mən yazını cızmaqara elədiyim anda bəlkə də yeni təhsil nazirinin əmri verilibdir. Bəlkə də verilməyibdir. Şair demişkən: “Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir, Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir”.
Örnək üçün, Elmira xanım 70 ildir bizim insan hüquqları müvəkkilidir, artıq müddəti də başa çatıbdır, lakin yerinə qoymağa heç kim yoxdur. Guya qoysaq nəsə dəyişəcək? Heç nə dəyişməyəcək. Ombudsman kim olur-olsun, lap istəyirsən Nelson Mandelanı dirilt gətir bizdə o vəzifəyə qoy, yenə İlqar Məmmədov dustaqxanada qalacaqdır. Demək, ombudsmanın kimliyi önəmsizdir. Üstəlik, guya ombudsman yox idi, səhər açılmırdı? Bizdə insan hüquqları onsuz da pozulmur, ombudsman Ermənistan, Almaniya, İsrail, Suriya kimi xaraba yerlərə lazımdır. Şairdən bir dənə də qəşəng beyt yazaq, yeridir: “Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə, Neməti-vəslin görüb, nazın çəkərdim can ilə”. Bəh. Müasir işıq dirəyinin altında, yenidən qurulmuş parkda sevgili-canana şeir oxunası havadır. Nəsə, temanı qarışdırmayaq. Administrativ islahatlardan dəm vururduq.
Bu islahatların daha bir önəmli qanadı srağagün pərvaz etmişdir: “İçərişəhər” Tarix-Memarlıq Qoruğu Nazirlər Kabinetinə tabeçilikdən çıxarılmışdır. Qoruq Mikayıl müəllimin təhsil naziri olmazdan qabaqkı iş yeridir, o üzdən zənn eləmək olar ki, məhz indi yada düşməsi elə onun vergilər naziri qoyulmasına bağlıdır. Əks halda, niyə indi zəruri olsun? Hələ onu demirəm ki, qərarda “İçərişəhər” qoruğunun NK tabeliyindən çıxarıldığı göstərilsə də, indi haranın tabeliyinə verildiyi göstərilməyibdir. Yoxsa bu da döşəkağı kimi havadan asılı qalacaqdır? Bəlkə fürsət ikən Vergilər Nazirliyinin tərkibinə qataq, doğmalıq olsun, nostalji yaransın? Ümidvaram təkliflərimiz, həmişəki kimi, dövlət rəhbərliyi tərəfindən diqqətə alınacaqdır. Hətta ola bilər İçərişəhəri müvəqqəti Təhsil Nazirliyinin nəzdinə salaq, məktəblilər qış tətilində Qız qalasına pulsuz çıxsın, ondan sonra yeni ildən Vergilərə verək. Necə deyərlər, dövlətə sevgi, vətənə vergi. Öz pomidorumuz, öz musiqimiz. Bu ikinci reklam sloqanını rəhmətlik Fərhad Əliyev fikirləşmişdi, ancaq o boyda musiqi havaya getdi, pomidorlar şaxda qurudu. İndi yenə pomidorçuluq inkişaf etdirilir, o mənada yadıma düşdü. Yəqin bu dəfə pomidor sortları, şitillər düzgün seçilər, zəhmətimiz batmaz.
Güclü dövlətçiliyin bir əlaməti də bu Tramp-Qüds söhbətində ortaya çıxdı. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına az qala bütün xristian ölkələri etiraz elədilər, Avropada, Qərbdə xeyli adam küçəyə çıxdı. Müsəlman Azərbaycanda isə heç bir aksiya olmadı. Çünki bizdə dövlət özü lazım bilsə, etiraz aksiyasını da düzəldir. Özbaşınalığa, özfəaliyyətə ehtiyac yoxdur. Şair elə bu temada da yaxşı deyibdir: “Degildim mən sənə mail, sən etdin əqlimi zail, Mənə tən eyləyən qafil səni görcək utanmazmı?”
İndi söz əlaqədar təşkilatlarındır.