Yağışdan yağmura

Rus şairi Andrey Voznesenski 1973-cü ildə “Qarışqa” adlı şeir yazıb. O şeirdən çox xoşum gəlir, indi Google-dən öyrəndim ki, bunun dilimizə tərcüməsi də olub, Vaqif Bayatlı tərəfindən. Təəssüf ki, tərcüməni tapa bilmədim, o cümlədən, hörmətli Vaqif bəyin son illər sağlıq durumunun yaxşı olmadığını eşitmişəm, bundan da təəssüfləndiyimi bildirirəm, arzu edirəm tezliklə şəfa tapsın.
Şeirin peşəkar tərcüməsini tapmadığımdan oxuculara məzmununu danışmaq istərdim. Bir qarışqa olur, təsadüfən şairin qayığında qarşı sahilə keçir. Ancaq burdakı qarışqalar onu öz sıralarına qəbul eləmək istəmir, deyirlər sən qarşı sahildən olan qarışqasan, aramızda sənə yer yoxdur. Rəngi, quruluşu burdakı qarışqalardan fərqlənmir, ancaq nə olsun, “qarşı sahildəndir”, ona bu sahildə yer ola bilməzmiş. Şair özü də artıq qarşı sahilə qayıda bilməz, o üzdən qarışqanı geri aparmaq mümkün deyil. Uzun sözün qısası, bir aylıq dava-şavadan sonra qarışqa bir talaşa tapıb öz yurduna doğru üzür. (“Berinq kimi” – Voznesenski özünəxas işıqlı yumoru ilə qarışqanın bu uğurunu belə təsvir edir). Ancaq, indi, bir ay keçəndən sonra onu öz vətənində də qəbul eləmək istəmirlər, deyirlər... “sən o biri sahilin qarışqasısan”.
Birma ilə Banqladeş arasında qaçqın böhranı o şeiri yadıma saldı. Yəqin məlumatınız var, Birmanın Arakan adlı bir bölgəsindən yerli buddistlər müsəlmanları qovurlar, evlərini yandırırlar. Dünyanın bir çox yerində buna etiraz aksiyaları oldu. Bölgə kasıb, sivilizasiyadan uzaq, KİV-lərin olmadığı ərazidir, o üzdən dəqiq bilgilər almaq çətindir. Ümumi informasiyalar var ki, Arakan qaçqınları 80 min nəfərə çatıb.
Ancaq işin faciəvi tərəfi Arakan qaçqınlarının əslində getməyə normal yerlərinin olmadığıdır. Onlar müsəlman Banqladeşə tərəf qaçırlar, Banqladeş isə özü yetim günündədir. Qaçqınları yerləşdirmək imkanı yoxdur. 100 milyondan çox müsəlman dünyanın ən kasıb, geridə qalmış ölkəsində zülüm çəkir.
Hamı son toqquşmalara diqqət çəkir, ancaq məsələ ondadır ki, bu qaçqınlar Arakana artıq bir dəfə “qaçmışdılar”. Ötən əsrin 70-80-ci illərində banqladeşli müsəlmanlar kasıbçılıq, darısqallıq üzündən Birmaya qaçıblar. (Banqladeş dünyanın ən sıxlıq ölkələri siyahısında birincidir – hər kvadrat kilometrə 1090 nəfər düşür. O cümlədən ölkənin paytaxtı Dəkkə şəhərlər sırasında 1-ci yerdədir. Hər kvadrat kilometrə 44 min nəfər! Müqayisə üçün Azərbaycanda hər kvadrat kilometrə neçə nəfər düşdüyünü yazıram: 111 nəfər. Yəni, Banqladeşdə əhalinin sıxlığı Azərbaycandan 11 dəfə çoxdur. Özünüz vəziyyəti təsəvvür edin).
Hərçənd, ortada başqa rəqəmlər də var. Örnək üçün, keçən əsrin 90-cı illərində 800 minə yaxın azərbaycanlı yurdundan didərgin salındı, hələ də qayıda bilmirlər. Sözgəlişi, yadıma bir Qarabağ qaçqını düşdü. Mən onun haqqında qəzetdə yazmışdım. “Altı qat qaçqın” – yazının adı belə idi və qətiyyən ironiya deyildi. Adam Ermənistandan Dağlıq Qarabağın bir kəndinə, ordan Füzulinin şimal kəndlərindən birinə, sonra Füzulinin cənub kəndlərindən hansınasa, sonra Biləsuvara qaçmağa məcbur olmuşdu ailəsiylə birgə. Biləsuvardan Bakının Nizami rayonunda hansısa yarımçıq tikiliyə sığınmışdı, ordan da hökumət qovmuşdu. Ümidvaram sonralar bu yazıq ailənin “odisseyası” dayanmışdı.
Bu baxımdan, Arakan qaçqınlarına kim əlac edəcək? Heç kim. Bir az qışqırıb dağılışacaqlar. Çünki bütün müsəlman aləmi beləcə cəhalət, dağıntı, gerilik, ölüm-itim içində can verməkdədir. Hərəsinin də başında, yuxarı dairələrində onları xəyali cənnətlə aldadıb kef çəkən bir sürü quldur oturubdur.
Bu mənada, Birmadan Banqladeşə qaçmaq yağışdan çıxıb yağmura düşməkdir. İfadə sözün əsl anlamındadır, çünki bölgə həm də uzun sürən tropik leysan yağışları ilə tanınır.
Banqladeş bir də karikatur dindarlığı ilə tanınır. Bu ilin mayında paytaxt Dəkkədə minlərlə insan küçələrə axışıb etiraz aksiyaları keçirmişdi. Sizcə nəyə görə? Sən demə orda Ali Məhkəmənin binası qabağında qədim yunan ədalət ilahəsi Femidanın heykəli qoyulubmuş. (Əlində tərəzi və qılınc – yəqin yadınıza gələr bu obraz. Gözləri də bağlı olur. Bu da onun tərəfsizliyinə işarədir. Azərbaycan Konstitusiya Məhkəməsinin emblemində isə Femidanı gözü açıq çəkiblər. Tərəzinin gözünə də yüzlük dollar bağlaması rəsm etsələr təsvir tamam olardı). Fağır Femida Dəkkədə cəmi 6 ay yaşaya bildi, müsəlmanlar onu söküb atdılar. Hətta heykəlin yerli geyim – sariyə “bürünməsi” də onu xilas etmədi.