Qatarla səyahət romantikasının dirilişi

İndiki gənclər bilməz, kompüter və mobil telefonların dünyalarını dəyişdirib, bir zamanlar ədəbiyyatda, məişətdə “qatarla uzun səyahət” deyilən romantik bir arzu-xəyal vardı. “Bu dünyadan qatarlar keçər” adlı hekayələr oxuyar, “Qatarda” tamaşasına baxar, “Bu qatarın dalınca baxma” mahnısı dinləyərdik.
Hətta Aytmatovun ən məşhur əsəri (“Əsrə bərabər gün”) cənubdan şimala, şimaldan cənuba gedən qatarlardan bəhs edən cümlələrlə başlayır, bitir.
O dönəmin gəncləri qatarlarla uzaq səfərlərə çıxmağı çox arzulayardılar və bəzən arzularına artıqlaması ilə qovuşardılar. Biləcəridən çıxan “qara poyuz” minlərlə üzünə tük gəlməmiş, başıqırxıq gəncləri 10-15 gün boyunca taqqataraqla Kamçatkaya qədər aparar, “qatarla uzun səyahət” romantikasının içinə zibil qoyardı.
Əlbəttə, qatarla 1-2 gün, dost-tanışla yeyə-içə, danışa-gülə yol getmək istirahət sayıla bilər, amma elə ki qatarla səyahət iki sutkanı aşdı, bu, dönür, olur işgəncə.
Qatar macəraları xronikası da vardı. Gopçu qaqalar qatara mindilərmi, düşəndə çamadanları ilə bərabər xeyli əfsanə endirərdilər. Nədənsə məhz onlar həmişə kupedə qumara oturub bir ətək pul udurdular, səhərə qədər yatmayıb “Yerevan” konyakı vururdular, bir qəşəng və üzüyola bələdçi xanımla SV kupedə başbaşa yol gedirdilər, kimisə döyüb qatardan düşürdürdülər və sair və ilaxır. Şahid yox, bir şey yox, qatar da çoxdan fitilləyib gedib, məcbursan inanasan.
Olardı, biz özümüz də qatarla bir gecə yol gedərdik, heç ləzzətli olmazdı. Bizim bəxtimizdən bələdçi xanımlar yaşlı, şişman və acıdil olardılar, Allahın çayını ikiqat baha verərdilər. Səhər tezdən isə kirin-pasın içində, yuxusuz, əzgin halda qatardan enmək heç xoşagələn bir şey deyildi. Hələ bunun yayda istidən təntimək, darkeş vaqon tualetinin qarşısında növbə gözləmək kimi xoşagəlməz cəhətləri vardı.
Qatarın bir yaxşı şeyi var ki, vaxt itkisi olmur. Tutaq ki, sabah Gəncədə bir işin var, gərək səhər o başdan durub sürətli avtomobillə çatasan. Amma gecə Bakıda minirsən qatara, yatırsan (yata bilsən), səhər Gəncədəsən. İşini gördün, qurtardın, şəhəri gəzdin, çörək yedin, axşam mindin qatara, yatdın, səhər Bakıdasan.
Hə, bir də qatarlar daha etibarlı və təhlükəsiz nəqliyyat növüdür. Göyün yeddi qatına qalxan təyyarəyə etibar yoxdur, motoru sözə baxmasa, variant yoxdur. Avtomobil xüsusunda isə sürücülərə etibar yoxdur, sükan arxasında dəlisi, başıxarabı, qızışqanı, yuxulusu, içkilisi N qədərdir. Amma qatar elədir ki, hələm-hələm relsdən çıxmır. Yaxşı ki, bura Hindistan, Pakistan deyil, adətən relsdən çıxan qatarlar oralarda olur.
İndi belə aydın olur ki, “qatarla uzun səyahət” romantikası gənc qəlblərdə yenidən cücərə bilər. Bakı-Tiflis-Qars dəmiryol xəttinin açılması ümid verir. Xalqın uşağı Bakıda gecə minəcək qatara, Tiflisdə oyanacaq, pəncərədən Barjominin yaşıl dərə-təpəsinə baxa-baxa günü axşam edəcək, gecə Qarsa varacaq. Güman ki, Bakı-Qars qatarı ordan da İstanbula, Ankaraya gedər, camaatın canı Türk Hava Yollarının bahalı aviabiletlərindən qurtarar.
Eh, bu yolda nə gözəl tanışlıqlar, kupe ziyafətləri olacaq... Təsəvvür etmək lazımdır. Bir də görəcəyik 3-4 dost yığışıb qatara bilet alıblar ki, davay gedək İstanbulda Boğazda balıq-çörək yeyək, gələk, bir az şəhəri gəzərik-zad. “Ə, qaqa, sən öl, kefdi e. Nə problem var, minirsən qatara vura-vura gedirsən bir də görürsən, çatmısan”.
Bu işin bircə minusu var, Böyük Kəsik stansiyasında sərhəd-gömrük keçid məntəqəsində yoxlanış. Eyni prosedur təbii ki, Gürcüstandan Türkiyəyə keçəndə də olacaq. Başqa variant yoxdur. Bax, bu adamı dilxor eləyən, “qatarla uzun səyahət” romantikasını zay edən amildir. Amma ta neynəyəsən, türkün sözü, gülü sevən tikanına qatlanar.
Hər halda, gözləyək, görək, necə olur, biletləri neçəyə olur, marşrut hara olur, ondan sonra baxarıq, İstanbula iki günə qatarla getməyə dəyər, yoxsa iki saata təyyarə ilə.