İşıq gələn tərəf

Yaxud korrupsiya divlərimizin elektrik sektorunda təzə planları
Hökumətdən xəbər sızıb ki, elektrik enerjisi sisteminin yenidən qurulmasına 8 milyard manata yaxın pul lazımdır. Sən demə, baş nazirin aparatı bu yöndə ilkin planları artıq təsdiq də edibdir. Yaxşı yeyinti mənbəyidir. Enerji sektorundan enerji alan məmurlarımız sevinə bilərlər.
8 milyardı dollara çevirsək hardasa 5 milyarda yaxın məbləğ edir. Üstəlik, bu, Azərbaycan enerji sektorunun 75 faizinin rekonstruksiya xərciymiş. Hələ qalan hissəni insaf edib xalqın belinə yükləməyiblər. “Xalqın beli” ifadəsi bir az uzaq görünə bilər, çünki biz korrupsiyanın, dövlət səviyyəsində oğurluğun altını adətən birbaşa çəkmirik, o üzdən belə oğurluqlar kimsənin vecinə deyil. Ancaq bu korrupsiya işığın qiymətinin qalxması, yarıtmaz təsərrüfat, dövlət büdcəsinə borclar, həmçinin o büdcənin əmilməsi kimi nəticələr doğurur. Bu nəticənin də nəticəsində pensiyaçılar az pul alır, səhiyyəmiz yoxsul, müəllim ac... Nəsə, uzun söhbətdir, yuxudan eləməyək milləti, qoy o biri böyrü üstdə çevrilib yatsın. “Acından günorta durmaq” kimi el misalı olan milləti iqtisadi problemlə oyatmaq fikrinə düşən axmaqdır.
Elektrik sisteminin bu naqəfil rekonstruksiyası söhbəti bizə yaxın tarixin tragikomik olaylarını da xatırladır. “Barmek”, saçını boyayıb xaricə qaçmaq istəyən Hüseyn Arabul, “İşıq pulunu ödəməyənin nəinki işığını, hər şeyini kəsərəm” söhbətləri yadınıza gəlirmi? Axı elə də çox keçməyib. 2002-ci il idi. Azərbaycan hakimiyyəti elektrik sistemini özəl sektorun idarəsinə vermək fikrinə düşmüşdü. Ortada 2 təklif vardı. Birini dünya şöhrətli alman şirkəti “Siemens” vermişdi. 700 milyon dollar investisiya qoyurdular. Ancaq qaçqınlara və başqalarına güzəştlərin ləğvi şərtiylə. Hökumətsə buna razılaşmadı və heç kimin tanımadığı “Barmek”i seçdi. Baxmayaraq ki, “Barmek” “Siemens”in təklif elədiyi məbləğin heç yarısını da qoymurdu. Beləcə, cəmi 300 milyon dollar investisiya və Süleyman Dəmirəlin məktubu sayəsində “Barmek” enerji sektorumuzda peyda olmuşdu. Elə həmin gün hökumət qaçqınların güzəştlərini də kompensasiya ilə əvəzləyib, öz öhdəsinə götürüb “Siemens”ə lap yanıq vermişdi.
İnsafən, bütün əyər-əskiklərinə baxmayaraq “Barmek” enerji sektorunda az-maz qaydalar yaratmağa nail olmuşdu. İndinin özündə baxsanız kommunal sektorumuzda ən işlək və müəyyən mexanizmlərə malik sahə enerji sahəsidir, çünki haçansa özəl biznesin süpürgəsi dəyibdir. Su, qaz, təmizlik, istilik və sairə - hamısı daha biabırçı problemlər içindədir. Ən pis özəl sektor belə dövlət sektorundan, dövlət idarəçiliyi altında olan iqtisadiyyatdan uğurludur. Çünki özəl sektor çevikdir, korrupsiyaya daha az meyllidir, bazar iqtisadiyyatı qanunlarına tabedir və sairə.
“Barmek”in dövlət rəhbərliyinin qəzəbinə tuş gəlməsi tarixçəsini təzədən xatırlatmaq istəmirəm. Hər halda, artıq 11 ildir - 2006-cı ildən bəri paytaxtın və regionların enerji sektoru yenidən dövlətin əlindədir. Və bu 11 illik prosesin yekunu olaraq 5 milyard dollarlıq yenidənqurmaya ehtiyac yaranıbsa, əgər bu xərc doğrudan da müəyyən texniki işlərə, avadanlıq alınmasına lazımdırsa, bunun cavabını kim verməlidir? Bir daha xatırladıram ki, 2002-ci ildə yenidən qurulmasına ən yuxarı halda 700 milyon dollar istənilən sistemə indi 5 milyard lazım gəlibmiş. Bəlkə biz 15 ildə 5 dəfə respublikanı yekəltmişik, xəbərimiz yoxdur? Cocuq Mərcanlı azad olunub, başa düşürəm, ancaq oranın elektrik dirəklərini bərpa eləməyə 5 milyard bir az çox deyilmi? Bəlkə 4 milyarda salaq? Hərçənd, bayaq manatı dollara çevirəndə mən özüm də bir növ çox yuvarlaq eləmişdim. 8 milyard manat 5 yox, 4 milyard 700 milyon dollara bərabərdir - hazırkı kursla. 300 milyon da burdan qabağıq. Halal olsun. Bir-iki transformatorun yağını da dəyişməsək bir də gördün rekonstruksiya xərcləri lap cağbacağ oldu.