Permanent toy soyğunu

Srağagün bir həmkarımızın övladının toyundaydıq. Orda gördüyüm bir-iki maraqlı detal barədə sonrakı günlərdə yazmaq fikrindəydim. Ancaq ertəsi gün gördüm ki, həmkarımız Asif Mərzili bu mövzuda ürək sözlərini artıq yazıb. Mövzu aktualkən “sonraya saxlamayım, elə bu gün yazım” dedim.
Məsələ belədir: biz illərdir Azərbaycan toylarının anormallığından hey yazırıq, amma bu sektorda vəziyyət düzəlmək bilmir, hətta hər gün daha da pisləşir.
Necə deyərlər, “Dəyirman bildiyini edir, çax-çax baş ağırıdır”. “Baş ağrıtmaq” demişkən, elə toylarda səsgücləndiricilərin səsindən başlayaq.
Bir qədər təzyiqi, yüngül başağrısı olan yaşlı insanlar üçün o cür səs-küylü və qapalı məkanda oturmaq işgəncədir. Toyxana salonundakı küy insan qulağının qəbul edə, dözə biləcəyi desibeldən azı 5 dəfə çoxdur. Musiqinin sədası o qədər çox olur ki, adam yanındakı ilə nəinki söhbət edə bilmir, hətta nəsə bir söz demək üçün mütləq onun qulağına qışqırmalı olur.
İştirak etdiyim toyda olan qonaqlardan biri - məşhur televiziya rejissoru Ramiz Həsənoğlu elə salona girən kimi fərq etdi ki, səsgücləndirici dinamiklərdən gələn səs “başçatladan” dərəcədədir. O, aram-aram estradaya yaxınlaşdı, etirazını bildirdi, güman ki, onu tanıdılar deyə, dinamiklərin səsini aldılar. Toyxanada elə bir gözəl atmosfer yarandı ki... Oynayanlar bir tərəfdə sakit səsli musiqinin sədası altında oynayırdılar, söhbət edənlər də bu tərəfdə bir-birini eşidə bilirdilər. Demək, belə də olurmuş. İllərlə bizə səs-küy işgəncəsi veriblər.
Fəqət hörmətli rejissorun sözündən çıxa bilməyən və səsgücləndiricilərin səsini yavaşladan musiqiçilər yavaş-yavaş köhnə desibeli bərpa etdilər, yenə salonda ağız deyəni qulaq eşitmədi. Görünür, bu, toyun vazkeçilməzidir. Mütləq səs bu cür olmalıdır, yoxsa şadlıq sarayının reklamı zəifləyər.
Həmkarımız Asif Mərzili də şadlıq saraylarının reklam yarışına çıxmaqlarından yazıb. Heç demə, toylarda qonaqlara təklif olunan 80-120 təam məhz restoranların bir-biri ilə apardıqları reklam savaşının nəticəsi olaraq meydana çıxır. “Kim daha çox xörək, içki verir” yarışı gedir. Çox təam təklif etmək prestij məsələsidir.
Prestij məsələsi təkcə menyu ilə məhdudlaşmır, bu, masanın xərcini artırır. Nəticədə insanlar illərlə övladlarının xeyir işi üçün yığıb-birikdirdiyi pulu gətirib bir gecədə toyxana sahibinə verir. Birikmiş pulu olmayanlar isə banklardan, dost-tanışlardan aldığı borcu toya xərcləyir, sonra illərlə borc qaytarır. Hələ toya salınmış nəmərlərin də “cavab”ı yavaş-yavaş verilməlidir.
Bir sözlə, restoranlar şəbəkəsi elə bir sistem, mexanizm qurub ki, ölkə insanları onların varlanması üçün çalışır. Bu mexanizmdən qurtulmaq mümkün deyil. Ona qəti etiraz edən şəxslər də zamanı gələndə o mexanizmin tırtılı altına qalmağa vadar olurlar.
Bu üzdəndir ki, ölkədə pullu adamlar istehsal müəssisələri açmaqdansa, restoran açmağa çalışırlar. Artıq Bakıda xüsusi restoranlar küçələri var, şadlıq sarayları yan-yana sıralanıb gedir. (Onlardan bəziləri sonradan mərasim zalına, hüzr məclisləri təşkil edən evlərə çevrilir).
Onu da qeyd edək ki, istənilən əcnəbiyə bizi “vəhşi ətyeyənlər” kimi göstərə biləcək toy mənzərəsinə görə, xalqımızın qarınqulu hesab edilməsinin əsası yoxdur. Masada yüz bir cür naz-nemət, delikates olsa da, əksər qonaqlar aşağı-yuxarı bir dönər qədər yemək yeyirlər, ən çoxu bir litr də maye içirlər. Vəssalam.
Əgər belədirsə, insan oğlu 200-300 qramlıq yeməklə, yarım litr suyla doyursa, masaların üstünü 120 cür təamla bəzəmək böyük israfçılıqdır. Hüzr yerində bir nimçə plov yeyib, iki stəkan çay içərək, çıxıb işinə-gücünə gedən camaat toy məclisində iki qədər qida qəbul etsə, qane olar.
Başqa vaxt biz beynəlxalq paylaşım səhifələrində ərəblərin dəvə ləvəngisi edib azman süfrələrə qoymasını görüntüləyən videolara baxıb heyrətlənir, gülürük. Ancaq toyxanada masaların üstündə qalan, istifadə edilməyən, əl vurulmayan “xörək dağları”nı çəkib yayan olsa, biz də o cür rüsvayi-cahan olarıq.
Bunun birbaşa günahı restoran şəbəkəsindən hər gün milyonlar qazanan oliqarxların, iş adamlarının acgözlüyündədirsə, dolayısı ilə hamımız günahkarıq, permanent şəkildə bizi toy soyğununa məruz qoyan mexanizmin önündə susmaqla.