Biz və övladlarımız...

Sözlər də ümumi dövriyyəyə buraxılanda sanki məzmunca kiçilir. Amma mübaliğəsiz demək olar ki, ötən həftə Bakı əsl dahilərdən biri ilə - riyaziyyatçı Lütfi Zadə ilə vidalaşdı.
Ağlıma gələn ilk fikir bu oldu ki, ABŞ-da yaşayıb-yaradan alimin Bakıda son mənzilə yola salınması həm də okeanın ayırdığı iki dövlətin və mədəniyyətlərin yaxınlaşması üçün zəmindi, çünki bu hadisə “bəşəri dəyərlər” deyilən anlayışın da məzmunsuz olmadığının daha bir sübutu idi...
Onun haqqında ilk dəfə ötən əsrin 80-ci illərinin lap əvvəllərində eşitmişdim. Deyirdilər ki, Amerikada Lütfü Zadə adlı güclü azərbaycanlı riyaziyyatçı çalışır.
Amma doğrusu, nəzəriyyələri ilə heç vaxt ciddi maraqlanmamışam, hərçənd, aldığım təhsil bunu etməyə indi də imkan verir - güman edirəm ki, sanballı monoqrafiya olsa, uzağı bircə aya bu nəzəriyyələrin məğzini anlamağa gücüm çatar. Gəl ki, belə zərurət yoxdur.
Zadənin nəzəriyyələrindən ağızdolusu “danışanlara” gəldikdə, əksəriyyəti “çeynənməkdən” bayağılaşmış bir-iki şablonu üyüdüb tökməklə məşğuldur. Bəli, ancaq “qara” və “ağ” olmur, “boz” rəng də var! Yalnız dost və düşmən, yalnız rəqib və tərəfdaş olmur, tərəddüd edənlər - müəyyənləşməmişlər və neytrallar da olur....
Fəqət, bu şablonları nə qədər “çeynəmək” olar? Üstəlik, belə primitiv “yozumlar” ciddi bir nəzəriyyənin, bəli, riyazi nəzəriyyənin əsl məğzini nə dərəcədə ifadə etmək gücündədir?
Amma bunu da haradasa təbii qəbul etmək lazımdır, çünki “Nizami böyük şairdir” deyənlərin sayı onu oxuyanların sayından min dəfələrlə, həqiqətən bilənlərin sayından isə bəlkə də on min dəfələrlə çoxdur. Təbii ki, Zadənin nəzəriyyələrini də peşəkar səviyyədə bilən insanlar var və bu adamların biliyi dediyim şablonlarla məhdudlaşmır.
Onu da deyim ki, Zadənin Azərbaycanda tanınmasında Rafiq Əliyev kimi alimlərin rolu az olmayıb. Səhv etmirəmsə, o da bir vaxt Xudu Məmmədovun yaxın çevrəsinə daxildi. X.Məmmədov isə təkcə alim deyildi, ictimai hadisə idi.
Onun çevrəsindən əsl elm və mədəniyyət xəbərləri, loru dildəcə desək, “çerez-çerez” gəlib hətta rayonlara da çatırdı...
Sözüm bunda da deyil. Dəfn mərasimindən bir detal diqqətimi çəkdi. Mərhumun qohumlarını tanınmış teatr rejissorumuz C.Səlimova təmsil edirdi, oğulu isə gözə dəymirdi. Yəqinlik hasil etmək üçün bir daha bütün kanallarda xəbər proqramlarına baxdım ki, bəlkə bir qənaət hasil edə bildim, hərçənd, səhv etmirəmsə, əvvəlcədən də deyilmişdi ki, bəs, oğulu Bakıdakı mərasimə qatılmayacaq.
Ola bilsin, bu, sırf ailə məsələsidir və yəqin belədir və mənim onu xüsusi qabartmaq, müzakirə açmaq fikrim yoxdur.
Sadəcə, yaxınlarda başqa bir məclisdə tez-tez Azərbaycandan kənarda olan bir azərbaycanlı gileylənirdi ki, təəssüf, biz assimilyasiyaya meylli xalqıq və xaricdəki soydaşlarımızın bir hissənin övladları dilimizi bilmir, adətlərimizdən xəbərsizdir və yerli avropalı uşaqlardan demək olar, heç fərqlənmirlər...
Onu dinləyəndə Moskvadakı uzaq tələbəlik illəri düşdü yadıma. Bizim qrupda biri vardı, atası rus, anası isə erməni idi. İnanın, Allaha and olsun ki, əsl erməni onun yanında yalan idi, toya-bayrama getməli idi, çünki o vaxt “qafqazlı uşaqlar” deyilən anlayış da vardı və azərbaycanlılar, gürcülər, dağıstanlılar, hətta ermənilər bu anlayışa zahirən də olsa, sayğı göstərməyə çalışırdılar.
Amma bu yarırus, yarıerməni az qala, hər gün mənə “sübut etməyə” çalışırdı ki, guya, biz Qarabağ ermənilərini inkişaf etməyə qoymuruq, onları Qarabağdan sıxışdırırıq, ermənilərlə düşmənçilik edirik!..
Doğrusu, o vaxt mənim “Qarabağ erməniləri” deyilən dırnaqarası “problem”dən heç təsəvvürüm yox idi. Ümumi şəkildə erməni-filan bilirdim, “Hayes? Türkes!” məsəlindən xəbərdardım, qocalardan erməni-müsəlman davaları haqda (onda belə deyirdilər!) nəsə eşitmişdim, “Neftçi” ilə “Ararat”ın oyunlarını xüsusi maraqla izləyirdim, amma bütövlükdə mən də adi sovet gənci idim. İndi bəziləri kimi durub desəm ki, uşaqlıqdan milli azadlıq mücadiləsi aparmışam, - əlbəttə, gülünclük olar. Hələ 80-ci illərin lap əvvəli idi, hətta “yenidənqurma” da başlamamışdı. Bizim də tələbə kimi işimiz dərslər, sonra da qızlar, diskotekalar və başqa əyləncələr idi. Amma o yarırus-yarıerməni gənci...
Bunu niyə deyirəm? Nəsil yaddaşı olur, bir də milli yaddaş. Uşağa “Baban, atan, əmin-dayın filankəsdir” demək azdır, gərək, “Millətin, dinin, tarixin və mədəniyyətin budur, sən də onu yaşadıb övladlarına ötürməlisən” deyəsən.
Təəssüf, bu cəhət bizdə azca zəifdir, bəlkə də ona görə ki, böyük millətlərdə bir arxayınçılıq olur. Ermənilərdəsə bu amil güclüdür - erməni hər yerdə ilk növbədə ermənidir. Bunu azacıq paxıllıqla deyirəm...