Sorğu-sualsız bəlli olan gerçəklər

ABŞ-ın “Pew Research Center” sorğu mərkəzi dünyanın 37 ölkəsində prezident Vladimir Putinlə bağlı qlobal miqyaslı sorğu keçirib. Məlum olub ki, Rusiya xaricində Putinə etimad təxminən 25% həndəvərindədir.
Avropada bu göstərici ən aşağı – 19, Afrikada isə ən yüksək – 35%-dir. ABŞ-da əhalinin cəmi 23% Putinə etimad edir.
Təbii ki, nə Rusiya lideri, nə də Rusiya üçün bu, yaxşı nəticə deyil. Halbuki, öz ölkəsində Putinin reytinqi az qala, kəllə-çarxdadır – 80%.
Amma bir ölkənin təhlükəsizliyi, normal inkişafı, dünyaya inteqrasiyası onun liderinin öz ölkəsində yüksək etimad göstəricisi ilə ölçülməz.
Gərəkdir ki, beynəlxalq ictimai rəy də onu pozitiv dövlət başçısı kimi qəbul edə bilsin – yəni, dünya da ona inanıb etibar eləsin.
Əks halda, ən azından bu ölkəyə qarşı iqtisadi-biznes marağı daima aşağı səviyyədə olacaq, həmin ölkəyə iri xarici sərmayədarlar maraq göstərməyəcək, investisiyalar yatırılmayacaq. Beləcə, ölkənin iqtisadi təhlükəsizliyi sual altında qalacaq.
Necə ki, bu gün daxildə liderinə yüksək etimad olan Rusiya məhz belə bir problem yaşayır; ölkəyə kapital axmaq əvəzinə, son illər ölkədən sürətli kapital axını müşahidə edilir; dövlətin ehtiyat fondu “əriyib” gedib. Xarici investorlardan danışmağa isə dəyməz.
Bu da ən çox ABŞ və Avropa Birliyi ölkələrinin siyasəti hesabınadır – hansı ölkələrdə ki, Putinə etimadsızlıq, deyildiyi kimi, ən aşağıdır – 19 və 23%. Səbəblər bəlli.
Məsələ ondadır ki, müasir dünyada ölkə başçısının daha bir vəzifəsi öz xalqı ilə bahəm, beynəlxalq birliyin etimadına, rəğbətinə nail olmaqdır.
Söhbət ələlxüsus dünya iqtisadiyyatında böyük paya malik və qlobal sərmayənin əsasən cəmləşdiyi ABŞ və Avropa Birliyi ölkələri ilə münasibətlərdən gedir.
V.Putin isə tutaq ki, diktator Bəşər Əsədin Suriyasını dəstəkləyib, Ukraynanın Krımını, Gürcüstanın iki bölgəsini ilhaq edib ABŞ və Avropaya düşmən kəsilməklə ölkəsi adına, iqtisadiyyatı üçün nəyə nail oldu ki?
Heç nəyə. Ölkə yalnız reqress edib və bu gün də geriyə getməkdədir. Rusiya Qərbin qabaqcıl texnologiyaları və investisiyalarından, bazarlarından sürətlə uzaq düşməyə başlayıb.
Yüksək texnologiyalar əsrində bir dövlətin qabaqcıl dünyadan təcrid olunması ona baha başa gələ bilər. Necə ki, Şimali Koreyada əhalinin gündəlik qazancı heç 1 ABŞ dollarını da keçmir.
Söz düşmüşkən, bir rusiyalı politoloq bu günlərdə etiraf edib dedi ki, belə getsə, sanksiyalar üzündən turist və investisiya üzünə həsrət qalan Krım tezliklə xarabazarlığa çevriləcək...
Putinə qlobal miqyasda etimadsızlıqdan danışılır. Ancaq ona postsovet ölkələrində də etimad, yumşaq desək, yaxşı deyil – bu ölkələr sorğuda iştirak eləməsə belə.
Görünür, sorğu şirkəti buna ehtiyac duymayıb. Əslində düz edib. Çünki sorğu-sualsız da postsovet məkanındakı gerçəklər bəlli.
Aydındır ki, Rusiyanın “arxa bağça” saydığı Ukraynada, Gürcüstanda, Moldovada Kremlə və onun “əvəzolunmaz” liderinə etimadın olması mümkün deyil.
Bu sıraya şəksiz ki, Azərbaycan da aiddir – on illərdir həllini tapmayan Qarabağ dərdimizə görə. Bu problemin müstəsna olaraq, Rusiya tərəfindən körüklənməsinə görə.
Putinin cəmi bir həftəyə həll edə biləcəyi Dağlıq Qarabağ məsələsi əgər illərlə uzanırsa (Putin 2000-ci ildən hakimiyyət başındadır), işğalçı Ermənistan məhz Rusiya hesabına ayaqda saxlanılır və bəslənirsə, hətta Moskva və İrəvan işğal ortaqlarıdırsa, nəhayət, balaca Zəhraların qətli Putinin də vicdanına yazılırsa, Azərbaycan xalqında Kremlin hazırkı başçısına hüsn-rəğbət mümkünmü?
Odur ki, Azərbaycanda sorğu keçirilsəydi, qəti şəkk etmirik: Putinə etimad göstəricisi Avropadan qat-qat aşağı – 19%-dən xeyli aşağı olardı. O da elə təxminən burdakı SSRİ tərəfdarlarının sayına bərabər olardı.
Bizə isə rəhbərinə Azərbaycanda “5-ci kolon”çular qədər yox, əksəriyyətin rəğbət bəslədiyi Rusiya lazımdır. Ancaq bu, təbii ki, bizlik deyil. Zorla sevimliyə çevrilmirlər! Eyni qənaət siyasətçilərə də aiddir.