“Tükəzban” qasırğasının sürəti

Yaxud Alabala ilə Alabamanın fərqi
Öncə zəhmətkeşlərimizi 20 sentyabr Neftçilər günü münasibətilə atəşin təbrik edirəm. Bildiyiniz kimi, 1994-cü ilin məhz bu günündə bəh-bəhlə “Əsrin müqaviləsi” adlandırdığımız neft müqaviləsi bağlanıbdır. Biz ümid edirdik bu kimi zadlar sayəsində itirdiklərimiz, ən əsası Qarabağ geri alınacaqdır. Ancaq indi görürük bu, əsrin deyil, əsirin müqaviləsi imiş, vəziyyətimiz də həminki kimi - ruscadır. Rusca demişkən, bir rus məsəlindən sitat gətirək: araba indi də oradadır. Bəs bu müqavilədən hansı zəhmətkeşimizin hansı barmağına dərman olub, gəlib gedən 130 milyard dollardan çox neft pulundan şəxsən hərəmizə nə qalıbdır, bunu da buraxaq uca millətin ixtiyarına. Heç kimin adından danışmaq olmaz. Bəlkə millət elə öz taleyindən, öz neft gəlirindən razıdır?
Üstəlik, müdrik lotular yaxşı deyiblər ki, istənilən müqayisə qüsurludur. Doğrudan belədir. Örnək üçün, dünən baş nazirin müavini Abid müəllim Amerikadakı yağışları misal gətirib, deyir orda şəhərlər su altında qalır, bizdə isə 10-15 santimetr yağış düşəndə millət dızıldaşmağa, narazılıq etməyə, özünü Alabala kimi aparmağa başlayır. Gör necə ağıllı insandır. Əks halda, sürəti saatda 18 kilometrə çatan “Tükəzban” xəzri küləyinin sürəti saatda 360 kilometrə çatan “İrma” qasırğası ilə müqayisə eləmək kimin ağlına gələrdi?
Yaxud təzəlikcə 26 Bakı komissarı Azərbaycan Yazıçılar Birliyinin otaqlarından birində restoran şəklində zühur eləmişdi, yəqin bundan da xəbəriniz vardır. Olmayıbsa, biləsiniz: cəsur Hacıbala müəllim dərhal bundan agah olub restoran işçilərini yazıçılarla birlikdə yığıb apardı Hacıqabul çölündə gülləbaran elədi. Bu münasibətlə Fikrət Qoca dərhal poema da yazmışdır: “Hacıqabul çölündə qatar düz gedir, Çingiz Abdullayevdən xəbərsiz gedir”. Nəsə, uzun temadır, özünüz axtarın tapın. Tema demişkən, indi hamı mövzu sözünü bununla əlavə edibdir. Bu temada eşitdiyim maraqlı söhbəti də nəzərinizə çatdırım, onsuz yazıda aləm qarışıbdır, hamısı fırtınaya görədir. Təsadüfən, küçədə eşitdiyim söhbətdir, ləzzət elədi, istəyirəm siz də oxuyasınız. Demək, iki nəfər söhbət eləyirdi, biri o birinə arvadından gileylənirdi: “A kişi, bezdirib sən öl. Deyir uşaq ağlayır. Dedim, ağəz, rəhmətliyin qızı, uşaq ağlayar da. Uşağın teması ağlamaqdır”. Etiraf edim, şərhin gözəlliyindən ağzım açıla qaldı.
Harda qalmışdıq? Hə, o 26 davası zamanı restoranın qabağına qoyulan elan lövhəsi xüsusi diskussiyaya səbəb oldu. Lövhədə “Xanımlar üçün qəlyan pulsuzdur” yazılmışdı. Başda Hacıbala müəllim olmaqla, milli dəyərlərimizin keşikçiləri bunu əxlaqsızlıq örnəyi saydılar, dedilər bu, yüngül qadınları hansısa obyektə yığmağın guya bir şifroqramı imiş. Ancaq heç kəsin ağlına gəlmədi ki, bu elan tam zərərsiz, hətta deyərdim milli dəyərlərimizə, ədəbiyyatın təbliğinə həsr oluna bilərdi. Çünki AYB sədri Anar müəllimin də qəlyanı vardır! Bəlkə qurum o elanı yapışdırıb ki, ədəbiyyatımızı sevən xanımlar gəlib Anar müəllimin qəlyanına pulsuz baxsınlar?
Gördüyünüz kimi, hərə öz qanacağına görə düşünür. (Rusca “korlanma səviyyəsinə görə” deyilir, ancaq biz gəlin insanlara qarşı xoşgörülü, mərhəmətli olaq. Üstəlik, kərə yağı və yumurta da pis bahalaşıbdır, ümumən inflyasiya kəlləçarxa vurmaqdadır. Belə vaxtda amansız olmaq, millətə yadlaşmaq mənfi haldır).
Keçmişini unutmaq pis şeydir. Təzəlikcə şeyxin qudasının oğlunu tutublar, xəbərlərdə yazdılar ki, bu quda Qalib Salahzadə keçmiş deputatdır. Vallah, mən bunun deputat olduğunu unutmuşdum. Belə unutqan xalq olar? Bu minvalla biz Qarabağı da unudarıq. Həmin bu Qalib müəllim keçən il başqa açıqlaması ilə də yadda qalmışdı, demişdi həccə 28 dəfə gedibdir. (Məncə, bu Hacı Qalib hər dəfə ağzını açanda hörmətli şeyx fikirləşir ki, görəsən, niyə vaxtında bunun dilini bağlamaq üçün dua yazmadım). İndi oğlunu müdafiə üçünsə deyir ki, oğlum işıqpulu yığanı döyməyib, yüngülcə şapalaqlayıb, ümumiyyətlə, 3 dəfə həccə gedən mərifətli adamdır.
Məncə, istintaq orqanları bu fakta da diqqət yetirsin. Niyə özü 28 dəfə həccə gedir, ancaq oğlu cəmi 3 dəfə? Mənəvi dəyərlərimizə sayğısızlıq əlaməti görürəm.