Rəngarəng bolluq

“Yeməkdən ümid yaxşıdır”
(Azərbaycan ata sözü)
Dünyada hər camaatın məşğulat elədiyi müəyyən spesifik sahələr vardır, yalnız biz hər işlə məşğuluq. Örnək üçün, Rusiya deyəndə adamın yadına araq düşür. Gürcü deyəndə mineral su, uzağı bir-iki çaxır butulkası. Fars eşidəndə ağlına saqqallı, əmmaməli molla gəlir. Özbək pambığıyla, italyan ayaqqabısı ilə, alman maşınıyla, amerikan kolasıyla, nə bilim, hind kinosuyla, yapon əzgiliylə... Bircə ermənilərin heç zadı yoxdur, ancaq bu cür gözəl temada itdən-qurddan danışası deyilik ki?
Hə, bizim qüdrətli Azərbaycanın dünya miqyasında tanınması hər bir sahə üzrə iri addımlarla getməkdədir. Hətta elə sahə var, nə təhər inkişaf eləyibsə, millətimiz özü bunun dalıyca düşüb çata bilmir. Misal üçün, bugünlərdə dövlət elan etdi ki, 4-cü peykimizi uçurtmaq üzərində fikirləşir, ancaq hələ tam dəqiqləşdirilməyibdir - üçüncü peykin haqq-hesablarını ölçəndən sonra qəti qərar veriləcəkdir. Buyur. Şəxsən mən elə bilirdim bizim cəmi 2 peykimiz vardır. Sən demə, artıq 3 olubdur. Bəlkə də artıq Marsın çöllərində YAP-ın koloniyaları salınıbdır, Saturn halqalarında pambıq əkirik, Yapiter.., üzr istəyirəm, Yupiter planetində isə qaz çıxardırıq. Ancaq millətin xəbəri yoxdur ki, dövləti, hakimiyyəti bu dərəcə inkişaf edibdir. Arxadan, toz içində baxıb köks ötürürük. 4 peykimiz var, ancaq Əhmədlidən Səbayelə yazılan məktub 9 həftəyə gedib çatır, internetin sürəti isə tısbağadan bir az çoxdur.
Pambıqçılıq, baramaçılıq, toxuculuq, ümumən yüngül sənayenin bütün sahələri sıçrayışla inkişaf edir. Pambıq sahələrinin çoxalması dana və quzu əti istehsalını müəyyən qədər azaltsa da biz hökumətin bu siyasətindən ikiəlli, dördayaqlı razıyıq. Çünki heç kim öləndə bu dünyadan dana əti aparmır! Pambıq isə aparırsan. Deməli, pambıq daha vacibdir. Hərçənd yaxşı olardı pambıqdan nəsə paltar da qayıraq, çünki bunu xammal kimi xaricə satmaqdansa, paltar tikib satmaq daha sərfəlidir. İndi isə kilosunu qəpik-quruşa xaricə satdığımız pambıq orda paltara çevrilib üstümüzə bahalı formada qayıdır. Sovetin vaxtında da bizi xammal ölkəsi olaraq belə sümürürdülər - Moskva bizdən qəpiyə aldığı pambıqdan köynək tikib manatlara geri satırdı. Əslində xammal ölkəsi olmağın sirri elə bunun adında gizlidir. Yəni, dünya bazarında səni xam mal sayırlar. Bu isə lap qədim türk sözü olaraq hambal sözündən yaranıbdır. Sözgəlişi, dilçilik, qrammatika sahəsində də dünyada məşhur alimlər yetişdirmişik. Təzəlikcə uşağın dərsliyini götürüb vərəqlədim, 40 səhifə dodaqlanan samitlə qulaqlanan saitin damaqlanan şəkilçiyə yamaqlanmasının qalaqlanması haqda idi. Görünür hazırda kurrikulum üzrə bunu bilmək olduqca vacibdir.
İqtisadiyyata qayıdaq. Velosiped fabrikimiz var? Var. İsmayıllı meşələrində yerləşir. Orda velosipedi təzədən kəşf edirik, o üzdən hələlik məhsul yoxdur. Maşın düzəldirik? Düzəldirik. Özü də birbaşa neçə şəhərdə: Naxçıvan, Gəncə, Neftçala, Şamaxı... Heç alman qələt eləyib bu qədər maşın zavodu açmayıbdır. Özü də maşınqayırma sənayemiz bütün profilləri əhatə edir. Minik avtomobilindən yük avtomobilinə, traktordan “KAMAZ”a qədər hər maşın düzəldirik. Hamısı eksporta gedir, o üzdən yollarımızda bu maşınları görmək çətindir. Eksport məhsullarımıza hərbi sənaye də daxildir. Hər cür silah düzəldirik, ancaq özümüz Rusiyadan, Belarusdan silah alırıq. Yəqin ruslar da bizim silahları alırlar - amerikanlarla vuruşmaq üçün.
Tikinti, yeyinti, qazıntı, uçuntu, qusuntu sənayeləri hamısı bizdə inkişaf edibdir. Neft bizdə, qaz bizdə. Yağ bizdə, dağ bizdə, kef-damaq bizdə. Nəyimiz çatışmır? Heç nəyimiz. Bircə bu yazı çatmırdı, yazdım qoydum ki, oxuyasınız.