Quyruğun donması

Amerikada Günəş tutulması oldu. Bizdə niyə olmur? Açığı heç yadıma gəlmir belənçik hadisə. Bunun əsas səbəbi isə ölkəmizdəki ictimai-siyasi sabitlik, müstəqilliyimizin möhkəmlənməsidir. (Yazının bu yerində axmaq, destruktiv bir fikir ağlıma gəldi ki, bizdə 24 ildir elə Günəş tutulubdur, qaranlıqda yaşayırıq. Ancaq mən bu fikri dərhal rədd elədim getdi. Əlaqədar orqanlar nəzərə alsınlar. Ağlıma da özüm cəza kəsəcəyəm).
Bizdə uzağı tozanaq qopur. Dünənki kimi. Hava xəbərçiləri demişkən, Bakıda və Abşeron yarımadasında dünən bir toz var idi ki, sanardın Ərəbistan səhrasındayıq, dəvələr yerdə eşələnibdir. Bəlkə də ərəb turistlərin çoxalmasına görə idi, atmosferdə uyğun ab-hava, dizayn yaratmışdıq. Buna görə dövlət rəhbərliyinə Samux rayon zəhmətkeşləri, o cümlədən Quba qaçqınları adından dərin minnətdarlığımızı bildiririk.
Ancaq alimlərimiz dedilər yox, toz Türkmənistan tərəfdən gəlibdir. Guya Xəzərin üstündən aşıbdır. Ay inandıq ha. Bəs su bu tozu niyə islatmayıbdır? Çox yuxarıdan gedibdir, ona görəmi? Bizdə heç kim çox yuxarıdan gedə bilməz. Axırıncı dəfə bir diqqətli, hörmətli cavan avtobusda tapança çıxartmışdı, onu da tutub zindana saldıq. 41-45, 92-93 deyil indi. İnsanlarımız asudə gəzirlər, gecələr bulvarda mayallaq aşırlar, küçələrdən yığışmırlar. Gecələr küçəyə çıxmaq bizdən ötrü çox önəmlidir. O dərəcədə ki, buna imkan verilməsə, dövlət çevrilişi yaparıq.
Azərbaycan Milli Elmlər Akademiyasının Günəş tutulması ilə bağlı amerikalı camaata da dərin məsləhətləri oldu. Məsələn, akademiya prezidenti Akif müəllim səfir Sekutanı çağırıb deyib ki, görsəniz çox qaranlıqdır, hərəniz bir şam yandırın, sən yanmasan, mən yanmasam, necə çıxar qızdırma şamı? (Toz kompüterin ekranını nə təhər basıbsa, göz-gözü, barmaq hərfi, F2 düyməsi Delete düyməsini görmür, o üzdən bu cızmaqaramızda məna, üslub, fonetik, qrammatik səhvlər taparaq MTRŞ sədri Nuşirəvan müəllimə, MŞ sədri Əflatun müəllimə, ABŞ sədri Donald müəllimə şikayət edənləri Günəş tutulmasına, Halley kometinə, bir də yerin-göyün yaradanına tapşırıram, İlahi, amin!).
Bunun başqa variantı da var, deyir, qaranlığı söyməkdənsə şam yandır. Bah, bah... Bir prokuror tanıyıram, stolunun üstündə şüşənin altına çoxlu belə sitatlar, afyorizmlər yığıbdır, çox afyor adamdır, yazını oxuyursa, salam göndərirəm. Ümid edirəm, mənə qarşı “Afyorizmləri saxtalaşdırmaq” maddəsi ilə cinayət işi açmaz.
AMEA Şamaxı rəsədxanası, Astrofizika İnstitutumuz, Aviasiya Akademiyamız, canım sənə desin, “Azərspeys” Aerokosmik Agentliyimiz də hamısı Günəş tutulması üçün əhaliyə məsləhətlər verdilər. Bunlardan qazanın dalına döymək, göyə tüfəng atmaq, qonşunun bağına girmək, eşşəyin başına qatıq sürtmək, toyuq tükündən yelpik hazırlamaq, pərpətöyün qaynatmaq, Ərəbistandan gətirilmə kitayski təsbehin dənələrini udmaq, “Sirab” butulkasını sındırıb Günəş eynəyi düzəltmək və sairə elmi üsullar vardır.
Söhbət elmdən düşmüşkən, ölkə ictimaiyyətini hər il bu vaxtlar narahat edən ciddi bir problem də elm üfüqlərimizdə pərgar edir. Bu, hardasa avqustun ortalarına düşən, yayın yarı olmasını, ya da yarıdan keçməsini - hələ bunu tam başa düşə bilməmişəm - bildirən “quyruq doğdu” elmi problemidir. Bəzi alimlərimiz və jurnalistlərimiz deyir ki, əslində bunu quyruq dondu kimi yazmalıyıq, çünki qoyun quyruğunu əridib yağı gecə çölə qoysan, yağ donur, bununla da artıq havanın soyuması özünü göstərir. O biri alimlər isə quyruq doğdu deyərkən Ayın bir ucunun, yəni, quyruğunun səmada görünməsi ilə bağlayır. Bəlkə də bu göydə kometanın quyruğunun görünməsindən yaranmış frazeoloji ifadədir.
(Kompüterin ekranını tamamilə toz basdığından burdan o yana müəllifin nə yazdığı məlum deyil - Redaksiya).