Tale niyə Rusiyaya oynayır?...

Demirəm ki, rusiyalı təhlilçilərin və ya analitiklərin yazılarını oxumuram. Yox, oxuyuram, amma bir az iyrənə-iyrənə, çünki mütləq əksəriyyəti olmasa da, demək olar ki, böyük bir hissəsi açıq yalan danışır və yalan yazır.
Əvəzində yazıçıları, rejissorları, ümumiyyətlə, sənət adamlarını izləməyə çalışıram. Onların arasında sözün düzünü deyənlər, həqiqəti danışanlar daha çoxdur.
Elə lap bu günlərdə bir rus yazıçısının müsahibəsini oxuyurdum. Maraqlı idi. Xüsusən də diqqətimi bir fikir çəkdi. Deyir ki, nəhəng və daim kiməsə qarşı silahlanan dövlətin vətəndaşı olmaq bezdirib bizi...
Bir daha deyirəm ki, fikir məni yaman tutdu - bəli, Rusiya həqiqətən də nəhəngdir və daim də kiməsə qarşı silahlanır.
Amma nəhəngliyin faydası varmı? Bu nəhəng Rusiya heç olmasa, kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edə bilirmi?
Dəqiq ədəd deyə bilmərəm, onu bilirəm ki, hələlik bilmir, hələ də Rusiya kəndlərinə həsr olunmuş verilişlərə baxanda adamı lap yuxu tutur.
Daim silahlanmaqsa öz yerində... Düzdür, burada irəliləyişləri var və hərbi texnologiya sahəsində öndə gedən ölkələrdəndirlər... Amma gəl ki, hərbi-sənaye kompleksi sovetin də vaxtında inkişaf etmişdi və ölkə hərbi cəhətdən çox qüdrətli idi.
Amma nə olsun? Axırı nə oldu? O.Stounun bir fikri var ki, tarixdən qaça bilməzsən, o, mütləq özünü sənə yetirəcək...
Sənət adamları haqda yazdım... Bəzən siyasi təhlilçilər arasında da elələri tapılır ki, həqiqəti deməyə cəhd edirlər. Onların proqnozları isə çox vaxt bədbin olur. Qənaətin bu olur ki, Rusiyanı çox yaxın gələcəkdə yenidən xaos və qarışıqlıq gözləyir.
Hələliksə, hakimiyyət mənsublarına elə gəlir ki, işləri heç də pis getmir. Özü də təkcə Rusiyanın hakimiyyət adamlarına yox...
Yaxın günlərin söhbətidir. P.Poroşenko dedi ki, sanksiyalar Rusiyanı çökdürmək gücündə deyildir, di gəl, ümid edirik ki, bu yolla onu bəlkə danışıqlar stolu arxasında oturmağa məcbur etdik.
Bəli, imperiyalar daim genişlənməyə can atır, beləcə onlar ətraflarında əlavə təhlükəsizlik çətirləri formalaşdırırlar. Bir dəfə bir rusiyalı ekspert dedi ki, diqqətimizi özümüzdən yayındırmaq üçün daim başqa yerlərdə nəsə yaratmağa cəhd etməliyik...
Bəli, cəhd edirlər... Və etiraf etmək lazım gəlir ki, heç də həmişə uğursuz da olmur. Dünyanın diqqətini Suriya, Ukrayna ilə məşğul edir və əvəzində də ölkədəki federasiya subyektlərinin muxtariyyətini yavaş-yavaş və səssizcə onların əllərindən alırlar.
Həm də tale sanki Rusiyanın əlinə oynayır. Ətraflarda, keçmiş sovet məkanının böyük hissəsində elə siyasi sistemlər, rejimlər bərqərar olub ki, insanlar hələ də sovet dövrünün xiffətini çəkmək zorundadır.
Tək Baltik ölkələrində müəyyənlik var, qalanlarının böyük əksəriyyəti isə bir daha deyirəm ki, qeyri - müəyyənlik içindədir. Yenə də Ukrayna prezidentindən misal çəkəcəm. Bu yaxınlarda dedi ki, korrupsiyanı dəf etməsək ölkəmiz dövlətçiliyini itirə bilər...
Bəli, Ukraynanın iki problemi var-Rusiya ilə qonşu olmaq və bir də ki, korrupsiya... Özü də bu, təkcə Ukrayna üçün xarakterik deyil, bəlkə də bunu “sovet mərəzi” adlandırmaq daha düzgün olardı.
Əgər konkret olaraq Ukraynanı götürsək, ölkə oliqarxların cəngindən qurtula bilmir və oliqarxiyanın maraqları həmişə daha öndə olur, nəinki ölkənin...
Baxın, M.Saakaşvili dönüb olub Ukraynanın bir nömrəli problemi - nə bilim, Donbas da, Donetsk də yaddan çıxıb, Krım da...
Ona görə də bir daha etiraf etməli olursan ki, on dəfə Rusiyadan danışanda gərək bir dəfə də onun “şikarlar”ından - keçmiş sovetlərdən danışasan ki, daha düzgün mənzərə yaransın. Bəli, az vaxt keçməyib və üçüncü on illik başa çatmaqdadır. Amma nə olsun?
Məsələn, Tacikistanın Rusiyanın “yemi” olmasının günahı tək ruslarda və ya Rusiyadadırmı? Türkmənistanda, Qazaxıstanda və daha nə bilim, haralarda normal dövlətin bərqərar olmamasının da günahı yalnız və yalnız Rusiyada və ruslardadırmı?..
Əlbəttə ki, yox və yenə də yox... Yaxşı yadıma gəlir, hələ yenidənqurmanın ilk illərində söhbət əsnasında bir rus dedi ki, bizim ən böyük səhvimiz onda oldu ki, Baltik respublikalarını SSRİ-nin tərkibinə qatdıq...
Bəli, ruslar özləri də anlayırdı ki, estondan və ya latışdan nökər düzəldə bilməyəcəklər. Amma o birilər sözün əsl mənasında gözəl “material” idi və belə olaraq da qalır...