Çapar hesabı

“O yanı çəpər, bu yanı çəpər,
İçində atlı çapar"
(milli tapmaca)
Qərb siyasi avtoriteti türmədən buraxmağı tələb edirdi, bizim hökumət isə kriminal avtoriteti azad elədi. Gözəl cavabdır. Məncə, bu hadisəni qəşəng bir çərçivədə diplom kimi hazırlayıb avropalıların yaxasından asmaq olar. Qoy onlar “kürü, neft, təhlükəsizlik” kimi çərənləmə və çirkli bazarlıqlarla durumu hara gətirib çıxartdıqlarını anlasınlar, çünki bu xəmir hələ çox su aparacaqdır. Təzə yoğurmağa başlamışıq.
Keçən həftə gözümə bir xəbər dəymişdi. Ekstrasensin maşınını vurmuşdular. Düzü, içini oxumağa həvəs olmadı, heç bilmirəm yoldaş ekstrasens salamatdırmı. Ancaq Stalin haqda bir anekdot dərhal yadıma düşmüşdü. Deyir, bir gün falçı gəlir Stalinin qəbuluna. Stalin əmr edir bunu dərhal aparıb təpəsinə paslı güllə çaxsınlar. Sonra da izah edir: bu geydirmə falçıdır, əgər həqiqi falçı olsa öldürüləcəyini bilib bura gəlməzdi. İndi bu ekstrasens də necə uzaqgörəndir ki, öz maşınını vuracaqlarını qanmayıbdır? Belə ekstrasensliyi nənəm də eləyər. Rəhmətlik arvad eləyirdi də. Misal üçün, bütün gəlinlərinə və yeznələrinə (istisnasız olaraq) cürbəcür ləqəblər qoşmuşdu. Canlı şahidiyəm ki, sonradan bu ləqəblərin hamısı hərlənib-fırlanıb gəlib öz yerinə oturmuşdu. Ailə sirri olduğu üçün geniş yaza bilmərəm.
Bəzi adamlar isə keçmişi düzgün qələmə vermir. Necə deyərlər, ən yaxın tariximizdən danışıram. Qədim söhbət olsa nə vardı, yola verərdik. Azərbaycanın müstəqilliyinin əleyhinə səs vermiş, hazırda Polşada həmin bu müstəqil dövlətin səfiri işləyən Həsən Həsənovun Camal Rəhimov adlı nəvəsi var. Camal müəllim bu yaxında intervüfason bir şey verib deyir ki, mənim idman uğurlarımda Azərbaycanın heç rolu yoxdur. Deyir, nə eləmişəmsə hamısını öz hesabıma eləmişəm.
Əlbəttə. Həsən müəllim də Polşaya özü bilet alıb gedibdir. Səfirliyi isə şəxsi hesabına saxlayır. Ümumiyyətlə, nə eləyirsinizsə düz eləyirsiniz, bu millətə nə eləsən, azdır. Ancaq 2008-ci ildə Azərbaycan dövləti 1 milyon 970 min avroya bir at alıb səni mindirib Pekin olimpiadasına göndərmişdi, yadına gəlirmi, Camal müəllim? Sən də getdin, orda elə birinci raundda atı nə təhər bizlədinsə ikiniz də dombalaq aşdınız. Bilirsənmi həmin o 2 milyon avroya yaxın pulla nə qədər ailə 2 ay yaşayardı? Tənbəllik etməyib lap hesablaya da bilərik: 2 milyon bölək 500 manat (guya bizdə rəsmi olaraq orta maaş bu qədərdir), bu eləyir 4 min adam. Bunu da iki yerə bölsək qalır 2 min nəfər. İki min nəfərin iki aylıq maaşını yıxıb yerə ayaqlamısan, hələ danışırsan da. Halbuki, biz o atı alıb, türkün məsəli, sənin altına qoymuşduq ki, medaldan-zaddan alasan, ermənilərə yanıq verək, respublikamızın şöhrəti aləmə yayılsın, ofşor şirkətlərimiz çoxalsın, nə bilim, Azərbaycan dünyaya Günəş kimi doğsun. İndi deyirsən nə olubsa öz hesabıma olub. Canın sağ olsun, de. Bizim çörəyimizin duzu haçan olub ki, atımızın da üzəngisini basan olsun?
Sözgəlişi, ta nənə-baba teması açılıb, birini də özümdən yazım. Mənim 4-cü ulu babam İmamalı Güney Azərbaycandan indiki respublikamızın ərazisinə köçüb gəlibdir. Bu kişinin o tayda əməllicə hörməti varmış, çünki Qacar şahzadəsi, ruslara qarşı döyüşmüş qəhrəman Abbas Mirzənin qoşununda vəzifə tuturmuş, ancaq quzeydə təzə vaxtlar bir az qanmazlıqlarla üzləşib. Həmin vaxt bir kəlam işlədib, o indi biz tərəflərdə aforizm kimi bir söz olubdur: “O tayda mənə İmamalı xan deyirdilər, bu tayda atımın yüyənini tutan yoxdur”. (Yüyən atın başına keçirilən ip kimi bir şeydir, minici düşəndə kimsə qulluq məqsədiylə adətən yüyəni ondan alıb atı harasa bağlayır).
Nədənsə bir əski “Mozalan” süjeti də son çağlar tez-tez yadıma düşür. Orda Arif Quliyevin oynadığı obrazı hansısa dərdə dəva üçün göndərirdilər, o isə gedib dəvə gətirirdi. Yəni bizim belə süjetlərə gülən vaxtlarımız da olmuşdur.