Qumluqdakı qəbul

(Kobo Abe müəllimə nəzirə)
Quzunun çəkisinin dəyişmədən saxlanması haqda məşhur pritça var. Orda adam quzunu ilin əvvəlində və axırında çəkirdi, eyni kilo alınırdı. Soruşurdular bunu necə elədin, deyirdi: “Mən hər gün quzuya ot verirdim, hər gün də canavarı göstərirdim”.
Bugünlərdə test üsulunun ləğvi haqda növbəti diskussiya ortaya atılanda o pritçanı xatırladım. Əslində cəmiyyətimizin çəkisinin dəyişməməsi üçün dövriyyəyə buraxılan mövzular çoxdur. Bunlardan Qarabağ danışıqları, cəbhədə irəliləyişlər və itkilər, neftin qiyməti, benzinin qiyməti, manatın devalvasiyası, tanınmış bir adamın həbsi və sairəni sadalamaq olar. Belə temalar cəmiyyəti balansda, rejimdən, sistemdən müəyyən məsafədə saxlamağa xidmət edir, təcrübə göstərir ki, uğurla da xidmət etməkdədir. Çəkini onillərdir eyni ağırlıqda saxlamağı bacarırlar.
Yazdığım kimi, testin ləğvi teması da bunlardan biridir və özü də hər dəfə ciddi çəki atmağa səbəb olur, xeyli insanın qazını, köpünü alır. Axı cəmiyyət test üsulunun doğrudan da yaxşı bir hadisə olmasını anlayır. AXC hakimiyyətindən bizə miras qalan az qala yeganə müsbət hadisə budur. (Rus ordusunun çıxarılmasını, açığı, mən o qədər ciddi uğur saymıram, çünki rus ordusu bu saat “erməni əsgəri” sifətində 15 faizdən çox ərazimizdə ağalıq etməkdədir. Deyilə bilər bu ayrı ordudur. O zaman tarixi yaxşı oxumaq lazımdır. Rus imperiyası başqa xalqları işğal edərkən adətən elə daha qabaq işğal elədiyi xalqlardan yararlanıb).
Hamı gözəl anlayır ki, yenə gedib 3-4 müəllimin qabağında oturub imtahan versək müxtəlif fırıldaqlar ortaya çıxacaqdır. Kimisə tapşıracaqlar, kimsə pul verəcək... Bir qrupdakı 25 tələbədən 3 nəfəri pulsuz, öz gücünə qəbul olunsa şükür edəcəyik. Doğrusu, testdən kənar qəbulun da miqyası bizdə çox böyükdür. Qəbul olunanların keyfiyyəti, ümumən ali təhsilin cəmiyyətimizə verdiyi faydalar da mübahisəlidir. Ancaq bütün hallarda hər yay minlərlə azərbaycanlı ailə sevinirdi. Deyəsən indi bizim bu karikatur “ali məktəbə qəbul olunmaq”dan başqa bir ciddi sevincimiz də qalmayıbdır.
Bu baxımdan, tələbə qəbuluna baxan xanımın harasa intervüsündə bəzi cümlələrin düzgün anlaşılmaması (guya) canlanmaya səbəb oldu. Millət narahat oldu ki, test ləğv edilir. Sonra testin ləğv edilməyəcəyi, əksinə, daha təkmilləşdiriləcəyi söyləndi. Məlum olmadı testi necə təkmilləşdirəcəklər. A, B, C, D olaraq dörd cavab variantına E bəndi də əlavə ediləcəkmi? Örnək üçün belə: “Nə verərsən, verərsən”. Yaxud riyaziyyatdan belə test sualı qoyulur ki, Məmməd bazarda qarpız satır, qarpızın kilosu 30 qəpikdir, gündə 100 kilo qarpız satsa həftədə neçə manatlıq qarpız satacaq. Burada cavab variantları “100 manat”, “200 manat”, “1000 manat”, “1 milyon manat” kimi qoyulur, təkmilləşən testdə isə “Aşağı yeri də var” cavabı da variantlara əlavə edilir. Çünki heç orda düzgün cavab yoxdur. Nəticədə millətimizin balaları yeniləşən Azərbaycandakı həyat tərzinə, Lütfi Zadə irsindən pöhrələnən qeyri-səlis məntiqimizə öyrəşməlidir. Guya indiyə qədər öyrəşməyiblər...
Doğrudan da, mən bu heç nədən hay-küyü anlamıram. Yəqin anlamaq üçün Şekspir qələmi olmalıdır adamda. Çünki bu test üsulu 1992-ci ildən bəri tətbiq edilir. Üzərinə 4 il gəlsək, 1996-cı ildən bəri artıq testin buraxılışları ölkəmizə qədəm qoyur. Üst-üstə 21 il eləyir. Keçən ilin statistikasına görə bizdə tələbələrin sayı 163 min nəfər idi. Bunların aşağı-yuxarısını, hazırda oxuyanları-filanı çıxıb təxminən ildə 100 min məzun götürək və bunu 21 ilə vuraq. 2 milyona yaxın insan edir. Yəni bu dəqiqə Azərbaycan əhalisinin hardasa beşdə biri test üsulunun yetirməsidir. Lap onun da yarısını yelə verirəm gedir, qalsın 1 milyon nəfər. Bəs bu 1 milyon niyə ölkəyə 1 qram yenilik və uğur gətirməyib? Fırıldaqsız qəbul olunmaq yaxşıdırsa, nəticəsi niyə yoxdur?
Sual budur. Elə bil quma su axıtmısan.