“İntihar edəcəyimi ona görə yazdım ki” – Aysel Əlizadə iki ay öncəki statusunun şifrəsini açdı

Yeni şeirlər kitabımı hazırlayıram.
Maraqlı olsun istəyirəm.
Mənim üçün bu, layihədi.
İndiyəcən maraqlı layihələr etməyə çalışmışam.
Yazda “Çərçivə” adlı layihəmi təqdim etdim. Şeirə çəkilmiş video çarx idi.
Rejissor Fuad Əlişovla işlədik. Sakitcə, həşirsiz günlərcə çəkdik, montaj olundu və tanıtdıq.
Ondan öncə prodüser dostum, “Brand in Baku” productionun rəhbəri Emil Davudzadə ilə bir layihə etdik. Yeri gəlmişkən, Emil indi Türkiyədə “Sinemazade” adlı production yaradıb və film istehsalı ilə məşğuldu. Uğurlar diləyirəm. Burda da maraqlı layihələrə imza atıb. Məsələn, bizim indi sevərək tanıdığımız doktor Vasif İsmayılı şəxsən mən Emilin yaratdığı “Çox yaşa” proqramının həmaparıcısı kimi tanımışam (digər aparıcı Sevda Güləhmədova idi). Peşəkar qaydalara uyğun böyük komandayla,– musiqiçilər, çəkiliş qrupu, dizaynerlər, köməkçilər və s. nəhəng insan olan Fuad Poladovla veriliş çəkdik.
Ciddi hazırlıq oldu. Fuad Poladovun verilişdə deyəcəyi şeiri günlərlə bütün Azərbaycan poeziyasını ələk-vələk edərək seçdik. Bu yerdə Ramiz Rövşənin haqqını yeməməliyəm. Sonunda məhz onun “Başı kəsik gözəl kötük” şeiri üzərində dayandıq. Çünki bütünlükdə Azərbaycan poeziyası ağlayırdı. Biz ərdəm sərgiləmək, tamaşaçını tonusda saxlamaq, onu güclü olmaqdan qorxamamağa çağırmaq istəyirdik. Yaşam eşqini coşdurmaq istəyirdik. Fazil Sayın konsertində Türkiyə aktyoru Genco Erkalın səsləndirdiyi Nazim Hikmətin “Yaşamağa dair” şeirini örnək seçmişdik. Ona adekvat iş görmək istəyirdik.
Ramiz Rövşən də tonusda saxlayır:
Ucalıqdan yıxılsan da qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq.
Bu, bizə lazım olan idi. Ramiz Rövşənin bizim ədəbiyyat üçün kim olduğunu məhz o situasiyada anladım. İnsanlara, hadisələrə doğru qiyməti situasiyalarda vermək olur. Başqa vaxt çox şey bəzəkdi, dekordu, maskaraddı. Yazılarımda, çıxışlarımda insanlara enerji, inam, güc aşılamağa çalışmışam; insanların psixoloji yükü azalsın. Çox şeyin öhdəsindən gələ biləcəklərinə inansınlar. Özüm adlaya bildiyim üçün başqalarının da öhdəsindən gələ biləcəyinə inanmışam. Çətin olur, yükün altında qalırsan, elə bilirsən ağırlığı ilə əzib yerə yapışdıracaq səni və son - bitəcəksən. Ancaq yox, insan sonsuz güc, enerji mənbəyidi. Bir dəfə xalamla nəyləsə bağlı danışırdıq. Yorulmuşam dedim. Cavabında “afərin, heç vaxt bezmişəm demirsən. Yorulmuşam deyirsən” söylədi. Bu mənim üçün sloqan oldu. Yorul, fəqət, bezmə. Toplumun keyidiyini, ruhdan düşdüyünü görürdüm. Bir ay qabaq bir eksperiment apardım. Çox da elə hesablı-kitablı olmadı, ancaq effekt aldım. Hər gün inboxuma özünü öldürmək istəyən insanlar yazırdı. Mənə görə cəmiyyətin şokterapiyaya ehtiyacı vardı. Hər gün düşünürdüm, yazırdım, təsəlli ruh verməyə çalışırdım. Dəyanət Rzayev intihar edəndə çoxluq belə yazdı: “Artıq psixoloqlar da intihar edir bu ölkədə”.
“Ramiz Rövşənin bizim ədəbiyyat üçün kim olduğunu məhz o situasiyada anladım. İnsanlara, hadisələrə doğru qiyməti situasiyalarda vermək olur. Başqa vaxt çox şey bəzəkdi, dekordu, maskaraddı” |
Haqsız deyildilər. Bu, sizə elə-belə gəlməsin. Dəyanətin intiharı ciddi, olduqca ciddi hadisə və faciə idi. Böyük xəbərdarlıq idi. Saytlardan xahiş etdik ki, intiharla bağlı xəbərləri yığışdırsınlar, insanlara əlimi uzatdım, “pis olanda mənə yazın” dedim.
Yazırdılar. Hər gün intihar statusu oxuyurdum, hər gün məktub qutusuna çarəsiz olduğunu yazanlar olurdu. Və mən belə bir metoda əl atdım. İntihar həddində olduğumu yazdım. Bunu ən qəddar formada, qızımla birgə etmək istədiyimi bəyan etdim. Başqa çarə görmürdüm. Psixoloji və fiziki olaraq insanların köməyinə yetişmək mümkünsüz idi. Dayanmadan intihar elanları, xəbərləri, arzuları eşidirdim. Bir insanın böyük amallarla bağlı arzuları olar. Mənim cəmiyyətimdə isə adamların ölümlə bağlı arzuları vardı. Bu, əlbəttə ki, sənə də təsir edir. Bu yaxınlarda rəfiqələrimə də dedim. Nə vaxt “necəsən” soruşsam, “belə dəə, babat, əşi nə bilimm” kimi cavab verirsiz. İllərdi davam edir bu hal. İlahi, mən nə qədər güclü olmalıyam ki, ətrafımda hər kəs ufuldasın, bircə dəfə necəsən sualına pozitiv cavab verməsin və mən psixoloji formada qalım. Həmkarımız İbrahim Nəbioğlu Amerika alimlərinin “kədər yoluxucudu” mövzusunda olan kitabından yazmışdı. Axı Enşteyn də bunu deyirdi. Hər şeyin, ətrafda var olan hər şeyin enerjisi var. İlahi, mobiteldən ayrılan dalğaları görmürüksə, bu o demək deyil ki, onlar yoxdu və telefon öz-özünə işləyir.
Hər insanın enerjisi var. Sözlə, hərəkətlə, davranışla, tərzlə yayılan, forma alan enerji.
Və mən dayanmadan neqativ istehsal edən adamları ayıltmaq üçün intihar həddində olduğumu yazdım. Bu, riskli idi. Çünki bir obrazın var. Onu yaratmaq üçün illərini xərcləmisən. Bu obraz güclüdü, dayanıqlıdı, ironikdi, mübarizdi və s.
Zəifliyini göstərərək onu dağıda bilərsən. Olmazlara meylli qadın kimi bu riskə getdim.
Nə qədər adam ayıldı o anda. Dünənəcən mənə özünü öldürmək istədiyini yazanlar həyatın, yaşamağın gözəlliyindən danışmağa başladılar. Hamı özünü vacib saydı, güclü saydı, köməyə gəldi. İnsanlardan kömək istəmişdim. Çünki kömək istəməyin ayıb bir şey olmadığını deyirdim həmişə. Məsləhət vermək asandı, bunu özün tətbiq et, gör alınır? Qatarın altına qadın uşaqlarıyla atıldı o günlərdə. Kənddə ağır şəraitdə yaşayırdı, interneti-filanı da yox idi. Bəlkə statusumu görsəydi, o da özünü unudub köməyə qaçardı. Özünü öldürmək istəyən nə qədər adam var idi. Faciəni görürdüm. İntihar etmək istəyirəm yazan o qədər çox idi ki, sözlər də təsəlliyə çatdıra bilmirdi özünü. Və mən gözləmədiyim reaksiyanı aldım.
Ölkənin hər yerindən, tanımadığım adamlardan bütün mümkün vasitələrlə özünü yetirən insanlar gördüm. Adamlar qorxdular, bunun necə dəhşətli hadisə olduğunu hiss etdilər, yaxınları və cəmiyyət üçün nə boyda travma yaşada biləcəklərini sezdilər. Sonunda dəstəyə gəldiyi üçün cəmiyyətimə çox sağ ol dedim. Bu hadisə çox adamı silkələdi, formaya saldı.
“Kim əhvalını xəbər alırsan, “belə dəə, babat, əşi, nə bilim” kimi cavab verir. Nə qədər güclü olmalıyam ki, ətrafımda hər kəs ufuldasın, bircə dəfə necəsən sualına pozitiv cavab verməsin və mən psixoloji formada qalım” |
Bir nəfəri dostlar tərif edirdi, yaxşı adamdı deyirdilər. İnanmırdım. Dövlətdə işləyir, bizim sektora da yaxındı. Bir məsələdə mənə köməyi dəyə bilərdi. Üz tutdum. Yanılmadım da. Köməyi bir yana, adam balası kimi “bunu edə bilmərəm” belə deməyib qaçdı. Sivil formada kömək edə bilməyəcəyini deyə də bilərdi, bir məsləhət verə bilərdi. Adamlar o qədər saxtadılar ki, hətta həqiqətən gücləri çatmayan məsələdə belə birbaşa doğruçu ola bilmirlər. Ya zənginə cavab vermirlər, ya qaçırlar, ya gopa basırlar. Pis haldı, çox pis. İnsanı cilddən çıxarır. Baxırsan, yaraşıqlı, səliqəli kişi, ya qadındı, guya özünə görə adı da var, di gəl, saxtadı, kölgəsindən qorxur. Özünü xeyirxah kimi tanıtmağa çalışanlar hələ, necə fırıldaqçıdılar əslində. Bizi cəhənnəm, özlərini də xeyirxah olduqlarına inandırıblar. Ona görə deyirəm ki, fırıldaqçılığı da situasiyalarda üzə çıxarmaq mümkündü. Başqa vaxt siz onları çətin tutasız.
Mən artıq cəmiyyətimi yaxşı tanıyıram. Bütün mənzərə açıqdı. Problem kimlərdə və nələrdədi. Kim nə işlə məşğuldu. Bu toplum hansı situasiyada necə davrana bilər.
Rəfiqəm bir dəfə ah çəkərək dedi: “Heyf bizdən, gözəl xalqıq”.
Dalıyca əlavə etdi: “Ən çətin situasiyada bu xalq bir-birindən möhkəm yapışır, birləşir. Və mən indi həmin adamlara demək istəyirəm ki, intihar bizim üçün çıxış yolu deyil. Bizim tək çıxış yolumuz var - tək və yenə də tək bir yol. Biz bir-birimizə dayaq olaq gərək. Bir-birimizi xilas edək, bir yerdə olaq. Öz sistemimizi özümüz yaradaq. İndi dəqiq bilirəm ki, cəmiyyəti necə ayağa qaldırmaq, necə sağaltmaq olar.
Sağaltmaq demişkən, ölkənin hər addımı aptekdi. Evdən çıxırsan, dörd yanın aptek, rayona gedirsən, yol boyu aptek, hər şəhərdə saysız aptek var. Bütün ölkə aptekdi. Bu nədi? Biz xalq olaraq xəstələnmişik? Bunca klinika, aptek, dərman, resept hansı səbəblərdən bizə soxuşdurulur?
Yaxın ölkələrin klinikaları azərbaycanlılarla doludu. Nə baş verir?
Bayaq yoldan keçəndə bir qadın uşağına deyirdi ki, sən büzüşdükcə, soyuqdan qorxduqca daha çox üşüyəcəksən. Özünü sıxma, şux dayan və soyuğu düşünmə, onda müqavimət gücün artacaq, üşüməyəcəksən. Fikrimi ifadə etmək üçün bundan daha dərin və dəqiq nə yaza bilərəm? Şux dayanmalıyıq, soyuqdan qorxmalı deyilik, xəstəliyin xofuyla yaşamağa gərək yoxdu. Büzüşmüşük deyə xəstəhal hiss edirik özümüzü. Klinikaya qaçırıq, bizə dərman yazırlar, aptekə cumuruq.
Bizi düşünülmüş şəkildə xəstə olduğumuza inandırıblar və bunun üzərində biznes qurublar. Bu təxminən xurafatçıların addım başı nəzir qutusu yerləşdirib “niyyət edin, arzunuza çatın” şüarını beyinlərə yeritməsinə oxşayır. Niyyəti evində də edə bilərsən. Nəzirini ürəyin istəyən imkansız adama da verə bilərsən.
Bizi inandırıblar ki, xəstəyik və tək çıxış yolumuz küçələrə ard-arda dikilən apteklərdi. İki il öncə mənə Azərbaycanda xərçəng diaqnozu qoymuşdular.
“Azərbaycan üçün nələrsə etmək, insanlarımıza stimul vermək, pis düşüncələrdən yayındırıb həvəsləndirici proyektlərə cəlb etmək, yaradıcı dəstək olmaq istəyən iş adamları, imkanlı vətənpərvərlər və sənətsevərlər varsa, xahiş edirəm, əlaqə saxlasınlar. Gəlin, bir yerdə işlər görək” |
Dünya başıma yıxıldı. Qızım necə olacaq düşünürdüm gecə-gündüz.
Beynimdə şiş var imiş guya. Getmədiyim həkim qalmadı. Çox çətin idi. Həm güclü dayanırdım, həm də içim dağılırdı. Türkiyədə bu diaqnoz yalan çıxdı.
Ağrılarım var, ancaq mən onların öhdəsindən Azərbaycandakı apteklərə qaçaraq gəlməyi özümə qadağan etmişəm. Sağlam həyat, dayanıqlılıq, təbii üsullar, sevgi, sevinc, pozitivlik, yaşam üçün stimullaşdırıcı ideyalar, ən əsası, şux duruş! Nə olur olsun, şux duruş! Belinizi əyməyin, əzizlər, başınızı dik tutun, xəstə-filan deyilsiz. Qoy iflas olsun onların aptekləri. Hər şeyləri iflas olsun. Ürəkləri partlasın, xəstə olub gəbərib ölsünlər. Siz sağlam olun.
Yazının əvvəlində yeni layihəmdən danışırdım. Yəqin qışacan şeir kitabım çap olunar. Paralel olaraq başqa bir layihəm də var. Onu da eyni vaxtacan bitirməyi planlayıram.
Layihə sözünü ona görə tez-tez, əvvəldə və sonda vurğuladım ki, mənim kimi yaradıcı insan üçün planlarını gerçəkləşdirməyə, cəmiyyət üçün maraqlı və faydalı ola biləcək işlər görməyə maddi dəstək lazım olur. İndiyəcən gücüm nəyə çatıbsa, özüm etmişəm. Ancaq daha böyük işlər üçün dəstəyə ehtiyac var. Əgər Azərbaycan üçün nələrsə etmək, insanlarımıza stimul vermək, pis düşüncələrdən yayındırıb həvəsləndirici proyektlərə cəlb etmək, öz xalqının balalarında ümid yaratmaq, cəmiyyəti tonusda saxlamaq, maddi-mənəvi yardım etmək, yaradıcı dəstək olmaq istəyən və bunu necə edəcəyini bilməyən şirkət sahibləri, biznesmenlər, iş adamları, imkanlı vətənpərvərlər və sənətsevərlər varsa, xahiş edirəm, əlaqə saxlasınlar. Gəlin, bir yerdə işlər görək. Diqqətiniz üçün minnətdaram.